Dünya daha bir karikatura qalmaqalı astanasında
19 May 2018 10:05 SiyasətEmosiyalar qızışır, islamafoblar inanclı insanların damarına basır; dini ekspert: "1400 il əvvəl yaşamış peyğəmbəri ələ salan rəsm tənqid mahiyyətini aşır və qəzəb doğurur..."
Hollandiyada əsas müxalifət partiyalarından olan ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders "Məhəmməd Peyğəmbər karikaturası" müsabiqəsi elan edəcəyini parlamentdə açıqlayıb. O, müsabiqəni ifadə azadlığına edilən təzyiqlərə qarşı bir tədbir olaraq təşkil etdiyini bildirib. Bu barədə BBC-nin Hollandiyadan olan müxbiri Yusuf Özkan xəbər verib.
Müsabiqədə birinci yeri tutan karikaturaya 5000 avro, ikincisinə isə 2500 avro mükafat veriləcək. Partiya sədri mükafatları "əliaçıq biri"nin ödəyəcəyini bildirib. Münsiflər Vilders və karikaturaçı Bosch Fastindən ibarət olacaq. Fastin 2015-ci ildə Texas ştatının Garland şəhərində keçirilən və Məhəmməd Peyğəmbərin karikaturasını sərgilədiyi üçün iki müsəlman tərəfindən hücum edilən müsabiqədə mükafat alıb.
Vilders iddia edib ki, ifadə azadlığını müdafiə etmək üçün "güclü bir əks səs" çıxarmanın zamanı gəlib. Onu da deyib ki, təşkil etmək istədiyi müsabiqənin keçirilməsinə parlamentdə icazə verilməsə, onu başqa yerdə keçirəcək.
"Yeni Müsavat" isə xatırladır ki, bu, tarixdə baş verən ilk karikatura qalmaqalı deyil. Xüsusən son illərdə dünyada bununla bağlı böhranlar zaman-zaman yaşanıb.

2016-cı ilin yanvarında Fransanın satirik jurnallı "Charlie Hebdo"nun son nömrəsinin üz qabığında Avropaya getmək istəyən, amma Aralıq dənizində batan və dalğaların sahilə çıxardığı Aylanın görüntüsünə yer verilib. "Riss" ləqəbli karikaturaçı Laurent Sourisseaunun hazırladığı karikaturada Aylanın böyüyəndə Almaniyadakı təcavüzçülərdən biri olacağına işarə vurulub. "Qaçqınlar" başlıqlı karikaturada Aylanın sahilə çıxan cəsədi bir şar içində görünür və yanında da "Balaca Aylan böyüyəndə nə olardı?" sualı qeyd olunub. Sualın atında isə qaçan bir qadın və əlləri açıq halda onun arxasınca qaçan kişi görünür. Karikaturanın altında isə fransız dilində əllə seksual xarakterli hərəkət anlayışını ifadə edən 'tripoteur' sözündən istifadə edilib. Karikatura Almaniyanın Köln şəhərindəki yeni il qutlamaları zamanı qaçqınlardan ibarət 1000 nəfərlik bir qrupun yüzlərlə yerli qadına sataşmasından sonra yayımlanıb.
Twitter-də isə bir çox istifadəçi bu karikaturanı "iyrənc", "zövqsüz" və "xəstə təfəkkürün məhsulu" adlandırmışdı. "Charlie Hebdo" jurnalı isə irqçi və islamafobik olmaqda ittiham edilmişdi. Həmin vaxt İngiltərənin "Guardian" qəzetinin yazarı Oliver Burkeman isə yazısında "Sözügedən karikaturanın həddən artıq irqçi olmadığı fikrini müdafiə edən yetkili varmı? Həqiqətən bilmək istəyirik" deyə yazmışdı. "Financial Times" qəzetindən Kristofer Tompson isə "Bəlkə də bu karikatura gəlmələrə qarşı yaranan stereotipləri həcv edir və heç də irqçi deyir. Bu da bir ehtimaldır" yazıb.
Gizli imzalı və 3 min illik yaşı olan karikaturalar...
