Qarabağla bağlı qəbul olunan qərar və qətnamələr kağız üzərində qalıb

İkili standartlar siyasəti beynəlxalq münasibətlərdə "ənənəyə" çevrilib



Ermənistanı öz quberniyası kimi idarə edən Rusiyanın son dövrlər Dağlıq Qarabağ məsələsində aktivlik göstərməyərək kənara çəkilməsi diqqət çəkir. Əgər XXI əsrdə dünya siyasətini müəyyənləşdirən, nizamlayan BMT-yə cırtdan bir dövlət, bir forpost dövlət meydan oxuyursa, onun qətnamələrini, digər sənədlərini qulaqardına vurursa və dünya ictimaiyyəti, fövqəldövlətlər də buna susursa, ədalətli beynəlxalq mühitdən, münasibətlərdən söhbət gedə bilməz. Vəkil Rövşən Qasımov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin uzanmasının əsas səbəblərindən biri də BMT-nin dişsiz fəaliyyətidir, ikili standartlardır: "BMT Təhlükəsizlik Şurasının qətnaməsini bir gündə Liviyada həyata keçirən NATO və super dövlətlər on illərdir ki, Dağlıq Qarabağ probleminin həllində susurlar, Ermənistanın nazı ilə oynayırlar, ermənilərin törətdiyi kütləvi qırğınlara, insan hüquqlarının pozulmasına, terrora göz yumurlar. Nəticə etibarilə açıq-aydın görünür ki, müasir dünyada mübahisələrin ədalətli həllini, problemlərin beynəlxalq hüquq normaları əsasında aradan qaldırılmasını təmin edəcək ədalətli sistem və mexanizm mövcud deyildir və nə vaxt yaranacağı bilinmir. Ölkə Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin gündəlik işimiz olduğunu, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizin birləşdirilməsini hər zaman əsas tələb kimi qarşıya qoyur. Cənab İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlərdə, beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın münaqişənin həlli istiqamətində göstərdiyi səylərdən geniş bəhs edən dövlətimizin başçısı bu günə qədər konkret nəticənin əldə olunmamasından narazılığını ifadə edir". Onun sözlərinə görə, ölkəmizin bu yaxınlarda ev sahibliyi etdiyi V Qlobal Bakı Forumu Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin, bu günə qədər həll prosesinin uzanma səbəblərinin dünyaya açıqlanmasında bir daha yardımçı oldu: "Münaqişənin həllində diplomatik qələbənin rolu inkaredilməzdir. Təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanan Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından erməni yalanlarını, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrası üçün konkret mexanizmin müəyyənləşdirilməsinin vacibliyini, beynəlxalq aləmdə hüquq probleminin yaşandığını əsaslı şəkildə bəyan edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu fakt BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrdə də öz əksini tapıb. Baxmayaraq ki, Ermənistan rəsmiləri sərsəm bəyanatları ilə dünyanın diqqətini özünə yönəltmək üçün Dağlıq Qarabağı gah Ermənistanın tərkib hissəsi, gah da müstəqil dövlət kimi təqdim edir. Erməni siyasətçilərinin belə sayıqlamalarına səbəb təbii ki, dünyanın ikili siyasəti, Ermənistana işğalçılıq siyasətinə görə heç bir təzyiqin göstərilməməsidir. Hər zaman qeyd etdiyimiz kimi, dünyanın iri dövlətləri işğalçını adı ilə çağırmağın problemin həllinə maneə olduğunu bəyan etməkdə davam edirlər. Bu, birtərəflilik kimi dəyərləndirilir. Görəsən, beynəlxalq hüququn norma və prinsiplərində işğalçıya dəstək necə dəyərləndirilir, ən əsası belə bir addımın atılmasının zəruriliyi ilə bağlı müddəa varmı? Maraqlır, belə mövqe eyni zamanda ədalət meyarını kiçildən yanaşma deyilmi? Elə bu yanaşmanın nəticəsidir ki, qəbul olunan qərar və qətnamələr illərdir kağız üzərində qalmaqdadır".

***

R.Qasımov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq öz çıxışında beynəlxalq təşkilatların ikili standartlarını təqnid edir: "Bütün bunlar bir tərəfdən beynəlxalq qurumlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Digər tərəfdən, bu, bir daha ardıcıl mövqenin olmamasını göstərir. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Bizə gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur, qaçqın və məcburi köçkünlərimiz hələ də doğma torpaqlarına qayıda bilmirlər." Bu cür mövqenin təbii ki, bir adı var: ikili standartlar. Azərbaycan istər Dağlıq Qarabağ probleminin nizamlanması prosesində, istərsə də demokratik islahatlar sahəsində dünyanın ikili siyasətinin şahididir. Dağlıq Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi kimi qeyd edən bəzi beynəlxalq hüquq təşkilatları hələ bir az da irəli gedərək, işğalçı dövləti "azad ölkə", Azərbaycanı isə "qeyri-azad" ölkə kimi təqdim etməyə çalışırlar. Ancaq bir fakt inkaredilməzdir ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə əsas verir. Ermənistan rəhbərliyi beynəlxalq təşkilatların tribunasından XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının iştirakçısı olduğunu bildirir və dünya buna susursa, düşünürük ki, artıq geniş şərhə ehtiyac yoxdur. Kağız üzərində qalan sənədlər yalnız görüntü üçündürsə, bunu tarix özü təsdiqləyib. Əsas bu həqiqətlərə söykənərək, işğalçını cəzalandırmaq, münaqişələrin ədalətli həllinə yol açmaqdır". Onun sözlərinə görə, bütün yanaşmalara baxmayaraq, Azərbaycan dövləti həqiqətə əsaslanan təbliğatını davam etdirir: "Diplomatik uğurlarımız, iqtisadi imkanlarımıza uyğun olaraq günbəgün güclənən, qüdrətlənən ordumuz işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyi artırır. Azərbaycanın son illərdəki iqtisadi göstəricilərinə bir daha nəzər salsaq, aydın olar ki, güclü siyasi iradə, səfərbər olunmuş cəmiyyət, iqtidar və xalq arasında birlik mövcud olduğu halda hətta münaqişə, işğal və o qədər də sadə olmayan geosiyasi mühit şəraitində çox nailiyyətlər əldə etmək mümkündür. Əminəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında biz mövcud resurslarımızı səfərbər edərək bütün məqsədlərimizə nail olacağıq. Azərbaycan həm regionda lider statusunu möhkəmləndirəcək, həm də qlobal, dünya miqyasında gedən proseslərdə daha fəal rol oynayacaq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31