Azərbaycan rəhbərliyinin humanizm prinsipi
25 May 2018 14:54 SiyasətVə yüzlərlə ailəyə bəsş edilən bayram sevinci
Azərbaycan Respublikası demokratik hüquqi cəmiyyətin bir üzvü olaraq daim insan hüquq və azadlıqlarına, insan haqlarına xüsusi önəm verərək bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atıb. Müstəqilliyin ilk illərindən bu istiqamətdə olan qanunvericlik bazasının təkmilləşdirilməsi, insan hüquq və azadlıqları ilə bağlı məsələdə yeni yanaşmanın ortaya qoyulması beynəlxalq aləm tərəfindən də təqdir olunub, müsbət qarşılanıb. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqları məsələsində humanizm prinsipləri hər zaman əsas prioritet götürülüb. Bunu ötən illər ərzində imzalanmış əfv sərəncamları bir daha təsdiq edir. Ötən illər ərzində imzalanan əfv sərəncamları zaman baxımından da mühüm əhəmiyyət kəsb edib. Belə ki, Azərbaycan Prezidenti tərəfindən bir qayda olaraq əfv sərəncamları xalqımız, millətimiz üçün ən əziz bayramlar ərəfəsində imzalanıb ki, bu da yüzlərlə, minlərlə ailəyə əlavə sevinc, ikiqat bayram əhval-ruhiyyəsi bəxş edib.
Məlum olduğu kimi ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha bir əfv sərəncamı imzalanıb. Dövlət başçısının "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncamı ümumilikdə 634 nəfərə şamil edilib.
Sərəncama əsasən, 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.
Qeyd edək ki, əfv siyahısında 15 qadının da adı var. Sərəncamda diqqət çəkən digər maraqlı məqam əfvə düşənlər arasında xatici ölkə vətəndaşlarının da olmasıdır. Belə ki, prezident sərəncamına əsasən əfv edilən 39 nəfər xarici vətəndaşın 11-i Gürcüstan, 4-ü Rusiya, 5-i Çin, 4-ü İran, 3-ü Türkiyə, 3-ü Banqladeş, 2-i Türkmənistan, 2-i Qazaxıstan, və hər birində 1 nəfər olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan və Ukrayna Respublikasının vətəndaşlarıdır.
Azərbaycan Prezidentinin imzalamış olduğu son əfv sərəncamı bir neçə məqamı ilə diqqət çəkir və mühüm əhəmiyyət kəsb edir. İlk növbədə sərəncam Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi ərəfəsinə təsadüf edir ki. bu bir tərəfdən müstəqil Azərbaycanın, onun rəhbərliyinin, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinə vermiş olduğu önəmi, dəyəri özündə ehtiva edir. Təsadüfi deyil ki, həm ümummilli lider Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dəfələrlə demişdir ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu mənada Prezidentin imzalamış olduğu əfv sərəncamı da AXC-nin hüquqi varisinin öz vətəndaşlarına verdiyi dəyər, eyni zamanda insan hüquq və azadlıqlarına olan diqqətdir. Eyni zamanda humanizm prinsiplərinin başlıca göstəricisidir. Bu həm də yüzlərlə ailəyə Azərbaycan Prezidentinin AXC-nin 100 illiyi ərəfəsində verdiyi bayram hədiyyəsidir.
Dövlət başçısının imzalamış olduğu əfv sərəncamının digər bir mühüm cəhəti müntəzəm olaraq bizə, dövlətimizə əsassız olaraq irad tutulan və siyasi mənsubiyyətinə görə həbs edildiyi iddia olunan şəxslərin də həmin siyahıda yer almasıdır. Məlum olduğu kimi 10-a siyasi mənsubiyyətinə görə, həbs edildiyi iddia olunan şəxs dövlət başçısı tərəfindən əfv edilib. Əfv sərəncamına həmin şəxslərin də adının salınması Azərbaycana yersiz irad bildirən bəzi xarici dairələrin əsassız arqumentlərinin qarşısının alınması deməkdir. Düzdür, Azərbaycanı ləkələmək istəyən, onun inkişafını gözü götürməyən qüvvələr, yenə də Bakıya qarşı bəhanələr tapıb onu hədəfə alacaqlar. Ancaq ümumilikdə bu addım və siyasi mənsubiyyətinə görə həbs edildiyi iddia olunan şəxslərin əfv edilməsi həmin bəhanələrin minimuma endirilməsi deməkdir.
Nəhayət, dövlət başçısının əfv sərəncamına humanizm prinsiplərindən yanaşaq. Azərbaycan Prezidentinin 15 illik dövlət başçısı kimi fəaliyyəti dövrünə nəzər yetirsək görərik ki, İlham Əliyevin bu illər ərzində imzaladığı onlarla əfv sərəncamları ilə minlərlə şəxs azadlığa buraxılıb. Bu da öz-özlüyündə dövlət başçısının humanizm prinsiplərinə nə dərəcədə önəm verdiyini bir daha ortaya qoyur. Bir məqamı xüsusi qeyd edək ki, təkcə əfv sərəncamları ilə deyil, eləcə də digər addımları ilə Azərbaycan Prezidenti humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Elə Azərbaycanın qanunvericiliyini və sərhədlərini pozaraq işğal altında olan Dağlıq Qarabağ qanunsuz səfər edən blogger Aleksandr Lapşinin keçən il azadlığa buraxılması da məhz Azərbaycan rəhbərliyinin humanistliyinin əyani sübutu idi. Yaxud millətinə, xalqına qarşı barışmaz mövqe tutan, ermənilərlə açıq-aşkar bazarlığa gedən Leyla Yunusun həbsdən azad edilməsi də Azərbaycan rəhbərliyi tərəfindən humanizm prinsiplərinin ən yüksək səviyyədə qorunduğunu ortaya qoyur. Baxmayaraq ki, bir çox hallarda ayrı-ayrı şəxslər, elə yunuslar, lapşinlər və s. bu humanizmdən yararlandıqdan sonra yenidən öz qanunsuz əməllərini davam etdirirlər, lakin buna baxmayaraq Azərbaycan dövləti və onun rəhbərliyi hər zaman qeyd edilən prinsipə sadiqlik nümayiş etdirir.
Süleyman