Ermənilərin törətdiyi və İbrahimbəyovun dəstəklədiyi cinayət - “Qafqaz triosu”nda
25 May 2018 15:54 SiyasətRüstəm İbrahimbəyovun "Qafqaz triosu" filmi cəmiyyətimizdə haqlı narazılıq - güclü ajiotaj doğurub. Bu da filmdə verilən mesajın qeyri-obyektiv olması və ədalətə əsaslanmaması ilə bağlıdır.
Ssenarist filmdə Sovet dövründə Qafqazdakı 3 xalqın - azərbaycanlıların, gürcülərin və ermənilərin dostluq şəraitində yaşaması və sonra onların ikisi (ermənilərlə azərbaycanlılar) arasında başlayan və İttifaqın dağılması ilə nəticələnən qarşıdurmalar və döyüşlər nəticəsində bu insanların dostdan düşmənə çevrildiyini göstərir. Bir neçə dostum timsalında. Bura qədər hər şey normaldır və tənqidə yer yoxdur. Lakin bir azərbaycanlı ssenaristin filmində real proseslərin və həqiqətin təhrif olunması anlaşılmazdır.
İbrahimbəyov əgər bu prosesin nədən, kimlər tərəfindən başladıldığını, bunun nəticəsinə kimin soyrıqıma, terrora, işğala məruz qaldığını göstərsəydi ədalətli olardı. Üstəlik, öz torpaqlarında ermənilərə yer vermiş, onlara dost, qonşu kimi həmişə hörmətlə yaşamış, qohumluq əlaqələri yaratmış bir xalqın həmin ermənilər tərəfindən necə xəyənətə məruz qaldığını da verə bilməyib, halbuki bu, inkarolunmaz tarixi faktdır.
Doğrudur, Bakı həmişə beynəlmiləl şəhər olub və burada müxtəlif xalqların nümayəndələri dostluq şəraitində birgə yaşayıblar. Həm də təkcə Bakı yox, bütün Azərbaycan. Lakin Yerevanda, Ermənistanda belə olmayıb. Evində, torpağında onlara yer vermiş bir xalqı, öz evindən, torpağından qovub, öldürən ermənilərin əməlləri filmdə işıqlandırılmır. Belə olan halda, hansı əsasla, hansı məntiqlə, hansı ədalətlə bu iki xalqı tərəzinin eyni gözünə qoymaq olar?
Filmdə nə texniki, nə də yaradıcı heyət arasında bir nəfər də olsun azərbaycanlı yoxdur. Süjetlərə baxanda elə başa düşülür ki, bu filmin ssenarisini hansısa yapon, ya da yeni zellandiyalı yazıb, bu mövzudan xəbəri yoxdur. İbrahimbəyov axı çox yaxşı bilir nə nədir, necədir? Bəs niyə onu narahat edən bu problemin kimlərin ucbatından yarandığını, kimlərin daha çox zərər çəkdiyini göstərə bilmir? Kimdən qorxur?
Kosmopolit olmaq da olar, amma ədalətini, obyektivliyini itirməmək şərtilə, həqiqəti təhrif etməmək şərtilə. Adam erməni rejissorların çəkdiyi filmlərə baxıb utanardı heç olmasa. Onlar olmayanı olmuş kimi göstərir, dünyada öz təbliğatlarını aparır, bizi vəhşi kimi qələmə verir, bizimkilər isə nəyinki olanı da verə bilmirlər, hətta özümüzü vəhşi adlandırırlar.
Rüstəm İbrahimbəyov ssenarisini yazdığı bu filmdə azərbaycanlıları vəhşi, savadsız, tərbiyəsiz, yekəxana kimi göstərir, erməniləri isə mədəni, intellektual, mərd və səmimi insanlar kimi təqdim edir. Halbuki, tam tərsinə olduğu dəqiq faktdır və bunu inkar edə biləcək heç bir şəxs, dəlil, sübut ola bilməz. Bu "Qafqaz triosu" deyil, Qafqaz cinayətidir- ermənilərin törətdiyi və İbrahimbəyovun dəstəklədiyi cinayət.
Filmdə belə bir fikir aşılanır ki, ermənilərlə azərbaycanlıların arasındakı problemin əsas bizim ermənilərə nifrət etməyimizlə bağlı olub. Halbuki, 80-ci illərin sonlarındakı vəziyyəti hamımız görmüşük, yaşamışıq. Rüstəm bəy kimi aldatmağa çalışır ki?
İbrahimbəyovun həsrətini çəkdiyi mühiti ermənilər məvh etdi, indi onların günahını başqa günahsızların üstünə niyə qoyur ki? Onun erməni dostları çoxdur, niyə onlara deyə bilmir ki, siz də çəkdiyiniz filmdə mən etdiyim kimi edin? Deyə bilməz, desə də heç kim bunu etməz. Öz xalqını düşmənin ayağına verən ancaq bizdən çıxar, ermənidən beləsi çıxmaz.
İbrahimbəyovun filmini ancaq onunla müqayisə etmək olar ki, bu adam özü 1941-ci ildə SSRİ-yə hücum etmiş, 25 milyon insanı qətlə yetirmiş faşistləri tərifləyən, zülmə məruz qalan Sovet xalqlarını isə cinayətkar kimi göstərən bir film çəkə. Görək çəkə bilərmi? Adamı dərhal həbs edərlər, bütün titullarına, fəxri adlarına tüpürərlər.
Bəs biz niyə erməni faşizminə bəraət qazandıran, zülmə, terrora məruz qalan xalqımızı isə vəhşi kimi göstərən bu "azərbaycan"lıya layiq olduğu dərsi vermirik?
Biz çox humanist və bağışlayan xalqıq. Ən qatı düşmənimizə də belə yanaşmışıq həmişə. Ona görə də, İbrahimbəyovu cəzalandırmayacağıq, sadəcə üzünə tüpürməyi və bu xalqın çörəyi sənə haram olsun deməyi kifayət biləcəyik. Qanan adama üçün ən ağır cəza da budur.
azadinform.az