Hesablama Palatası parlamentə hesabat verəcək

Hesablama Palatası 2017-ci ildə fəaliyyəti barədə Milli Məclisə (MM) hesabat təqdim edib və yaxın günlərdə hesabat parlamentdə müzakirə olunacaq

Hesablama Palatası 2017-ci ildə fəaliyyəti barədə Milli Məclisə (MM) hesabat təqdim edib və yaxın günlərdə hesabat parlamentdə müzakirə olunacaq.

"Olaylar" xəbər verir ki, Palata tərəfindən 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10992,9 milyon manat vəsait əhatə olunub ki, bunun 22,9 faizi dövlət büdcəsinin xərcləri, 4,4 faizi büdcədənkənar fondların vəsaitləri, 0,09 faizi Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4 faizi beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2 faizi isə digər mənbələrdən ayrılan vəsaitlərdir.Qeyd olunur ki, hesabat ilində aparılmış auditlərlə yanaşı müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb, təhlillər nəzərə alınmaqla nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə 2,0 dəfə çox olub.


Hesabatda 2017-ci ildə palataya poçt, elektron poçt, teleqram və faks vasitəsilə 288 vətəndaş müraciəti - 47 ərizə, 82 şikayət, 159 təklif daxil olduğu, bunun ötən dövrlə müqayisədə 14,3 faiz az olduğu göstərilir. Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 faiz artıb. Sosial məsələlər ilə bağlı 62 (2016-cı il illə müqayisədə 10,7 faiz çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əməkhaqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31