Polisin kadr özəyinin təkmilləşdirilməsində və daha da gücləndirilməsində xüsusi təyinatlı təhsil müəssisələrinin rolu

Şərqdə ilk demoktarik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Azərbaycan Milli Şurasının qərarı ilə dövlət müstəqilliyini elan etdikdən sonra, elə həmin gün Fətəli xan Xoyski başda olmaqla, ilk Müvəqqəti hökuməti təsdiq etmişdir. Həmin kabinetdə Fətəli xan Xoyski, eyni zamanda, daxili işlər naziri təsdiq olunmuşdur. Lakin müvəqqəti hökumət mühacirətdə -Tiflisdə təşkil edildiyindən Daxili İşlər Nazirliyinin yerli orqanlarının yaradılması burada mümkün olmamışdır. 1918-ci ilin iyun ayının 16-da Azərbaycan Milli Şurası və Müvəqqəti hökuməti Tiflis şəhərindən Gəncəyə köçmüşdür. Həmin vaxtdan cəmiyyətdə asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə aparılması sahəsində polis vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı kimi əhəmiyyətli rol oynamışdır.Təbii ki, Azərbaycanda polis orqanları birdən-birə yaranmamış, digər dövlət qurumları kimi, polis orqanları da özünün təkamül prosesini keçirmişdir. Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti hökumətinin təşkil edildiyi gün-28 may 1918-ci il tarixdə təsis edilsə də, onun aparıcı struktur qurumu olan polis orqanları bir qədər sonra Gəncədə yaradılmışdır. Ötən müddət ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində daxili işlər orqanlarında kadrlarla iş sahəsində mühüm naliyyətlər əldə olunub. Nəticədə daxili işlər orqanlarının yüksək peşəkarlığa malik, cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə qarşıda duran vəzifələri yerinə yetirməyə qadir olan kadr potensialı formalaşıb. Şəxsi heyətin peşəkarlıq səviyyəsinin, bilik, bacarıq və məsuliyyətinin artırılması, əməkdaşlar arasında nizam-intizamın, onların mənəvi-psixoloji dayanıqlığının möhkəmləndirilməsi istiqamətində görülən məqsədyönlü və ardıcıl tədbirlər  çoxsaylı müsbət nəticələrin əldə olunmasına zəmin yaradıb. Etiraf edilməlidir ki, daxili işlər orqanlarının kadr özəyinin təkmilləşməsində xüsusi təyinatlı təhsil müəssisələrinin rolu əvəzsizdir.

Belə təhsil müəssisələrindən biri peşəkar kadrların formalaşmasında sıravi milis nəfərləri və komandir kadrları hazırlayan Polis Akademiyasıdır. Polis Akademiyası bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuşdur. Məktəb 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür.1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-nin Bakı Xüsusi Orta Milis Məktəbinə çevrilmişdir. Vaxtilə məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi. Məktəbdə təhsil müddəti iki il müəyyən edilmişdi.1957-1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda - Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı. 70-80-ci illərdə respublikaya rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin milis orqanlarına göstərdiyi qayğı və tələbkarlıq sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazası inkişaf etdi, kadr cəhətdən möhkəmləndi və Akademiya səviyyəsinə qədər yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli kateqoriya verildi. Prezident İlham Əliyev tərəfində  həyata keçirilən islahatlar, hüquqi və demokratik dövlət quruculuqu işləri, böyük fəallıqla aparılan hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə əhəmiyyətli işlər görülmüş, qarşıda duran vəzifələri uğurla yerinə yetirməyə qadir olan peşəkar kadr özəyi formalaşdırılmışdır. Peşəkar idarəetmə bacarığının təkmilləşdirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədilə şəhər, rayon polis orqanının müxtəlif xidmətlərindən rəhbər heyət cəlb edilməklə Polis Akademiyasının bazasında əməliyyat-qərargah təlimləri keçirilmişdir.

