“Sərkisyanı Paşinyan yox, Aprel döyüşləri devirdi...” – Müsahibə

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Eldar müəllim, Ermənistanda yenidən etiraz aksiyaları baş qaldırıb. Bu aksiyaları necə qiymətləndirmək mümkündür?

- Nikol Paşinyanın baş nazir seçilməsi ilə yekunlaşan hadisələr Ermənistanda böhranın sonu yox, başlanğıcıdır. Əsas, ciddi qarşıdurmalar hələ qabaqdadır. Təcavüzkar ölkədə durum aydan-aya daha da pisləşəcək. Məsələ ondadır ki, hələlik yalnız baş nazir və bir sıra nazirlər inqilabçı qüvvələri təmsil edirlər. Ancaq parlamentdə çoxluq yenə də Serj Sərkisyanın tərəfdarlarındadır. Orta təbəqə,dövlət məmurlarının əksəriyyəti Sərkisyanın adamlarıdır. Serj Sərkisyanın hakimiyyəti belə rahat əldən verməsinin arxasında məhz bu yanaşma dayanırdı ki, yeni hakimiyyət bir ildən artıq hakimiyyətdə qala bilməyəcək. Yəni, biz aydan-aya təzyiqlərimizi artıracağıq, bu hakimiyyətə normal fəaliyyət göstərməyə imkan verməyəcəyik və hardasa 1 il ərzində Paşinyan iqtidarını devirəcək, beləliklə, öz hakimiyyətimizi bərpa edəcəyik. Və budur; artıq Serj Sərkisyanın tərəfdarları hərəkətə keçiblər və itirilmiş mövqelərini bərpa etmək niyyətindədirlər.

- Nikol Paşinyanın yeni hökumətinin tərkibindən narazı qalan güclərin bu etiraz aksiyalarını qızışdırdığını güman etmək olarmı?

- Paşinyanın atdığı bir sıra addımlar göstərir ki, onun komandası həqiqətən Qərbpərəst komandadır və bu təyinatlar Moskvada çox ciddi qıcıq yaradacaq. Məsələn, Paşinyanın təyin etdiyi Xarici İşlər naziri Zoqrab Mnatsakanyan, Milli Təhlükəsizlik Şurasının katibi və digərləri Ermənistan cəmiyyətində Amerika ilə bağlı adamlar kimi qəbul olunurlar. Güman edirəm ki, bu tərəfdən də təzyiqlər artacaq və Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında münasibətlər yaxın gələcəkdə gərginləşəcək. Ona görə də bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistan bu böhran vəziyyətinə hələ təzə-təzə girir və bu böhran dərinləşəcək, ağırlaşacaq.

- Eldar müəllim, hazırda Ermənistanda cərəyan edən hadisələrin 1992-1993-cü illərdə Azərbaycanda mövcud olan xaosu xatırlatdığı bir sıra ekspertlər tərəfindən dilə gətirilib. Ermənistanın həmin dövrdə Azərbaycan ərazilərini işğal etməsinin də bunun sayəsində mümkün olduğu heç kəsə sir deyil. Bəs, bu vəziyyətdə Azərbaycan tərəfinin addımları nədən ibarət olmalıdır?

- Bəli, bu fikir bir neçə dəfə səsləndirilib. Sonuncu dəfə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bu gün ölkəsində cərəyan edən prosesləri 1990-cı illərdə Azərbaycanda baş verən proseslərlə müqayisə edib. Həmin dövrdə Azərbaycanda qeyri-sabitlik idi, hakimiyyət tez-tez dəyişirdi. Nəticədə torpaqlarımızı itirir, erməni təcavüzünə layiqli cavab verə bilmirdik. Bununla Petrosyan işarə etdi ki, həmin hadisələr əksinə təkrarlana və Ermənistan Qarabağ məsələsində də uduza bilər. Bu, həqiqətən də belədir. Mən hesab edirəm ki, Serj Sərkisyanın hakimiyyətdən getməsində ən böyük rol oynayan Paşinyan, yaxud sosial-iqtisadi problemlər olmadı. Ən böyük rolu 2 il bundan öncə baş verən "Aprel döyüşləri" oynadı. Azərbaycan ordusunun tam üstünlüyünün açıq-aşkar, bütün çılpaqlığı ilə məlum olması, cəbhənin həm şimal, həm də cənub istiqamətində əməliyyat keçirib əsas yüksəkliklərin ələ keçirilməsi Ermənistan cəmiyyətində şok yaratdı. Ermənistan cəmiyyəti indiyədək özünə təlqin etmişdi ki, onlar qalibdirlər, Qarabağ məsələsində üstün mövqedədirlər və buna görə də bütün məhrumiyyətlərə, sosial-iqtisadi problemlərə dözmək lazımdır. İndi məlum olur ki, onların ordusu da Azərbaycan ordusu qarşısında çox zəifdir və Azərbaycan istənilən anda öz torpaqlarını azad edə bilər. Bu, Ermənistan cəmiyyətində şok yaratdı və cəmiyyət bunu Serj Sərkisyana bağışlamadı. Ona görə də Ermənistanda baş verən böhranın kökündə əslində bu amil dayanır. Bu böhran davam etdikcə biz də hazır olmalıyıq. Çünki bu hadisələrin gedişatı mütləq erməni siyasi dairələrinin Qarabağda təxribatlar törətməyə gətirib çıxaracağını şərtləndirəcək. Onlar bu təxribatları törətməklə cəmiyyətin diqqətini daxildəki böhranlardan, qarşıdurmalardan yayındırmağa çalışacaqlar. Həmin anda Azərbaycan ordusu bu təxribatlara cavab verib öz vəzifəsini yerinə yetirməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31