Gözdən düşmüş oliqarxlar Bakıda qan tökməyə çalışır
18 May 2018 14:46 SiyasətMüəlliflər: Eynulla Fətullayev, Məmməd Əfəndiyev, Eldar Əliyev
Ötən həftə Bakıda kortəbii mitinq baş verdi. Axı bu necə ola bilər? - çoxdandır paytaxtda sakitliyə öyrəşən və araqarışdıranlardan yaxa qurtaran sakinlər təəccüblə sual edə bilər. Proletar görkəmli adamların körtəbii mitinqi bu yaxınlara qədər hansısa anlaşılmazlıq üzündən "zavod" adlandırılan qara metal sexində baş vermişdi...
Və bu "zavod" qalmaqallı Zülfüqarlı qardaşlarına məxsusdur.
kortəbii mitinq
Pahoo! Tanış simalara bax!
Gözdən düşmüş Zülfüqarlı qardaşlarının yenidən "dirilməsi" Bakıda təəccüblə qarşılandı. Bu necə ola bilər? Axı 2005-ci ilin narıncı payızı, dövlət çevrilişi cəhdi ictimai yaddaşlardan silinməyib. Rusiyanın ucqarlarından gəlib Bakıda ortaya çıxan oliqarxlar "fərhadçıların" və "alarlı oğlanların" oliqarxik klanının lideri, qüdrətli nazir Fərhad Əliyevlə birləşərək hakimiyyətə əlcək atmışdılar. Kövrək və hələ möhkəmlənməmiş hakimiyyət şaqulu taleyüklü sınağa çəkildi. Siyasi müxalifət Zülfüqarlı qardaşlarının oliqarxik qruplaşması ilə ittifaqa girərək ölkədə inqilab burulğanı başlatmaq istəyirdi. İnqilabı yatırdılar, "fərhadçıların" beşinci kalonunu darmadağın etdilər, narıncı xaosun baş sponsorlarından birini isə Bakı istintaq təcridxanasına göndərdilər.
2005-ci ildə Azərbaycanda həmin narıncı xaosu yaratmaq istəyənlərin ilhamvericiləri Loğman və Nurəddin Zülfüqarlı qardaşları idi. Bu qardaşlar ölkədə rəqabət mühitinin olmamasından, inhisarçılıqdan və yerlibazlıqdan şikayətlənirdi, amma onların əsas hədəfi İran əsilli amerikalı biznesmen Paolo Pərviz idi. Hərçənd qardaşların özləri polad sənayesini inhisara alaraq daxili bazarda qiymətlərin kəskin artmasına nail olmuşdular və rəqiblərini əzib sıradan çıxarmışdılar. Azərbaycan iqtisadiyyatının gəlirli sahəsi uğrunda müharibə və mülkiyyətin yenidən bölüşdürülməsi gedirdi, Zülfüqarlı qardaşları uduzdu və o vaxtdan Nurəddinlə Loğman Türkiyəyə mühacirət etdilər. İstanbulun yaşayış rayonlarında tikinti seqmentinə on milyonlarla dollar yatırdılar. Bəs necə, axı onlar Bakıda özlərindən sonra dağıdılıb talan edilmiş sənaye müəssisələri qoyub getmişdilər. Təkcə çılpaq divarlar...
Zülfüqarlı klanının başçısının - Nurəddinin ilk müxalif çıxışları
Loğman Zülfüqarlı yenidən Bakıda peyda olub
Amma qardaşlar ümidlərini itirmirdilər və inqilab dalğasının üstündə yenidən Bakıya qayıtmağa, qisasa ümid edirdilər. Nurəddin Zülfüqarlı Azərbaycan hakimiyyəti ilə savaşı İstanbuldan virtual, Azərbaycan müxalifətinin KİV-lərinin səhifələrində və bəzi türk TV-lərində davam etdirirdi. Loğman isə qəfildən Bakıda peyda oldu, permanent inqilabın yeni liderləri Əli Kərimliyə və "Azadlıq" qəzetinə yarınmağa başladı. Əlbəttə, Kərimlinin təbliğat silahını sistemli şəkildə maliyyələşdirməklə. Qardaşlar bu yolla əllərindən çıxmış zavodları geri qaytarmağa çalışırdı. Axı yeni İstanbul layihələri böyük pullar tələb edirdi.
2005-ci ildə dramatik finala az qalmış qardaşlar Türkiyədən armatur və çəkməcələr istehsal etmək üçün kombinə edilmiş texnoloji xətt alaraq onlara məxsus "Bakı Poladtökmə" ASC-də quraşdırmışdılar. Lakin bir il sonra yeni avadanlıq qəribə şəkildə zavoddan yoxa çıxdı. Və bu, Zülfüqarlı qardaşlarının həbsdən azad edilməsinin ardınca baş verdi. Zülfüqarlı üçün azadlığın qiyməti çox yüksək olmuşdu - inhisarçılar ölkədən getməyin əvəzində öz var-dövlətlərini güzəştə getməli olmuşdular.
Məhkəmə sənədlərinə əsasən, 2006-cı ildə müəssisənin yeni sahiblərinə təhvil verilməsi ərəfəsində texnoloji xətti söküblər və məhv ediblər. Zülfüqarlı qardaşlarının bunu qisas olaraq etdikləri barədə danışdıqları nağıllara inanmaq çətindir, axı söhbət on milyonlarla dollarlıq avadanlıqdan gedir. Hansı biznesmen on milyonlarla dollarlıq əmlakını öz əlləri ilə məhv edər?
Az sonra "Bakı Poladtökmə" ASC-nin zavod əvəzinə xarabalığa sahiblənmiş yeni sahibləri avadanlığı başqa müəssisədə - "Bakı İnşaat Sənaye"də tapdılar. Məlum oldu ki, bu müəssisənin ərazisini hansısa "Birlik" MMC icarəyə götürüb. Hansı ki, bütün bu müəssisələr sonda Zülfüqarlı qardaşlarına məxsus idi. Avdanlığın bu cür hiyləgər üsulla aradan çıxarılmasının ancaq bir məqsədi vardı - dövlət büdcəsinə ödənilməli olan vergiləri gizlətməklə öz cibini doldurmaq.
"Bakı Poladtökmə" ASC-nin həmin yeni sahibinin kim olduğu isə çoxdan məlumdur - "Baku Steel Construction" QSC bu müəssisənin xarabalıqlarına yiyələnmişdi. 2008-ci ildə Paolo Pərviz metallurgiya biznesindən çəkilərək öz payını şirkətin yeni sahiblərinə satmışdı.
narıncı 2005-ci
Müəssisənin yeni sahibləri təbii ki, Zülfüqarlı qardaşlarından talanmış avadanlığın geri qaytarılmasını tələb etdilər. Lakin Zülfüqarlı qardaşları bunu etmədi, açıq-aşkar oğurluğa müxtəlif yollarla haqq qazandırmağa başladı. Zülfüqarlı iddia etdi ki, istehsalat xətti doğranıb satılıb, amma sənədləri təqdim edə bilmədi. İstehsalat xətti isə hələ də "Baku Steel Construction" şirkətinin balansındadır. Əlbəttə, şirkətin məhkəməyə müraciət etməkdən başqa yolu qalmadı. "Baku Steel Construction" və "Birlik" MMC arasında məhkəmə çəkişməsi dörd ildən çox davam etdi. Nəhayət, 2 saylı Bakı inzibati-iqtisad məhkəməsi iddianı təmin etdi və D.E.M. iriqabaritli müəhərriki istisna olmaqla bütün avadanlığın qaytarılmalı olduğu haqda qərar çıxardı. Lakin "Birlik" MMC bu qərarla razı olmayıb apelyasiya verdi.
Bakı Apellyasiya Məhkəməsinə şikayətin müəllifləri heç cür gəlib çıxmadılar və bununla da aşkar sezilən məqsəd güdürdülər - prosesi uzatmaq və vaxt udmaq. Axı işin dəyəri həyatdan qiymətli idi. Məhkəmə qərarının qəti şəkildə qüvvəyə minməsindən sonra küncə sıxışdırılmış qardaşlar oğurlanmış xətti geri qaytarmalı idilər. Və budur, məhkəmə heyəti Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Zülfüqarlının nümayəndəsinin iştirakı olmadan iclas keçirdi. Qardaşların çirkin oyunundan baş çıxarmaq elə də çətinlik törətmədi. Nəticədə, Apellyasiya Məhkəməsi ilkin instansiyanın qərarını qüvvədə saxladı və "Birlik" MMC-ni istehsal xəttini əsl sahibinə qaytarmaqla mükəlləf etdi.
Bəs Zülfüqarlı qardaşları nə etdilər? Əlbəttə ki, onlar son şansdan istifadə edərək oğurlanmış istehsal vasitələrini geri qaytarmadılar - Ali Məhkəməyə kassasiya şikayəti verdilər. İstehsal vasitələrinin oğruları kassasiya şikayətini necə əsaslandırdılar? Guya ki, Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov cavabdehi zəruri şəkildə xəbərdar etmədən iclası 17 dekabr 2015-ci il tarixinə təyin edib və onların dəlil və arqumentlərini dinləmədən qərar çıxarıb. Bu, şəxsi iddiaların gülməli təfsiridir, belə ki, məhkəmə bütün tərəflərə xəbərdarlıqlı bildiriş yollayır. Bəs Ali Məhkəmə qardaşların son saman çöpünə, ümidinə necə reaksiya verdi? Məhkəmə müəyyənləşdirdi ki, bildiriş 27 noyabr 2015-ci il tarixdə poçt vasitəsilə cavabdehin hüquqi ünvanına (D.Bünyadzadə küçəsi, 71B) göndərilib. Bundan əlavə, cavabdeh bildirişi 4 dekabr 2015-ci il tarixində alıb. Necə deyərlər, şərhlər yersizdir. Axı bu işdə maraqlı tərəf "Birlik" MMC özüdür - apellyasiya şikayətini onlar verib. Amma Zülfüqarlıların hərəkətlərində məntiq axtarmayın! Azərbaycan Ali Məhkəməsinin inzibati-ərazi kollegiyası da özündən əvvəlki instansiyanın qərarını qüvvədə saxladı. Burada cavabdehin dəlilləri əsassız hesab olundu və 25 may 2017-ci il tarixində qərar verildi.
Zülfüqarlılardan sonra yalnız dağıntılar qalıb
Bundan sonra qardaşlar köhnə və sınaqdan keçmiş mübarizə metoduna müraciət edirlər - qarışıqlığa və qayda-qanunsuzluğa. Fəqət bu mübarizə üsulları qanuna qalib gələ bilməz. İnqilabın məntiqi budur və ondan sonra mülkiyyətin bölüşdürülməsi baş verir.
Hakimiyyətə mitinqlərlə cavab verirlər
Ötən cümə günü müxalif KİV-lər "Bakı İnşaat Sənaye" zavodunda proletar kütlənin özbaşına mitinqi barədə xəbəri tirajladılar. Məhkəmə qərarına və Azərbaycan qanunlarına əsasən, məhkəmə icraçıları ölkənin Ali Məhkəməsinin qərarını icra etmək məqsədilə zavoda gəlmişdilər. Zülfüqarlı qardaşları onları necə qarşıladılar? Müxalif kütlənin təşkil olunmuş çıxışı ilə.
Virtualaz.org-un redaksiyası bu mürəkkəb işin təfərrüatlarını araşdırmaq üçün təhqiqat aparmaq qərarına gəldi. Biz Zülfüqarlı qardaşlarının nəyə görəsə istehsal birliyi adlandırılan gizli sexinə getdik. Necə fikirləşirsiniz? Məhkəmə icraçıları kimi, bizi də zavodun ərazisinə buraxmadılar!
Mühafizə uzun müddət bizim gəlişimizin səbəbi ilə maraqlandı - gözlənilməz səfərimiz zavodun rəhbərliyi ilə razılaşdırılıb, ya yox. Sonra bir xeyli zavodun rəhbərliyinə, yaxud da sahiblərinə - Zülfüqarlı qardaşlarına zəng etməyə çalışdılar. Az sonra məlum oldu ki, qardaşlardan ikincisi - Loğman Zülfüqarlı - məhkəmə qərarı verildikdən sonra rüsvaycasına ölkədən qaçıb. Böyük qardaş isə əvvəlki kimi Bakıda peyda olmayıb...
Nəhayət, bizə izah olundu ki, məsul şəxslərdən biri şəhərdə deyil, digəri isə nazirlikdədir - hansında, öyrənə bilmədik. Nəzakətli tərzdə telefonlarımızı da alıb söz verdilər ki, mütləq zəng edəcəklər. Təbii, gözlədiyimiz kimi, bizə heç kim zəng etmədi. Nə bazar ertəsi, nə çərşənbə axşamı, nə də sonrakı günlərdə... Bu azmış kimi, bizim zənglərimizə də cavab vermədilər, Müşahidə Şurasının sədri Ramiz Əhmədovu tapmaq üçün etdiyimiz inadlı cəhdlər də nəticə vermədi.
Bəli, burada bizimlə əvvəldən danışmaq istəmədilər. Bəlkə zavodun rəhbərliyi özbaşına mitinqin təşkili ilə bağlı kəskin suallardan qaçmağa çalışırdı? Qaçmış qardaşlar və onların əsabələri bizə etiraz aksiyasının videoçəkilişlərinə müraciət etməkdən başqa yol qoymadılar.
siyahıyaalma belə getdi
Videokadrlardan görünür ki, hasarın o biri tərəfinə düzülmüş nimdaş geyimlərdə olan fəhlələr (bəzilərinin hətta dəbilqəsi də vardı) əvvəlcədən məhkəmə məmurlarının gələcəyini gözləyirdilər. Deyəsən, elə məhkəmə icraçıları da onlar üçün hazırlanmış sürpriz barədə əvvəlcədən xəbərdar edilmişdilər. Onlar darvazanın bu tərəfində bir yerə toplaşan kimi sanki komanda almış kütlə onların üstünə yeridi. İcraçılar isə bundan çəkinmədilər və onlardan sayca qat-qat çox olan və hər tərəfdən onları mühasirəyə almış işçilərdən qorxmadılar.
İlk həmlənin uğursuz olduğunu anlayan narazı kütlə məhkəmə icraçılarının burada peyda olmasına qişqiriq və hədə-qorxu ilə narazılıq etməyə başladılar. Guya ki, onlar burda alın təri ilə çörək pullarını qazanırlar, məhkəmə icraçıları isə buna mane olmaq istəyirlər. Özünü müəssisənin Müşahidə Şurasının sədri kimi təqdim edən orta bədənli bir kişi isə fəallığı ilə xüsusilə seçilirdi.
Tezliklə, mitinqə oxşar bir şey təşkil edərək, Ramiz Əhmədov bir neçə il bundan əvvəl Əli Kərimlinin "Azadlıq" qəzetində tirajlanmış əsas tezisləri səsləndirməyə başladı - prezidentin ətrafındakı məmurlar bütün qüvvələri ilə Zülfüqarlı qardaşları tərəfindən dirçəldilmiş metallurgiyanın rüşeymlərini boğmağa çalışırlar. Bununla birlikdə, həmin bu "dirçəliş"in cılız görüntüsü özü hər şeyi deyirdi - Nuh əyyamından qalmış sovet dövrünün dəbilqələri başlarında olan pinti fəhlələr 100 il əvvəlin kazarmalarını xatırladan köntöy sexlərin qarşısındakı zibilliyin ətrafına toplaşıblar.
Zülfüqarlının fəhlələri. Şərhsiz
Məhkəmə icraçıları və hadisə yerinə gəlmiş polis dəstəsi səbrlə bu üzdəniraq toplantının sonunu gözləyirdilər. Müəssisə rəhbərliyinin çarəsi üzüldükdən sonra onları zavodun ərazisinə buraxmalı oldu və burada məhkəmə icraçıları öz vəzifə borclarını yerinə yetirməyə başladılar - səssiz-səmirsiz tələb olunan avadanlığı siyahıya aldılar. Vəzifə borclarını yerinə yetirdikdən sonra məhkəmə icraçıları 100 il əvvəlin kazarmalarının ərazisini tərk etdilər.
Cümə çaxnaşmasından sonra Zülfüqarlı qardaşları və onların zavoddakı əsabəsi - Əhmədov hakimiyyətə qanlı döyüş vəd etdilər. 2005-ci ilin qanlı-narıncı qarışıqlığında iştirakçı olmuş gözdən düşmüş qardaşlar, o cümlədən Loğman Zülfüqarlı özü də yüksək rütbəli məmurların razılığı olmadan Bakıya qayıda və yeni qanlı döyüş vəd edə bilməzdi. Bu gözdən düşmüş oliqarx çox cəsarətli görünür. Zülfüqarlıların arxasında kim dayanır? Qisasçıların yeni üsyanı nə ilə nəticələnəcək? Bu barədə biz növbəti yazımızda söhbət açacağıq.
(ardı var)