Öz xalqına dönük çıxmaqla “Nobel” mükafatı almaq istəyi
Rusiyanın Milli Şura adlanan layihəsində yer alan, kinorejissor Rüstəm İbrahimbəyov yenə öz ampluasındadır. Təbii ki, hər dəfə olduğu kimi yenə də ermənipərəsət mövqeyi, erməni sevgisi ilə. Məlum olduğu kimi, İbrahimbəyovun ssenari müəllifliyi ilə Cənubi Qafqazın üç ölkəsi, Azərbaycan, Gürcüstan və Ermənistan barədə film çəkilib. Filmdə nə qədər qəribə və təəssüfedici də olsa Azərbaycan xalqı qaniçən, zalım, ermənilər isə məzlum, fağır kimi qələmə verilir.
24 May 2018 12:03 SiyasətRusiyanın Milli Şura adlanan layihəsində yer alan, kinorejissor Rüstəm İbrahimbəyov yenə öz ampluasındadır. Təbii ki, hər dəfə olduğu kimi yenə də ermənipərəsət mövqeyi, erməni sevgisi ilə. Məlum olduğu kimi, İbrahimbəyovun ssenari müəllifliyi ilə Cənubi Qafqazın üç ölkəsi, Azərbaycan, Gürcüstan və Ermənistan barədə film çəkilib. Filmdə nə qədər qəribə və təəssüfedici də olsa Azərbaycan xalqı qaniçən, zalım, ermənilər isə məzlum, fağır kimi qələmə verilir.
Rüstəm İbrahimbəyovun ortaya qoyduğu ermənipərəst mövqe və Azərbaycanı, Azərbaycan xalqını aşağılamaq cəhdi cəmiyyətin bütün təbəqələri tərəfindən kəskin etirazla qarşılanıb. Hətta müxalif düşərgədə təmsil olunan bir sıra partiya təmsilçiləri də kinorejissorun bu addımını milli maraqlara zidd və erməni dəyirmanına su tökmək cəhdi kimi qiymətləndiriblər.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, Rüstəm İbrahimbəyovun bu kimi antimilli hərəkətləri Azərbaycanı sevməyən qüvvələrdən qrant qoparmağa hesablanıb: "Rüstəm Ibrahimbəyovun çəkdiyi film ciddi müzakirə olunur. Təsadüfi heç nə yoxdur. O zaman da prezidentlik eşqinə düşməsinin səbəbi barədə danışanda demişdim ki, bunun davası qarın davasıdır. Əks halda, nədən qəflətən xalq yadına düşdü, Yeni Azərbaycan Partiyasının "qüsurlarını" görməyə başladı? Müxalifətə simpatiyası İlham Əliyevdən qisas almaq, sahibi Vladimir Putinin əlinə oynamaq istəyindən yaranmışdı. Məsələ ilə bağlı danışmağa mənəvi haqqım var. O dövrdə az adamlardan idim ki, Rüstəm İbrahimbəyovun, bütövlükdə Milli Şuranın üzərinə gedirdim. Çətin idi. Amma bilirdim ki, Putinin planına ayaq vermək olmaz. Baş tutmadı o proje. Nəyə təəccüb edirik ki? Öz mədəsi üçün yaşayan, obyektlərini işə salmaq üçün başqasının aləti olmağa müntəzirin, ölkəni təslim etməkdən ötrü əldən gedən birisinin belə ssenarisinə nədən təəccüb edirik?" Əli Əliyev qeyd edib ki, onu vasitə kimi başına çıxaran müxalifət kəsiminin də günahı az deyil: "Bir sözlə, Rüstəm İbrahimbəyov nümunəsi bir daha göstərir ki, kosmopolitizm təhlükəli ünsürdür. Belələrinə səlahiyyət vermək olmaz. Nə yazıqlar ki belələri çoxdur. Yalları kəsilən kimi nəinki sahibinə, bütün dəyərlərə də şıllaq atarlar. Sonda bir təklifim var. Hakimiyyət axır vaxtlar özünə qarşı kobud davrananlara inkvizisiya tətbiq edərək, yaxın şəxslərin asilərdən ictimai şəkildə imtinasını təşkil edir. Analoqu olmayan bu aksiya adi praktika kimi qəbul etdirilir. Hərçənd ki, bu qeyri-insani davranış nəinki cəmiyyətə, hətta Allaha da acıq gedir. Bu praktika dünyada Şimali Koreyada istifadə edilir. Rüstəm İbrahimbəyov xarici işlər naziri Elmar Məmmədyarovun yaxın qohumudur. Təkcə iqtidara deyil, bütövlükdə millət və dövləti aşağılamış, bizimlə düşmənçilik edən tərəfə qulluq mövqeyindən çıxış etmiş nankor ssenaristdən nazirimiz imtina etsin. Bununla cəmiyyət iqtidarın dövləti maraqlarla şəxsi maraqları arasında bərabərlik işarəsinin olduğundan xətircam olar".