3 min ildən artıq yaşı olan karikatura örnək və yaşam tərzi, rəssam, insan və vətəndaş mövqeyi, dünya hadisələrinə baxışdır. Kökü Misir fironlarını tənqid edən rəsmlərə gedib çıxır. Hələ qədim Romada imperatorun bu və ya digər qərarı ilə razılaşmayan xalq öz münasibətini satirik rəsmlərlə, şəhər divarlarına çəkilmiş karikaturalarla bildirirdi. Yəni karikatura tarixin sınağından çıxmış sənət növüdür. O, təsviri sənətin tərkib hissəsi, həm də jurnalistikadır.

Karikatura renesans dövrünün uğurlarından sayılır. "Karikatura" sözünün özü isə italyan dilindən törəyib, mənası isə şişirtmədir. Dünya incəsənətində ilk karikaturalar Aqostino Karraçe və ya Lorenso Bernininin müəllifliyi ilə üzə çıxıb. Onların karikaturaları kiçik bədənlərdə böyük başların təsviri ilə özünü göstərir. Amma bu incəsənət sürətlə Hollandiya və Almaniyada yayılmağa başlayıb. Karikaturaların ilk mövzusu isə islahat tərəfdarları və əleyhdarları arasındakı mübarizəni özündə əks etdirib. Tarixdə karikaturalar daha çox siyasi janrda özünü göstərib, hakimiyyət gülüş hədəfinə çevrilib. Məsələn, Fransa inqilabı zamanı karikaturalardan birində 16-cı Lüdovik piyli donuz, kimi təsvir edilmişdi. Karikaturada bu donuzun bişirilməyə hazır vəziyyətə gəlməsi, Lüdovikin həyat yoldaşı Mariya Antuanetta isə pantera və canavar kimi əks olunub.
Fransız və Azərbaycan karikaturaçıları...
Maraqlıdır ki, Fransada karikatura məhz Fransa inqilabı zamanı çiçəklənib. Amma həmin vaxt populyarlaşan karikatura ustaları bir qayda olaraq imzalarının anonim saxlanmasına çalışıblar.
Heç şübhəsiz ki, karikaturanın tarixini senzuranın tarixindən ayrı götürmək olmaz. 16-cı əsrdən başlayaraq, bir çox Avropa ölkələrində böhtan xarakterli bəzi yazılar, incəsənət əsərləri ilə bağlı qadağalar tətbiq olunub. Fransada baş senzor kitabxana direktoru və Ədliyyə Nazirliyindəki möhürə cavabdeh şəxs sayılıb. Amma Fransada senzuranın ləğvi tarixi 1789-cu ilə təsadüf edir. Amma bununla yanaşı, tam azadlıq o qədər də uzun çəkməyib. 1791-ci ilin iyulunda hökumət əleyhinə yazıların, hər hansı karikaturaların yayımına qadağa qoyub.
19-cu əsrdə isə karikatura İngiltərədə geniş yayılıb. Həmin dönəmdə kral hakimiyyəti incəsənətin bütün sahələri ilə həssaslıqla maraqlanıblar. Orada karikaturanın çiçəklənməsi anti-napaleon təbliğatı dönəminə təsadüf edir ki, Böyük Britaniya hakimiyyəti də bunu dəstəkləyir. Orada Ceyms Hilrey və Tomas Roulendson adlı iki karikaturaçı gözlənilməz bir səviyyə nümayiş etdirir. Onların kompozisiyaları fantastikadan pornoqrafiyaya qədər bir çox sahələri əhatə edir.
Dünya karikaturasından danışıb, Azərbaycan karikatura məktəbini yaddan çıxarmaq olmaz. Azərbaycan karikatura məktəbinin ən tanınmış siması isə rəssam Əzim Əzimzadədir. O, alman rəssamı Oskar Şmerlinqlə birlikdə XIX əsrin əvvəllərindən Tiflisdə nəşr olunan "Molla Nəsrəddin" jurnalında çalışmışdı. Savadsızlığın hökm sürdüyü həmin dönəmdə yazı-pozu anlamayan avam camaat "Molla Nəsrəddin"də çıxan karikaturalara baxaraq düşdükləri miskin vəziyyəti anlamağa başlayırdı. Dini mövhumat, siyasi savadsızlıq, cəhalət, yoxsulların varlılar tərəfindən amansız istismarı mövzusunda çəkilmiş karikaturalar o zaman çox populyar təbliğat vasitəsi olaraq avam camaatın ürəyinə yol tapırdı. Və bu karikaturalar sonradan bir çox insanın savadlanmasında, onların gözünün açılmasında öz rolunu oynamış oldu.
