“AXC ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilmədi”
24 May 2018 15:51 SiyasətAHİK-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar geniş iclas keçirilib. Tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. AHİK sədri qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin mərhələdə belə demokratik ideallardan geri çəkilməmiş, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini istiqamətində qətiyyətli addımlar atmışdır. Belə bir dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiq edir: "Hazırda isə Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir". S.Möhbalıyev bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Cəmi iki ilə yaxın yaşamış AXC dövlət quruculuğu sahəsində tariximizdə silinməz izlər buraxmış, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya reJimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil: "Bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli sərəncamı və 2018-ci ili Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi oldu. Sözsüz ki, bu çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Dövlətçilik tariximizə etibarın bariz nümunəsi olaraq göstərildi. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir". Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb. Ulu öndər Heydər Əliyev AXC-nin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmış, ilk respublika dövründə həyata keçirilən müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Prezident İlham Əliyev AXC-nin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirmiş, müsəlman Şərqində ilk parlament respublikası kimi xalqımızın qədim dövlətçilik ənənələrini yaratdığını, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduğunu qeyd etmişdir: "Belə təsisatlardan biri hələ XX əsrin əvvəllərində Azərbaycan fəhlələrinin uğrunda mübarizə apardıqları həmkarlar ittifaqı birlikləri idi. Azərbaycanın tarixi taleyinin həll olunması yolunda ayağa qalxıb öz dövlətini qurmaq istəyənlər arasında fəhlələrin də rolu vardı. Artıq oxşar istehsal sahələri fəhlələrinin həmkarlar ittifaqı təşkilatları birləşərək üzvlərinin sayını 80 min nəfərə çatdırmışdı. AXC yaranan gündən vətəndaşlara demokratik haqq və özgürlüklərin təminatına görə dövrünün bir çox ölkələrini geridə qoyurdu. 100 il əvvəl, 1918-ci ilin mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə çətin tarixi vəzifə götürdü. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Həsəy bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. 28 may 1918-ci il tarixində qəbul edilən ilk normativ hüququ akt 25 nəfərin daxil olduğu Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən "Azərbaycanın İstiqlalı haqqında" Bəyannamə idi. İstiqlal Bəyannaməsi türk-müsəlman dünyasında və Şərqdə - ilk dəfə Azərbaycanda demokratik respublika yaradılmasından xəbər verdi. Artıq mayın 30-da Milli Şura Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə tapşırdı. Dekabrın 7-də Parlamentin ilk iclası oldu. Ə.Topçubaşov Parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, M.Hacinski baş katib seçildilər.Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Demokratik, hüquqi dövlət yaradan AXC hakimiyyəti qanunların aliliyini təmin etməyi ən ümdə vəzifələrdən biri hesab edirdi. Qısa vaxtda ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli dəyərlərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Alim