Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransı keçirilir

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etmək məqsədi ilə Fransanın Paris şəhərində rəsmi səfərdədir.

"OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov, Beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Bakı Dövlət Universitetinin SABAH qruplarının III kurs tələbəsi Nigar Hüseynova daxildir.

Konfransda üzv ölkələr arasında ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi, mümkün çağırışların aydınlaşdırılması və qarşılıqlı dialoqun gücləndirilməsi məqsədi ilə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizin 2005-ci ildə qoşulduğu Bolonya prosesi çərçivəsində təhsil sahəsində aparılan islahatlar, onların müsbət nəticələri haqqında məlumat verib, o cümlədən Azərbaycan-Fransız Universiteti timsalında həyata keçirilən ikili diplom proqramını xüsusilə vurğulayıb. Eyni zamanda Firudin Qurbanov "EXPO-2025" çərçivəsində ölkəmizin irəli sürdüyü insan kapitalı mövzusuna diqqəti cəlb edib və ölkələri Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Parisdə Heydər Əliyev Fondunun və   Azərbaycanın Fransadakı səfirliyinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş tədbirdə iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31