Əlilliyin təyin olunmasında hansı meyarlar nəzərə alınacaq?

Hadı Rəcəbli: "Hələ də əlilliyin müəyyənləşdirilməsi ilə bağlı həllini gözləyən məsələlər var"

Parlamentdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun lahihəsini üçüncü oxunuşda müzakirəsi gözlənilir.  Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü  maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir   əlilliyə səbəb olanrisklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Lakin uzun müddətdən bəri qəbulu gözləninlən qanun layihəsi ətrafında fikir müxtəlifliyi yaranıb. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri  Hadi Rəcəbli bildirib ki, qanun layihəsi çox əhəmiyyətlidir və ötən müddətdə də onunla bağlı ciddi müzakirələr keçirilib, bir sıra irad və təkliflər səsləndirilib. Bununla yanaşı, komitə sədri ikinci oxunuşda qanun layihəsinə ciddi iradlar olmadığını da sözlərinə əlavə edib: "İkinci oxunuşun müzakirələri sakit tərzdə keçdi, yəni, sənəd xeyli təkmilləşdirildiyi üçün ona iradlar tutulmadı". Komitə sədri qanun layihəsinin təkmilləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də mühüm rolunun olduğunu söyləyib: "Artıq nazirliyin rəhbərliyi dəyişdirilib, yeni rəhbərlik gəlib. Biz bundan sonrakı dövrdə adıçəkilən nazirliklə fəaliyyətimizi düzgün qurmağa, əlaqəli şəkildə əməkdaşlığa çalışacağıq". H.Rəcəbli ölkədə hələ də əlilliyin müəyyənləşdirilməsi ilə bağlı həllini gözləyən məsələlər olduğunu söyləyib: "Bu yöndə fikirlər, iradlar səslənir, müzakirələr gedir. Bu baxımdan, hesab edirəm ki, bu qanunun qəbulundan və icraya yönəldilməsindən sonra bu istiqamətdəki məsələlər öz həllini tapacaq". H. Rəcəbli bildirib ki, Azərbaycanda hazırda 1 milyon 300 mindən çox əmək pensiyaçısı var: "Onlardan da 320 mini ikinci və üçüncü qrup əlillərdir, yəni, əlillik dərəcəsi alanlardır". Komitə sədri gələcəkdə mövcud qanunvericliyə dəyişikliyi nəzərdə tutan yeni qanun layihəsinin müzakirələrə təqdim olunmasını istisna etməyib.

Millət vəkili Musa Quliyev nazirlərin dəyişməsinə baxmayaraq, problemin qalmaqda davam etməsini və həllini gözləməsini diqqətə çatdırıb: "Bir nazir gəlir, bu məsələdən danışır, sonra gedir, yerinə başqası gəlir, yenə də həmin məsələdən danışır, amma problem yerində, həll olunmamış qalır. Bu məsələ ciddi məsələdir və ona ciddi də yanaşılmasını tələb edir. Əlilliyin verilməsində ən ciddi problem isə odur ki, əlillik dərəcəsinə ehtiyacı olub, amma onu alma bilməyənlərdir. Əlillik dərəcəsinə ehtiyacı olduğu halda, bunu ala bilməyən insanlarımız, əlillərimiz var. Bunlar ağrılı məsələdir və təcili həllini tapmalıdır. 37 min 700 nəfərə imtina cavabı verilir və vətəndaş da bunun səbəbini bilmir. Korrupsiya ilə mübarizə aparaq, bunun yolları çoxdur. Vətəndaşın hətta məhkəmə qərarından şikayət etmək hüququ var, amma əlilliklə bağlı cavabdan şikayət hüququ yoxdur. Vətəndaşı, əlili görmədən necə onunla bağlı qərar verilə bilər? Ona görə də qanunvericiliyə bununla bağlı əlavələr etməliyik. İki ayağı, bir gözü olmayan əlillər vardır ki, onlara imtina cavabı verilib. Həmin şəxslər də əlləri hər yerdən üzülüb naçar, taleyin ümmüdünə qısılıb göz yaşı içində gözləyirlər. Əlillərə çıxdaş və lazımsız baxmaq lazım deyil. Onlar da xalqın nümayəndələri, deputatları deputat edən dövlətin vətəndaşlarıdır. Milli Məclisdə  deputatlar əlillərlər bağlı çox haqlı təklif və iradlar səsləndiriblər. Əlillərin evlə, işlə təminatı, müalicəsi, bərpası, təqaüdlərinin qaldırılması vacibdir". Deputat deyib ki, əvvəllər mövcud olan "6 ay mənim-6 ay sənin " proqramından sonra da yeni kompüter hiylələri peyda ediblər ki, poçtlara və müəyyən nöqtələrə öz adamlarını yerləşdirərək insanlardan rüşvət alaraq elektron yollamalar edərək naməlum yollarla yardım düzəldirlər: "Ümumiyyətlə sosial yardım və əlillik dərəcəsinin verilməsində elektronlaşma effekt vermədi, əksinə kifayət qədər möhtac insanlar yardımdan məhrum edildi. Ona görə də əlillərin əlilliyindən nahaqdan imtinaya görə, sosial yardımdan imtinaya görə real təkliflər nəzərdən keçirilib normal bir qanun qəbul edilməlidir. Haqqı tapdalanmış, sosial yardım və əlllik düşdüyü halda imtina verilən insanların da zərər-ziyanı ödənməlidir". Deputat  İlham Məmmədov isə təklif edib ki, adıçəkilən problem həll etmək üçün ümumi bir komissiya, İşçi Qrupu yaradılsın və mövcud olan qanunvercilik nəzərdən keçirilsin: "Yəni, əlilliyin müəyyənləşdirilməsi ilə bağlı kriteriyalar da nəzərdən keçirilsin, təkmilləşdirilsin. Bu məsələdə köhnə stereotiplərdən uzaqlaşmalıyıq. Yeni nazir təyin olunub. Əvvəllər parlamentdə çalışıb, gənc, perspektivli kadrdır. Onunla, nazirliklə komitəmiz bu məsələdə əl-ələ verib, problemin çözümünə çalışmalıyıq".

Bu arada əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırırıq və bu sahədə islahatların aparılacağı gözlənilir. S Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlar aparmağa ehtiyac var: "Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, ərizə-müraciətlərin təqdim olunma forması araşdırılmalı, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir, prosesi tam şəffaf şəkildə etmək istəyirik. Prosesin hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə rastlaşmamasını təmin etmək istəyirik. İstəyirik ki, haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı həm Səhiyyə Nazirliyində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriteriya, normativ hüquqi  baza və prosedur baxımından təkliflər hazırlayırlar".

Qeyd edək ki, yeni qanunvericiliyə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin  qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı  müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə  qərarın qəbul edildiyi  tarixdən əlilliyi olan şəxs hesab edilir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini   elektron formada aparır. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31