Nikol Paşinyan Mehri və İcevan dəmiryollarını işə salsa bütün problemləri həll edə biləcək
Mübariz Əhmədoğlu: “Paşinyanın savadı olsaydı, 2008-ci ildə Serj Sərkisyanın Bi-Bi-Si radiosuna verdiyi müsahibəni oxuyardı”
11 May 2018 12:54 SiyasətMübariz Əhmədoğlu: "Paşinyanın savadı olsaydı, 2008-ci ildə Serj Sərkisyanın Bi-Bi-Si radiosuna verdiyi müsahibəni oxuyardı"
Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət rəhbəri kimi ilk səfərini işğal altında olan Dağlıq Qarabağa etməsi və orada səsləndirdiyi sərsəm açıqlamalar onun da Qarabağ məsələsində əvvəlki hakimiyyətlər, daha dəqiq desək erməni xislətinə uyğun davranacağını ortaya qoymuş oldu. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu Nikol Paşinyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və orada səsləndirdiyi sərsəm açıqlamalara münasibət bildirərkən qeyd edib ki, Dağlıq Qarabağda olarkən davranışı və verdiyi bəyanatlar Nikol Paşinyanın münaqişənin tənzimlənməsinin gedişi barədə tam məlumatsız olduğunu göstərdi. Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 10 il çalışdı, amma Dağlıq Qarabağ ermənilərini danışıqlar stolu arxasına qaytara bilmədi: "Dağlıq Qarabağ erməniləri danışıq stoluna yalnız Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə qayıdacaq. Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlıları olmadan heç bir zaman Dağlıq Qarabağın statusunu müəyyən edə bilməyəcək. Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində əvvəlcə rəsmən məlumatlansaydı, daha düzgün olardı. Beynəlxalq aləm Dağlıq Qarabağ azərbaycanlılarının deportasiyasına hüquqi don geydirə bilməz. Nikol Paşinyan bunu dərk etməlidir". Mərkəz rəhbəri deyib ki, Dağlıq Qarabağ danışıqlarının iki əsas və iki maraqlı tərəfi var: "Ermənistan və Azərbaycan əsas tərəflər, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflərdir. Nikol Paşinyanın ağlı dərk etsəydi, başa düşərdi ki, Serj Sərkisyan və Edvard Nalbandyan 10 il ərzində yalnız Dağlıq Qarabağın statusunun müəyyən olunması və Dağlıq Qarabağ ermənilərinin danışıqlara qoşulması barədə yalnız şərti, gələcək zamana xitabən danışıblar. Nikol Paşinyan bəyanatları Serj Sərkisyanın dediklərinin təkrarıdır. Amma Nikol Paşinyan Serj Sərkisyan deyil. Serj Sərkisyan 10 il prezidentliyi dövründə tədricən aktyora çevrildi. Sərkisyanın yalançılıq qabiliyyəti prezidentliyinin 5-6 ilində effekt verməyə başladı. Yalnız 7-8 il prezident işlədikdən sonra Serj Sərkisyan yalanı geosiyasi parametrə çevirə bildi. Nikol Paşinyan isə düşünür ki, o indi yalanı geosiyasi parametrə çevirə biləcək. Serj Sərkisyan hakimiyyətə gələrkən ilk dövrdə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində tam fərqli mövqedə idi: O, Azərbaycanı Dağlıq Qarabağa investisiya qoymağa, Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə dəvət etdi". Mübariz Əhmədoğlunun sözlərinə görə, Nikol Paşinyanın savadı olsaydı, 2008-ci ildə Serj Sərkisyanın Bi-Bi-Si radiosuna verdiyi müsahibəni oxuyardı: "10 il bundan qabaq Azərbaycanla Ermənistan arasında hərbi, iqtisadi baxımdan fərq az idi. İndi Ermənistanla Azərbaycan arasındakı fərq hədsiz böyükdür. Ermənistan bütün parametrlər üzrə sürətlə geriləyir. Azərbaycan irəliləyir. Ermənistanın