ABŞ-Rusiya gərginliyi fonunda Azərbaycanın regional nüfuzu artır
24 May 2018 13:51 SiyasətBirləşmiş Ştatlarla Rusiya arasında mübarizə indi bütün istiqamətlərdə, sahələrdə davam edir. Hər ötən gün dünyanın iki güc mərkəzi arasında artan ziddiyyətlər həm Vaşinqton, həm də Moskvanın dostları, yaxın müttəfiq və stratreji tərəfdaşlarına da təsirsiz ötüşmür. İstər hərbi, istər siyasi. Istərsə də iqtisadi sahədə artan rəqabət fonunda Birləşmiş Ştatlar və Rusiyanın müttəfiqləri üçün daha gərgin durum yaranır. Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda bunu aydın görmək mümkündür. Yaxud Moskva ilə uzun illər bir sırada qərarlaşan ölkələrin anidən Qərbə, Birləşmiş Ştatlara meyillənməsinin Kreml tərəfindən cəzasız qalmadığı da aydın görünür. Hər halda biz bunun ən bariz nümunəsi olaraq işğalçı Ermənistanda son aylar yaşanan proseslər fonunda gördük. Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan dolayı onsuz da ağır olan ölkəsinin iqtisadi durumunun daha da pisləşdiyini görən sabiq Ermənistan prezidenti Serj Sərkisyan İrəvanın üzünü Qərbə doğru çevirsə də, lakin Rusiyaya xəyanət ona baha başa gəldi və qısa zaman ərzində Sərkisyan uzun illər zəbt etmiş olduğu hakimiyyət kreslosu ilə vidalaşmalı oldu.
Qeyd etmək lazımdır ki, Birləşmiş .Ştatlarla Rusiya arasında yaşanan problemlər Vaşinqton və Moskvanın dostlarına daha çox istisadi sahədə təsir göstərir. Və bu günlərdə okeanın o tayından yayılan narahatçılıq dolu mesajlar Vaşinqton-Moskva münasibətlərinin hələ uzun müddət gərgin qalacağı, hətta bu gərginliyin iqtisadi problemlərlə yanaşı, qlobal əhəmiyyətli enerji layihələrinə də təsir göstərəcəyi bildirilir. Hər halda Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun son açıqlamsı belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki,
Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bu günlərdə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi üzvləri qarşsısında çıxış edərkən Rusiyanın yeni "Şimal axını-2" layihəsini tənqid edib. Bəllidir ki, adı çəkilən boru xətti ilə Rusiya qazı yeni bir istiqamətlə Avropaya çatdırılmalıdır. Rusiyaya qarşı Qərbin sanksiyalarına baxmayaraq, bu boru xəttinin çəkilişində maraqlı olan əsas Avropa dövləti Almaniyadır. Bu ölkənin kansleri Angella Merkel bugünlərdə Soçiyə gedərək Vladimir Putinlə görüşüb və haqqında danışılan layihənin icrasını da müzakirə edib. Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Mayk Pompeo "Şimal axını-2" layihəsini və Avropanın Rusiyanın qaz asılılığından artmasını tənqid edərkən köhnə qitə üçün alternativ yol göstərib: "Avropa Birliyi ölkələri başqa mənbələrə müraciət etməli, Qafqaz üzərindən qaz almalıdırlar".
Heş şübhəsiz Amerikanın dövlət katibi Qafqaz deyərkən Azərbaycan qazını və bu qazı Avropaya çatdırmağı planlaşdıran TAP boru xəttinə eyham vurub. Politoloqun sözlərinə görə, bu bizim üçün yaxşıdır ki, Vaşinqton əvvəlkitək Azərbaycanın enerji resurslarının Avropaya çatdırılması layihələrini dəstəkləyir: "Ancaq məsələnin başqa tərəfi də var. Pompeonun Avropaya ünvanladığı "Rusiya qazından asılılığınızı azaldın, Azərbaycan qazına diqqəti artırın" ibarəsi Moskvada bəlli dairələrin xoşuna gəlməyəcək. Bunu illərdir yazıram ki, Rusiya sözdə Azərbaycanı tərəfdaş dövlət adlandırsa da, qazımızın Avropaya çatdırılmasına müxtəlif yollarla mane olmağa çalışır.
Birincisi, çalışır ki, Rusiya qazı "Türk axını" xətti vasitəsilə daha tez Türkiyə üzərindən Cənubi Avropaya (bəllidir ki, TAP-ın da marşrutu təxminən eynidir) çatdırılsın. İkincisi, illərdir bəzi Cənubi Avropa ölkələrində azsaylı qrupların iştirakı ilə "ekologiyanı qoruyaq" bəhanəsi ilə TAP layihəsinə qarşı etirazlar təşkil edir. Halbuki, "ekologiyanı qoruyaq" şüarları altında "Şimal axını" layihəsinə etiraz edən qrurplar haqqında eşitməmişik. Üçüncüsü, Xəzərin statusunun müəyyənləşməsini uzadır ki, Xəzərin dibi ilə boru xətti çəkilməsin ki, Türkmənistan qazı da Azərbaycan və Türkiyə üzərindən Cənubi Avropaya çatdırılmasın.
Sonra da sual etməyək ki, nədən Rusiya Dağlıq Qarabağ müanqişəsinin ədalətli həllində maraqlı deyil? Niyə maraqlı olsun ki? Moskvada Azərbaycana Amerikanın tərəfdaşı və qaz bazarındakı rəqibi kimi yanaşırlar. Dağlıq Qarabağ münaqişəsinin həllini də ona görə sürətləndirmirlər ki, rəqibi əsas problemindən qurtulmasın, çünki qurtulsa daha da güclənəcək, bu isə Moskvaya lazım deyil".
Göründüyü qədər Birləşmiş Ştatlar Rusiya gərginliyi fonunda Azərbaycanın Cənubi Qafqaz regionunda rolu və nüfuzu artır. Hər halda Birləşmiş Ştatların dövlət katibinin son açıqlamasının timsalında buniu görmək mümkündür.
Məhəmməd