"Rusiyanın Dağlıq Qarabağ separatçıları ilə heç bir münasibəti olmamalıdır" AÇIQLAMA
23 May 2018 15:54 Siyasət"Əgər Rusiya münaqişəsinin həllində vasitəçidirsə o zaman belə məsələlərdən uzaq olmalı, separatçı rejimlər, xüsusilə də Dağlıq Qarabağ separatçıları ilə heç bir münasibəti olmamalıdır". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Rusiyanın separatçı qurumlarla öz ölkəsində deyil, Suxumidə baş tutduğunu deyən politoloq söyləyib ki, istənilən halda, qonşu ölkə bunu qəbul etməməli, görüş keçirməməlidir.
"Azərbaycan bununla bağlı öz etiraz mövqeyini çəkinmədən bildirir. Çünki, Azərbaycan istənilən məsələdə öz mövqeyini açıq şəkildə ifadə edir. Artıq dünya bizim mövqeyimizi bilir və bir sıra aparıcı dövlətlərin siyasi dairələri də Azərbaycanın mövqeyi ilə tanışdır. Bu baxımdan biz Rusiyanın bu addımını dəstəkləyə bilmərik. Çünki, Rusiyanın bu addımı ölkəmizin siyasi kursumuza uyğun addım deyil", - deyə F. Sadıqov qeyd edib.
Rusiya Gürcüstana məxsus olan əraziləri, Abxaziya və Cənubi Asetiyanı bir dövlət kimi tanıdığını dilə gətirən politoloq söyləyib ki, Qonşu ölkə hətta onlarla diplomatik əlaqələr qurulub, səfirliklər açılıb: "Təbii ki, bu Rusiyanın öz işidir. Amma biz bu siyasəti dəstəkləyə bilmərik. Çünki Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır".