“Ələt azad iqtisadi zonası haqqında” qanun qəbul olundu
18 May 2018 15:10 SiyasətMilli Məclisin mayın 18-də keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
"Olaylar"ın xəbərinə görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, sənəddə Ələt iqtisadi zonasının səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapıb. Qanun layihəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad Zona səlahiyyətli qurumunun yaradılması təklif olunur. Səlahiyyətli qurum Azad Zona rezidentlərinin, hüquqi şəxslərinin və inzibati müəssisələrinin fəaliyyətini tənzimləyəcək və nəzarəti həyata keçirəcək. Bundan başqa, səlahiyyətli qurum Azad Zona ərazisi, burada yerləşən əmlak və aktivlər, eləcə də strateji məqsədlər ilə bağlı hər hansı digər məsələləri tənzimləyəcək və bu işlərə nəzarət edəcək. Səlahiyyətli qurum Azad Zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara əsasən daxili qaydalar hazırlayacaq. Həmçinin, səlahiyyətli qurum beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədi ilə Azad Zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq hüququna malik olacaq. Qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul olunub.