Roma papasından daha artıq katolik - Yaxud ermənidən daha çox ermənilik edən Rüstəm İbrahimbəyov

Son vaxtlar nə qədər təəccüblü və təəssüflü olsa da, müxtəlif ölkələr, ayrı-ayrı fərdlər, hətta bəzi  beynəlxalq təşkilatlarda belə aşırı dərəcədə erməni sevgisi özünü büruzə verir. Əsassız və qeyri-obyektiv, ədalət prinsiplərindən kənara çıxılaraq ermənilərin maraqları üstün tutulur, Ermənistanın himayə etdiyi separatçı Dağlıq Qarabağ rejimini beynəlxalq səviyyələrdə qəbul etmək cəhdi edilir, hətta bu istiqamətdə konkret addımlar da atılır. Hər halda bir müddət əvvəl separatçı rejim rəhbərliyinin Birləşmiş Ştatlara səfər edərək Senatda görüşlər keçirməsi, ardınca separatçıların Parisdə qəbul olunması, indi isə şimal qonşumuzdan separatçıların maraqlarına xidmət edən təşəbbüslərin səslənməsi açıq-aşkar müşahidə edilən erməni sevgisinin bariz nümunəsidir.

İşğalçı ölkələrin maraqlarına xidmət edən bu cür davranışlar təəssüflər olsun ki, bəzi "həmvətənlərimiz" tərəfindən də müşahidə edilir. Söhbət zaman-zaman bir neçə cəbhə dəyişən, hər cəbhədə də uğursuzluğa düçar olub oyundankənar vəziyyətə düşən Rüstəm İbrahimbəyovdan gedir. Daha doğrusu ssenari müəllifi Rüstəm İbrahimbəyov və onun oğlu Fuad İbrahimbəyov, eləcə də Eldar Şengelayanın olduğu 2015-ci ildə çəkilən "Qafqaz üçlüyü" adlı filmdən gedir. Filmdə Qafqazın üç ölkəsi. Azərbaycan, Gürcüstan və Ermənistandan bəhs edilir. Nə qədər qəribə olsa da Rüstəm İbrahimbəyov sözügedən filmdə Azərbaycan xalqını vəhşi, qəddar, mədəniyyətsiz, erməniləri isə alicənab, sülhsevər, vəhşi türkün qurbanı kimi göstərilir. İbrahimbəyovun açıq-aşkar öz xalqına qarşı nifrət hissini ortaya qoyduğu bu film haqlı olaraq Azərbaycan cəmiyyətində, onun bütün təbəqələrində kəskin etirazla qarşılanıb və kinorejissorun erməni maraqlarına xidmət edən mövqe ortaya qoyması kəskin tənqid olunub.

Yeni Azərbaycan Partiyasının üzvü Aygün Osmanova deyib ki, Rüstəm İbrahimbəyov sözügedən filmi ilə bir daha öz xalqına nə qədər nifrət etdiyini açıq-aşkar ortaya qoyub. Onun sözlərinə görə, əslində kinorejissorun belə bir mövqe ortaya qoyması da gözlənilən idi: "Çünki 2013-cü ildən etibarən Rüstəm İbrahimbəyovda antiAzərbaycan hissləri özünü daha qabarıq şəkildə vüruzə verməyə başlamışdı. Xatirinizdədirsə, o zaman prezident seçkilərində Rüstəm İbrahimbəyovu Rusiyanın layihəsi olan Milli Şuranın namizədi kimi cəmiyyətə sırımaq istəyirdilər. Lakin kinorejissorun Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilməməsi, ona xalq tərəfindən istənilən dəstəyin verilməməsi sonda Rusiyanı həmin layihəni yarımçıq saxlamaq məcburiyyətində qoydu.  Və bununla da Rüstəm İbrahimbəyovda xalqa qarşı olan nifrət hissi daha da artdı. Elə onun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmi də məhz bu nifrətin nəticəsi olaraq çəkilib". Aygün Osmanova deyib ki, Rüstəm İbrahimbəyov ədalətli, obyektiv biri olsaydı ssenari müəllifi olduğu filmdə ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdiyi vəhşiliklərdən, ən azı yaxın tariximizdə baş verən Xocalı soyqırımından da bəhs edər, ermənilərin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsini xatırladardı: "Ancaq Rüstəm İbrahimbəyov bunların heç birindən bəhs etmir. Və filmdə maksimum dərəcədə ermənilərin məzlim, yazıq, azərbaycanlıların isə qaniçən, qəddar olduğu sərgilənir. Mən deyərdim ki, Rüstəm İbrahimbəyov sözügedən filmi ilə Roma papasından daha artıq katolik, yəni ermənidən daha çox erməni olmağı "böyük ustalıqla" bacarıb. Hesab edirəm ki, Əkrəm Əylislinin "Daş yuxular" romanından sonra erməni maraqlarına xidmət edən ikinci bir addım məhz Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmidir". Aygün Osmanova qeyd edib ki, əslində bütün bunlar erməni lobbisinin, işğalçı ölkənin maraqlarına xidmət edən ayrı-ayrı xarici dairələrin layihəsidir və Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, eləcə də bu kimi adını ziyalı qoyub, lakin ziyalılıqdan heç bir əsər-əlaməti olmayanlar da həmin layihələrdə maddi maraq qarşılığında iştirakçı olan antimilli ünsürlərdir. Hakim partiya rəsmisi bildirib ki, 2013-cü ildə Rusiyanın Milli Şura  layihəsi gerçəkləşib Rüstəm İbrahimbəyova etimad göstərilsəydi, indi kinorejissor Azərbaycanı Ermənistanın bir vilayətinə çevirmişdi: "Çünki bu cür antimilli ünsürlərdən hər bir addımı gözləmək olar. Əgər 80-nə yaxın yaşı olan birisi tarixi təhrif edib, yaxın keçmişimizdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri görmür və ya görmək istəmirsə, bunun əksinə olaraq erməniləri məzlum, yazıq biri kimi təqdim edirsə deməli bu tip insanlar əllərində səlahiyyət olduğu andaca bütün Azərbaycanı satarlar".

Aygün Osmanova Rüstəm İbrahimbəyovun antimilli mövqeyinə radikal düşərgədən münasibət açıqlanmamasına da təəssüf edib. Bildirib ki, meydanlarda, sosial şəbəkələrdə, özlərinə yaxın media qurum və quruluşlarında millət, xalq deyə odlu-alovlu çıxışlar edən Milli Şura rəsmiləri nədənsə İbrahimbəyovun Azərbaycan xalqını aşağılamasına göz yumurlar: "Əslində onların da kinorejissorun mövqeyinə münasibət bildirməməsi başadüşüləndir. Çünki bu qüvvələrin hamısı dolayı yolla erməni lobbisinin maliyyəsi ilə hərəkət edirlər. Ona görə də səssizliyə üstünlük verirlər". YAP təmsilçisinin qənaətincə, tezliklə İbrahimbəyov işğalçı ölkənin yeni hakimiyyəti tərəfindən mükafatlandırılar: "Hətta Rüstəm İbrahimbəyovu Ermənistanın milli qəhrəmanı da edə bilərlər. Çünki indiyə kimi Rüstəm İbrahimbəyov qədər erməni maraqlarına bu dərəcədə xidmət edən ikinci bir "azərbaycanlı" olmayıb. Ona görə də tezliklə İbrahimbəyov işğalçı ölkədə ortaya qoyduğu "fəaliyyətin" qarşılığını alacaq".

Füzuli

olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31