Müxalifətdən hökumətə gecikmiş təkliflər

Müxalifətçilər Cümhuriyyətin 100 illiyinə dair tədbirləri qaneedici saymır; "...Geniş tərkibli komissiya yaradılsaydı, daha yaxşı olardı"

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində, ölkə xaricində tədbirlər keçirilir, bu şanlı tarixi hadisələrlə bağlı seminarlar təşkil olunur. Cümhuriyyət tədbirlərini həm dövlət qurumları, həm də müxtəlif siyasi, ictimai təşkilatlar təşkil edirlər.

Xatırladaq ki, ötən ilin may ayında prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Həmin sərəncamda Xalq Cümhuriyyətinin milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi əksini tapıb.

Nazirlər Kabinetinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlamaq tapşırılırdı, Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilirdi.

Nazirlər Kabinetinin Cümhuriyyət tədbirləri planının respublikada icra olunmaqda olduğu açıqlanıb. Tədbirlər əsasən dövlət orqanlarında, məktəblərdə toplantılardan ibarətdir.

Deputat Fazil Mustafa bildirib ki, görülən tədbirlər onu tam qane etmir. Çünki daha fundamental işlər görülməli idi. Ancaq yenə də müəyyən işlərin görülməsi normaldır: "Ən azından müxtəlif televiziyalarda verilişlərin verilməsi, o dövrün şəxsiyyətlərinin xatırlanması istiqamətində addımların atılması yaxşı haldır. Lakin bunu daha fərqli formada keçirmək imkanı vardı. Xüsusilə də Məhəmməd Əmin Rəsulzadə irsinə, Nuru paşaya münasibətdə daha fərqli addımlar atılmalı idi ki, bu işlər görülməyib".

Deputat hesab edir ki, belə bir məqamda xarici ölkələrdən çox ölkə daxilində tədbirlərin keçirilməsinə üstünlük verilməlidir. Çünki Cümhuriyyətə dəyər vermək bizim özümüzə lazımdır. Xaricdə tanıtım, təbliğat keçirilə bilər. Ancaq əsas Azərbaycanın daxilində insanlar bilməlidir ki, Cümhuriyyətin dəyəri nədir.

Müxalifət düşərgəsindən Fazil Mustafanın fikirlərinə dəstək verilib.

VİP sədri Əli Əliyev "Yeni Müsavat"a bildirdi ki, o da keçirilən tədbirlərin hadisənin miqyasına mütənasib olmadığını hesab edir: "İslam dünyasının ilk Cümhuriyyətinin qurulması, dünyada qadınlara səsvermə hüququnu ilk tanıyan siyasi məkanlardan birinə çevrilməmiz, dəbdə olan multikulturalizm, tolerantlıq kimi terminlərin 100 il əvvəl Parlamentdə nümunəsinin mövcudluğu qurucu babalarımızın kürəsəl miqyaslı hadisəyə müəlliflik etməsinin bariz göstəriciləridir. Bunların qarşılığında bu günə qədər yalnız orta məktəblərdə tədbirlərin keçirilməsini əlbəttə ki, kafi saymaq olmaz. Bu yubiley hakimiyyət üçün bu illərdə buraxılan yanlışların korrektəsi üçün fürsət idi. Bu gündən istifadə edib, şüurlu şəkildə buraxılmış xətaların islah edilməsi üçün əvəzsiz məqam idi. Mənə görə Məmməd Əmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşova, Nəsib bəy Yusifbəyliyə, Fətəli xan Xoyluya və yüzlərlə, minlərlə fədaiyə sayğı göstərmək bütün dövrlərdə hər bir azərbaycanlının, xüsusilə də səlahiyyət sahiblərinin borcu və mükəlləfiyyətidir".

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, bu mövzuda F.Mustafa ilə razıdır. Azərbaycan Cümhuriyyətinin 100 illiyi protokol naminə başdansovdu keçirilməməlidir. Cümhuriyyətin yubileyinin layiqincə keçirilməsi üçün ilk növbədə hakimiyyət tərkibində iqtidar, müxalifət, QHT, Elmlər Akademiyası nümayəndələri, bu sahə üzrə ixtisaslaşmış ziyalılar, TV və radio, Cümhuriyyət qurucularının varislərinin və s. təmsil olunduğu geniş tərkibli komissiya yaradılsaydı daha yaxşı olardı: "Bu komissiya keçiriləcək tədbirlər planını hazırlayıb həyata keçirməli idi və bu prosesə də Azərbaycan dövləti tam təşkilati dəstək verməli idi. Bu tədbirlər planına Cümhuriyyət irsini araşdıran kitabların çapı daxil, başda Rəsulzadə olmaqla, qurucuların həyat və fəaliyyətlərini əks etdirən əsərlər, TV verilişləri, sənədli və bədii filmlər və s. daxil olmalı idi. Ancaq təəssüf ki, bu belə olmadı. Ayrı-ayrı dövlət qurumlarının kortəbii və pərakəndə şəkildə şəxsi insiativaları ilə keçirilən 3-5 tədbiri nəzərə almasaq ciddi heç bir iş görülmür. Müxalifət, müstəqil ictimai təşkilat və QHT-lərin isə belə tədbirləri layiqincə keçirməsi üçün maddi resursu kifayət deyil. Baxmayaraq ki, 28 maya çox az zaman qalıb. Düşünürəm hələ də nəsə etmək üçün gec deyil. İl boyunca Cümhuriyyət tədbirlərini keçirmək olar. Hələ qarşıda 7 ay zamanımız var. İqtidar bu zamandan səmərəli istifadə etməli, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı imzalanmış prezident fərmanına əsaslanıb daha ciddi və tarixdə qalacaq işlər həyata keçirməlidir. Unudulmamalıdır ki, Azərbaycan Cümhuriyyətinin irsi  siyasi düşərgəsindən asılı olmayaraq hər birimizin sahib çıxmalı olduğu bir dəyərlər toplusudur".