geriləmə sürətinin yüksək olması Ermənistanla Azərbaycan arasındakı fərqi uçuruma çevirən ən əsas faktordur. Nikol Paşinyan bu məsələ barədə düşünsə yaxşı olardı. Erməni xalqı Serj Sərkisyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı danışdığı 10 illik yalanlardan bezdi və təxminən 2 yüz minlik mitinqlə Nikol Paşinyanı müdafiə etdi. Nikol Paşinyan Serj Sərkisyanın yalanlarına sahib çıxır. Ermənilər Paşinyana 10 il vaxt verməyəcəklər. Nikol Paşinyanın davranışından verdiyi bəyanatlardan bəlli olur ki, Ermənistan ordusunun problemləri artıq ona bəllidir. Bu günədək Vigen Sərkisyan, E.Nalbandyan və Serj Sərkisyan Ermənistan ordusu barədə blef danışırdılar. Ermənistan ordusu barədə yalnız 2016-cı ilin aprel döyüşlərindən bir neçə gün keçmiş həqiqəti dedilər. Sonradan yenidən Ermənistan ordusunun vəziyyəti ilə bağlı blef danışmağa başladılar. Talehi hakimiyyəti onun əlinə salıb və Ermənistanda proseslərin necə davam edəcəyi həqiqətən N.Paşinyandan asılıdır":
Mərkəz rəhbəri hesab edir ki, Nikol Paşinyan Ermənistanda tez-tez hakimiyyətin dəyişilməsinin bünövrəsini qoya bilər: "Nikol Paşinyan mitinqlərin ruhunu Ermənistanda yeni sağlam, miflərdən azad, sabitləşmiş cəmiyyət quruculuğuna yönəldə bilər. Bu kontekstdən onun qarşısında 4 yol var: Ermənistanın bütün 4 qonşusu ilə normal münasibət qurmaqla erməni tarixində yeni istiqamət müəyyənləşdirə bilər. Cənubi Qafqazın sabitliyi və davamlı inkişafını prioritetə çevirməklə həm də Ermənistanın uğurlu perspektivini müəyyənləşdirə bilər. Qarabağ klanının məyyənləşdirdiyi kursu- həm Ermənistanı, həm də Dağlıq Qarabağ ermənilərini fəlakətə aparan, diasporu nüfuzdan salan kursu davam etdirə bilər". Mübariz Əhmədoğlu deyib ki, Nikol Paşinyanın inqilabı dövründə Rusiya ekspertləri erməni xalqının təhlükəsizliyinin təmini üçün Ermənistanın Rusiyaya birləşməsini variant kimi aktuallaşdırıblar: "Serj Sərkisyanın hakimiyyətinin son 2 ilində Rusiya vətəndaşlığını qəbul edən ermənilərin sayı artıb. Ermənistan referendum keçirərək Kalininqrad statusu ilə Rusiyanın tərkibinə birləşə bilər. Erməni xalqı, ordusu heç vaxt Azərbaycan torpaqlarını işğal edə bilməzdi. Azərbaycanın torpaqlarının işğalının ən birinci faktoru Azərbaycanın daxilindəki xaos, hakimiyyətlərin tez-tez dəyişilməsi idi. İndi Nikol Paşinyan artıq Ermənistanda hakimiyyətlərin dəyişilməsini siyasi oyunların dəsti-xəttinə çevirir. İran da, onun Ermənistana və Azərbaycana münasibəti də 10 il bundan əvvəlki kimi deyil. Rusiya ilə münasibətlərin yalnız müsbət tərəfə inkişaf etdiyini bildirən Nikol Paşinyan bu məsələdə əvvəlki liderləri üstələyə bilər. Serj Sərkisyan Rusiyanı aldatmaqla, riyakarlıqla məşğul idi. Ermənistanla Rusiya arasında sərfəli və etibarlı kommunikasiya olan Mehri dəmiryolunun açılmasına imkan vermədi. Nikol Paşinyan özünün yeniyetməlik dövrünə, İcevana qayıtmalıdır. Paşinyan Ermənistan-Azərbaycan sərhədində yerləşən ən böyük dəmir yolu qovşağlarından birində yaşayıb. Qohumları həmin dəmir yolundan pul qazanıblar. SSRİ vaxtında Moskva-Tehran dəmir yolu Mehridən keçirdi. Rusiya ilə əlaqələri inkişaf etdirmək istəyirsə, hökmən ən sərfəli, etibarlı və ən özünü doğruldan Mehri və İcevan dəmiryollarını açmalıdır".
Füzuli