Daxili işlər orqanlarında sıravi polis əməkdaşlarının hazırlıq məsələsi də kadr potensialının təkmilləşməsində xüsusi əhəmiyyət kəsb edir. Daxili işlər orqanlarında sıravi polis əməkdaşlarının ilkin hazırlığı 1920-ci ilin iyul ayına təsadüf edir. Qeyd edək ki, o vaxt  4 həftəlik kurslar fəaliyyət göstərirdi, sonralar sıravi və kiçik rəis heyətinin hazırlanması ayrı-ayrı məntəqələrdə həyata keçirilməyə başlamışdı. 1970-ci illərin əvvəllərində sıravi və kiçik rəis heyətinin hazırlığı tədris məntəqələrində həyata keçirilərək 1-2 ay müddətinə uzadılmışdır. Polis əməkdaşlarının peşə hazırlığının daha da təkmilləşdirilməsi məqsədi ilə 1974-cü ildə Azərbaycan Respublikası DİN-in tabeçiliyində kiçik və orta rəis heyəti hazırlayan ayrıca məktəb fəaliyyətə başlamış və 1985-ci ildə DİN-in tədris mərkəzi kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə tədris mərkəzinə Azərbaycan Respublikasının sabiq daxili işlər naziri general-leytenant A.N.Heydərovun adı verilmişdir. 1988-ci ilin dekabrında tədris mərkəzinə DİN-in sıravi və kiçik rəis heyəti hazırlayan məktəb statusu verilmiş və bu günə kimi fəaliyyət göstərir. Məktəbin qarşısında duran başlıca vəzifə yerli polis orqanlarında yeni qəbul edilmiş əməkdaşların ilkin hazırlıq kurslarının həyata keçirilməsindən ibarətdir. DİO-da sıravi və kiçik rəis heyəti vəzifələrinə namizədlərin xidmətə başlayarkan öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün zəruri olan peşə biliyinə, bacarıq və vərdişlərə yiyələnmələri məqsədi ilə məktəbdə ilk hazırlıq kursunun müddəti 4 ay müəyyən edilmişdir. 4 ay müddətində gənc polis əməkdaşlarına 588 saatlıq proqram çərçivəsində xüsusi mövzular tədris olunur. Tədrisin sonunda 40 saat həcmində praktiki dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, məktəbdə polis əməkdaşlarının peşə səviyyəsini artırmaq məqsədi ilə ixtisasartırma və yenidən hazırlıq kursları təşkil edilir. Bu kursların müddəti 2 həftə müəyyən edilmişdir. Məktəbdə daima islahatlar həyata keçirilir və qabaqcıl xarici ölkələrin tədris müəssisələri ilə sıx əməkdaşlıq aparılır və onların təcrübəsindən geniş istifadə olunur.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbidir ki, sözgedən tədris ocağı Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 09 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir. Daxili Qoşunların Ali Hərbi Məktəbi ali xüsusi - hərbi təhsilli kadrların hazırlanmasını, zabit və gizirlərin ixtisaslarının artırılmasını və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Daxili Qoşunların Ali Hərbi Məktəbi "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisası üzrə kadrların hazırlanmasını həyata keçirir. Ali Hərbi Məktəbdə tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun tətbiq edilir. Təhsil müddəti dörd il olan Ali Hərbi Məktəbdə mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Bakalavriat səviyyəsində aparılır. Ali Hərbi Məktəbi bitirən məzunlara  "bakalavr"  ali peşə-ixtisas dərəcəsi, qanunvericiliklə nəzərdə tutulmuş diplom, döş nişanı, 3-cü məharət dərəcəsi və Daxili İşlər Nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilir. Ali Hərbi Məktəbin  məzunlarına  hərbi ixtisas kimi "Ali xüsusi-hərbi təhsilli zabit",  mülkü ixtisas kimi isə "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi" bakalavr dərəcəsi verilir. Etiraf edilməlidir ki, bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Təsadüfi deyil ki, Daxili Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilmişdir. Onu da qeyd edək ki, Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələri, o cümlədən Jandarm Baş Komandanlığı ilə əməkdaşlıq edilir. 

Paralel olaraq kadrların seçilib-yerləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələləri daim DİN rəhbərliyinin diqqət mərkəzində olmuş, mövcud qanunvericiliyə uyğun olaraq, orta və böyük rəis heyəti vəzifələrində xidmətə qəbulun şəffaflıq və müsabiqə əsasında keçirilməsi qaydaları hazırlanmışdır. Artıq  xidmətə qəbul müsabiqə və şəfaflıq şəraitində - Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarının nəticələri əsasında aparılır. DİM tərəfindən keçirilmiş test imtahanlarının nəticələrinə görə çoxsaylı ixtisaslı kadrlar orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaqddır. Hüquqi tənzimləmə məsələsinə paralel olaraq ixtisaslı kadr potensialının, peşəkar özəyin formalaşdırılmasına və möhkəmlənməsinə də önəm verilmiş, hazırda daxili işlər orqanlarında çoxsaylı zabit heyəti olan polis sahə rəisləri və sahə inspektorları arasında ali təhsilli əməkdaşların xüsusi çəkisi üstünlük təşkil edir.

Qeyd etmək yerinə düşərdi ki,  hazırda Daxili İşlər Nazirliyi tərəfindən  xidmətə yeni qəbul edilmiş gənc əməkdaşlarla aparılan hamiçilik işinin səmərəsi yüksək səviyyədədir. Bu sahəyə xüsusi diqqət yetirildiyindən peşəkar kadrların hazırlıq səviyyəsinin artırılması üçün real işlər görülür, nəzarət və tələbkarlıq gücləndirilir. Peşə hazırlığı, o cümlədən ixtisasartırma və təkmilləşdirmə işinin beynəlxalq təcrübə nəzərə alınmaqla qurulması, polisin fəaliyyətinin təşkili və həyata keçirilməsində əldə olunmuş müsbət nəticələrin öyrənilərək şəxsi heyətə çatdırılması və xidməti fəaliyyətdə tətbiqi nazirlik üçün ən vacib məsələlərdən hesab olunur. Həmçinin cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təminində rolu və yeri baxımından əməkdaşların peşə hazırlığının təşkili, əməliyyat-xidməti fəaliyyətin prioritet istiqamətlərindən biri kimi nəzarətdə saxlanılır. Polis əməkdaşının vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına, Etik Davranış Kodeksinin tələblərinə ciddi riayət etməsinin əhəmiyyəti nəzərə alınaraq qanunçuluğa, xüsusən insan hüquq və azadlıqlarına riayət olunmasına görə polis əməkdaşlarının  şəxsən məsuliyyət və cavabdehlik daşımlarına xüsusi diqqət yetirilir. 

Artıq qətiyyətlə söyləmək olar ki, bu gün daxili işlər orqanlarında qanunla müəyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirə bilən istedadlı və yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşmışdır. Orta və böyük rəis heyətində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi yüksələn xətt üzrə inkişaf edir. Onların tərkibində hüquqşünasların xüsusi çəkisi 80 faizədək yüksəlmişdir. İndinin özündə də peşəkar kadrların, xüsusən gənclərin xidmətə cəlb edilməsi və inkişafı üzrə tədbirlər sistemli şəkildə davam etdirilir.

Alim Hüseynli

Yazı Daxili İşlər Nazirliyinin Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31