Dini ekspert: "Avropada da bunu edənlərin məqsədi yaxşı deyil..."
Konkret olaraq Hollandiyada qaynayan və yeni bir qalmaqalın əsasını qoyan bu olay özü ilə bərabər ciddi problemləri gətirəcək. Dini ekspert Kənan Rövşənoğlu "Yeni Müsavat"a açıqlamasında dedi ki, bu, ilk karikatura qalmaqalı deyil. Müsahibimiz xatırlatdı ki, 2005-ci ildə Danimarka jurnallarından birində dərc olunan Peyğəmbəri (s.ə.s) karikatura, daha sonra Amerikada məlum film, ardınca Fransada "Çarli Hebdo" jurnalında islam müqəddəslərinin karikaturaları çəkildi və yayıldı: "Gert Vilders isə artıq bütün dünyaya tanış addır. Qərb fikri karikaturanı söz, fikir azadlığının ifadəsi hesab edirlər. Karikaturları müdafiə edənlərin əsas arqumenti də budur. İnsanların ifadə azadlığı var və bunu məhdudlaşdırmaq arxasınca digər məhdudiyyətləri gətirir. Amma nəzərə almaq lazımdır ki, karikatura, ələ salma tənqiddən daha dərindir, təhqir elementi daşıyır. Xüsusən də müqəddəs sayılan və həyatda olmayan insanlar haqqında olduqda".
Ekspert hesab edir ki, həddən artıq tabular daha sonra ümumiyyətlə, tənqidi boğur. Məsələn, müsəlman aləmində din və din tarixi ilə bağlı çox anlamsız, izahı olmayan tabu var: "Tutaq ki, siz İslam tarixində olan birini, peyğəmbər və ya imam olmasa belə, tənqid edə bilməzsiniz. Deyəcəklər ki, biz bunu müqəddəs şəxs sayırıq, siz bizim dəyəri tənqid edə bilməzsiniz. Yəni problem həm də müsəlman aləmində var. Ancaq razılaşarsınız ki, 1400 il əvvəl yaşamış peyğəmbəri ələ salan rəsm tənqid mahiyyətini aşır və insanları incidir. Bu səbəbdən də qəzəb doğurur, əks reaksiyalara səbəb olur. Hətta nəticə etibarı ilə radikalizm və ekstremizmi körükləyir, onlara əsas verir. Sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olur. Radikallar deyir ki, baxın siz tolerant olduqca, onlar (yəni düşmənlər, bizdən olmayanlar) bizim üstümüzə gəlir, müəqədəslərimizi ayaqlar altına atırlar. Nəticədə raidkalizm daha da qol-qanad açır. Üstəlik məsələn, Gert Vilders nümunəsi göstərir ki, Avropada da bunu edənlərin məqsədləri necə deyərlər, yaxşı deyil. Bu adam islamafobdur, İslamı özünə düşmən görür və nifrətini gizlətmir. Bu nifrət isə onu İslama qarşı bu cür həddini aşan addımlara sövq edir. Nəticədə hər iki tərəfdə radikallar qalib gəlir, onların "arqumentləri" daha ağlabatan görünür. Çünki İslam düşmənləri dinin müqəddəslərinə hücum edir və bunu tənqid adı ilə edir, onların qabağında susanlar isə islama xəyanət edənlərdir. Əsl müsəlmanlar isə dayanmayıb "kafirlərlə" savaşır. Bu mənada tənqid və təhqirin sərhədlərinin müəyyən olunması, bu zaman inancların görüşlərini və baxışlarını diqqətə almaq lazımdır. Əks təqdirdə dünyada sərtlik tərəfdarları daha da güclənəcək".