Yeni AXCP-nin sədri Razi Nurullayev dedi ki, 100 illik yubileylə bağlı ciddi canlanma müşahidə edilmir: "Heç elə bil ortada 100 illiyin keçirilməsi ilə bağlı prezident sərəncamı yoxdur. Bununla bağlı aparılan siyasət bizi qane etmir. Sərəncama uyğun olaraq hökumət ciddi işlər gerçəkləşdirməliydi. Gözləyək, bəlkə qarşıdakı dövrdə bunu edəcəklər. Cümhuriyyətin yubileyinin keçirilməsi ilə bağlı bir-iki dövlət tədbirinin təşkili də bizi və xalqı qane edə bilməz. 100 illiklə bağlı bir abidə, yaxud bir park salınmalıdır ki, əbədiyyətə qədər qalsın. Çox gözəl olardı ki, bir bədii film çəkilsin, 10 seriyadan ibarət bir televiziya serialı çəkilsin. Yoxsa 100-200 nəfər kişi-qadın bir yerə yığışıb şəkil və video çəkdirəcək və deyəcəklər ki, 100 illiyi qeyd etdik. Bu tarix sıradan bir tarix deyil axı".

ADP sədrinin müavini Taliyət Əliyev isə dedi ki, heç bir millətin tarixində istiqlal günündən savayı böyük, möhtəşəm və şanlı tarix ola bilməz: "Dünyada yüzlərlə xalqlar olub ki, mübarizələr aparmış, qanlar tökmüş, lakin istiqlaliyyət əldə edə etmək və millət olmaq onlara nəsib olmamışdır. Allaha şükür ki, istiqlaliyyət əldə etmək və millət olmaq nəsibimiz olmuşdur, bu baxımdan biz xoşbəxt millətik. Bu baxımdan heç bir millətin tarixində istiqlal günündən savayı böyük, möhtəşəm və şanlı tarix ola bilməz. Çünki millətlərin nailiyyətlərinin əsasında onların istiqlaliyyəti durur. Bizim də millət olaraq istiqlaliyyət əldə etdiyimizin və Cümhuriyyət qurmağımızın 100 illik yubileyinə 6 gün qalıb. Düzdür, bu möhtəşəm tarixin qeyd edilməsi üçün ölkə başçısının sərəncamı var. Amma bu əlamətdar günlə bağlı görülmüş işlərə baxanda ürəkaçan mənzərə yoxdur. Bu baxımdan Fazil bəyin fikirləri ilə şərikəm. Xalqımızın və millətimizin tarixində bundan şərəfli gün yoxdur. Bu tarixi dövlət və xalq olaraq çox yüksək səviyyədə qeyd etməliyik. Bu tarix millət və xalq olaraq bizim böyüklüyümüzün göstəricisidir. Çox yaxşı olardı ki, Cümhuriyyətimizin 100 illik yubileyi ərəfəsində M.Ə.Rəsulzadəyə və Cümhuriyyətimizin digər qurucularına Bakının mərkəzində heykəllər qoyulardı. Məncə, bu ən böyük töhfə olardı. Bu tarixi günlə bağlı bir çox kütləvi-mədəni tədbirlər reallaşdırmaq mümkündür. Təki buna istək olsun. Bu gün biz yalnız xaricdə yaşayan soydaşlarımızın Cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı kütləvi tədbirlərin keçirilməsində aktivliyini müşahidə edirik".

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, tv-lərdə yarım saatlıq tarixə aid verilişlərlə Cümhuriyyətin 100 illiyini keçirmək olmaz. Dövlət səviyyəsində Gürcüstana gedib heç olmasa İstiqlal elanımız olan "Canişinlər binası"nda tədbir keçirmək olardı: "Türkiyədəki səfirliyimiz Rəsulzadənin məzarı önündə mitinq keçirməsi, BDU-da tələbələrin mitinqi, Azadlıq meydanında Cümhuriyyət paradı təşkil olunmalıdır. ADR-lə bağlı ziyalılar yazıçılar səfərbər olub toplantılar etməli idi və etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31