DGK ilə QTA arasında Anlaşma Memorandumu imzalanıb

Mayın 11-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

DGK-dan "Olaylar"a verilən məlumata görə, Memorandumu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar. İmzalanma mərasimində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini şərtləndirən başlıca amillərdən biri də elmi əsaslara söykənən, dinamik dövlət idarəçiliyi metodlarının tətbiqidir. Komitə sədri qeyd edib ki, xüsusilə son illərdə aparılan mütərəqqi islahatlar iqtisadiyyatın, beynəlxalq ticarətin inkişafına təkan verməklə yanaşı, müxtəlif dövlət qurumları arasında dinamik, səmərəli əlaqələrin qurulmasına şərait yaradıb və Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu da bu istiqamətdə atılan mühüm addımlardan biridir.


Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dərin iqtisadi islahatlar həyata keçirildiyini, qida təhlükəsizliyinin təmin edilməsinin də bu islahatların tərkib hissəsi oduğunu bildirib. Diqqətə çatdırılıb ki, Anlaşma Memorandumunun imzalanması nəticəsində idxal və ixrac edilən qida məhsulları üzərində nəzarətin həyata keçirilməsi sahəsində sağlam təhlükəsizlik sisteminin qurulmasına şərait yaranıb. Qeyd edək ki, Anlaşma Memorandumunda ölkə ərazisinə idxal və ixrac olunan qida məhsulları, baytarlıq və fitosanitar yüklər haqqında məlumat mübadiləsinin təmin edilməsi, yüklər üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirlərin görülməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, risklər barədə məlumat mübadiləsinin təmin edilməsi, ölkə daxilində yaradılmış gömrük nəzarəti zonalarında yüklərə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti baxımından baxışın keçirilməsi, nümunələrin götürülməsinə və götürülmüş nümunələrin ekspertizaya cəlb edilməsinə Dövlət Gömrük Komitəsi tərəfindən şəraitin yaradılması, qida məhsullarına verilən sənədlərin "onlayn" rejimdə gömrük orqanları tərəfindən müşahidəsi və məlumat mübadiləsi məqsədilə tərəflərin müvafiq elektron sistemləri arasında inteqrasiyanın təmin edilməsi və digər məsələlər öz əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31