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə kinorejissorun bu addımını kəskin tənqid edib. O, bildirib ki, Rüstəm İbrahimbəyov, 2013-cü ildə Rusiya ayısının üstündə Azərbaycanda prezident seçkilərində iştirak etmək üçün siyasətə baş vurdu: "Siyasət dəryaçasına baş vurub tullanaraq, erməni sevgisi ilə düşünən kəlləsi yekə bir daşa dəyərək əzildi və geri çəkildi. Azərbaycana qarşı təxribatlarına ara verməyən "kinorejissor" "Qafqaz üçlüyü" filmi ilə görünür, millətinə dönük çıxmaqla "Nobel" almaq eşqinə düşüb. Öz ölkəsinin sərvətləri nəticəsində formalaşan "Nobeli" almaq üçün öz ölkəsini, xalqını aşağılamaqla, işğalçı və xalqımıza düşmən kimi baxan erməniləri öz filmində müsbət obrazda təqdim edtməsi nədir? Bu, mənsub olduğu xalqı aşağılamaqdır. Görünür, İbrahimbəyov da çəkdiyi filmi ilə ermənilərin rəğbətini qazanaraq, özünə Yerevanda heykəl ucaltırmaq fikrindədir". Məhəmməd Əsədullazadə deyir ki, Türkiyənin utancı olan Orxan Pamuk olmaq istəyən bu diledant Azərbaycan xalqına ən böyük zərbəni vurmuş oldu: "Görəsən, niyə Rüstəm İbrahimbəyov Xocalı və Qarabağ haqqında reallığı əks etdirən filmlər çəkmir? Axı, bu reallığı ekrana göçürməklə öz millətinə xidmət etmiş olardı. Həqiqət hissini itirmiş Azərbaycanın utancı olan Əkrəm Əylislidən sonra, bu ermənisevər İbrahimbəyov mənsub olduğu xalqa hansı hesabatı verəcək? Onun Azərbaycan torpağında dəfn olunması belə qəbuledilməzdi. Çünki, o, xalqına ermənilər qədər zərbələr vurmuş oldu.
Hollandiyada fəal diaspor üzvü Elxan Mirhəşimli isə deyib ki, Rüstəm Ibrahimbəyovun ssenarisi əsasında hazırlanan "Qafqaz üçlüyü" filimində Azərbaycan xalqının qəddar, yaramaz, zülmkar, ermənilərin isə humanitar, alicənab kimi təqdim edilməsi Azərbaycan millətinə, dəyərlərinə xəyanətdir: "Keçən seçkilərdə Milli Şura bu xəyanətkarı ölkəmizə Prezident seçmək istəyirdi, Rüstəm İbrahimbəyov müxalifəti də aldatdı. Utancverici bir haldır. Tanınmış bir insanın son 100 ildə ermənilərin, rusların biz türklərə etdikləri zülmü görməzdən gəlməsi xəyanətdir. Yaxşı olardi ki, Rüstəm Ibrahimbəyov Türk xalqının ermənilər, ruslar tərəfindən soyqrıma məruz qalmasına ssenari yazıb filim şəkərdi. 20 faiz torpaqlarımızın işğalından, 1 milyon qacqin və məcburi köçkünümüzün problemini dünyaya çatdırardış Öz vətəninə, xalqına bu qədər nifrətin nədən qaynaqlandığını anlamıram".
Millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, Rüstəm İbrahimbəyov bir daha özünün iç dünyasını göstərdi və Azərbaycana öz həqiqi münasibətini ortaya qoydu: "Çəkdiyi "Qafqaz üçlüyü" filmində onu böyüdən və dəstək verən Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, torpaqlarımızı işğal edən və başımıza Xocalı faciəsini gətirən ermənilər isə alicənab, sülhsevər, "vəhşi türkün qurbanı" kimi təqdim edib". Millət vəkili deyib ki, onun öz doğma xalqına nifrətinin səbəbləri bilinmir, ancaq o bu yoldan əl çəkmək istəmir: "Bu nifrət və küdurətlə o hətta Azərbaycana prezident də olmaq istəyirdi. Yəqin ki, onun bu vəzifədə ilk addımı ölkəmizin və xalqımızın adının dəyişdiriliməsi olacaqdı. Vaxtı ilə Rüstəm İbrahimbəyovu özünə lider seçən siyasi müxaliflərdən cavab gözləyirəm: Sizin də bir zaman ortaya qoyacağınız "Qafqaz üçlüyünüz" var?"
Süleyman
olaylar.az