Rüstəm İbrahimbəyovun öz kökünə sapladığı baltanı kim çıxaracaq?!
24 May 2018 11:49 Siyasətİndi də milli hisslərimizlə Rüstəm İbrahimbəyov oynamağa başlayıb. 2015-ci ildə onun ssenarisi əsasında çəkilmiş "Qafqaz üçlüyü" filmi (rejissorları Eldar Şengelaya, Fuad İbrahimbəyovdur) qarşısına qədim tarixə, böyük mədəniyyətə malik Azərbaycan xalqını təhqir etmək məqsədi qoymuşdur. Filmdə Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazı yaradılmışdır. Ermənilər isə, əksinə, alicənab, sülhsevər, "vəhşi türkün qurbanı" kimi təqdim olunur.
Əli qələm tutan, Moskva kimi böyük bir şəhərdə millətini, təmsil etdiyi ölkəni ən yaxşı formada təqdim etmək imkanı olan bir azərbaycanlının öz köklərini bu cür baltalamasına nə ad vermək olar? Bu, milli xəyanətkarlıqdan başqa bir şey deyil. Ona görə də hesab edirəm ki, Rüstəm İbrahimbəyovun öz millətinə qarşı bu qədər ağır ittihamlar səsləndirməsinə ən layiqli cavabı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov vermişdir: O, özünün "Facebook" səhifəsində ssenari müəllifi Rüstəm İbrahimbəyov olan "Qafqaz üçlüyü" filmi ilə bağlı yazıb: "Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"ə münasibət bildirsin".
Ə.Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib.
Qısaca da olsa xatırladaq ki, filmdə azərbaycanlı uşağın qorxaq, erməni uşağın isə mərd, güclü, təmənnasız və geniş ürəkli obrazı yaradılmışdır. Azərbaycanda yaşayan erməni əsilli bir şəxs kənd uşaqları tərəfindən quyuya atılaraq daşa basılır. Bunda əsas məqsəd, təbii ki, "vəhşi azərbaycanlının" "dinc erməniyə" qarşı qəddarlığını göstərməkdir. Bundan sonra isə oğlunun ardınca Azərbaycana gələn qoca erməninin hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən döyülməsi ilə bağlı səhnə quraşdırılmışdır. Bu cür addımların Moskvada və dünyada azərbaycanlı kimi tanınan, bir müddət əvvəl Azərbaycan prezidenti seçkilərində namizəd olaraq iştirak etmək iddiasında olmuş Rüstəm İbrahimbəyov tərəfindən atılması adamda ikrah hissi doğurur. Görünür, Rüstəm İbrahimbəyov Moskvada ermənilərlə o qədər dostlaşıb ki, 1918-ci ildə Azərbaycanın tarixi torpaqlarının bir hissəsində Ermənistan adlı dövlət yaradıldığını, həmin dövrdə bu ərazilərimizdə azərbaycanlılara qarşı divan tutulduğunu, 1948-53-cü illərdə millətimizin Ermənistandan kütləvi şəkildə deportasiya olunduğunu, 1988-ci ildən bəri Qarabağı və daha 7 rayonumuzun ermənilər tərəfindən işğal olunduğunu, nəhayət, bu gün azərbaycanlısız Ermənistan yaradıldığını unudub. Ya da bütün bunlar Rüstəm İbrahimbəyov üçün əhəmiyyətsiz məsələdir. Əsas məsələ ermənilərin hüquqlarını qorumaq sayəsində ekspert kimi tanınmaqdır.
Bəs bu halda Azərbaycanın kəndində "ermənini quyuya atan" uşağın adının Pirvəli, yaxud Rüstəm İbrahimbəyov olmasının bir fərqi varmı? Əlbəttə, yox. Bəs adam erməni dostlarının xətrinə öz kökünü belə baltalayarmı?! Yaxşı, Rüstəm müəllim kimi məşhur bir azərbaycanlı öz kökünü bu qədər qəddarcasına baltalayandan sonra heç düşünmədimi ki, bu baltanı bu kökdən kim çıxaracaq?! Axı ermənilərə də elə bu lazımdır. Buyurun, görürsünüzmü, azərbaycanlının özü milləti haqqında bunları yazır! Bundan sonra Rüstəm İbrahimbəyov Azərbaycana hansı üzlə qayıdacaq?!
Paşa ƏMİRCANOV,
"Xalq qəzeti"