BMT-də Azərbaycanda insan hüquqlarının vəziyyətinə baxılacaq

Mayın 15-də BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupu Azərbaycanda insan hüquqlarının vəziyyətini üçüncü dəfə nəzərdən keçirəcək.

Təşkilatın Bakı ofisininm informasiya departamentindən verilən məlumata görə, Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə baxılacaq. Mayın 15-də baş tutacaq iclas internet üzərindən canlı yayımlanacaq. Azərbaycan UDİ üzrə İşçi Qrupunun 7-18 may tarixlərində keçiriləcək növbəti sessiyası zamanı nəzərdən keçiriləcək 14 dövlətdən biridir. Azərbaycan üzrə birinci və ikinci UDİ baxışları müvafiq olaraq 2009-cu ilin fevral və 2013-cü ilin aprel aylarında keçirilib.

UDİ baxışı aşağıdakı sənədlərin əsasında aparılır. Birincisi, milli hesabat - nəzərdən keçirilən dövlət tərəfindən təqdim olunan məlumatlar, ikincisi, xüsusi prosedurlar üzrə mandat daşıyıcılarının (insan hüquqları üzrə müstəqil ekspertlər və qruplar), insan hüquqları üzrə müqavilə qurumlarının və digər BMT qurumlarının hesabatlarında təqdim olunan məlumatlar, üçüncüsü, milli insan hüquqları təsisatları, regional təşkilatlar və vətəndaş cəmiyyəti qrupları da daxil olmaqla, digər maraqlı tərəflərin təqdim etdiyi məlumatlar.

Qeyd edək ki, UDİ mexanizmi BMT-yə üzv olan 193 Üzv Dövlətdə insan hüquqlarının vəziyyətinin dövri təhlilinin həyata keçirildiyi unikal prosesdir. UDİ mexanizminin 2008-ci ilin aprelində keçirilmiş birinci iclasından indiyədək UDİ prosesinin 1-ci və 2-ci siklləri ərzində BMT-nin 193 Üzv Dövlətinin hər biri üzrə iki dəfə baxış keçirilib. Üçüncü sikl zamanı dövlətlərdən əvvəlki baxışlar zamanı onlara verilmiş və yerinə yetirməyi öhdələrinə götürdükləri tövsiyələrin icrası ilə bağlı görülən tədbirləri təfsilatlı şəkildə təsvir etmələri, eləcə də ölkədə insan hüquqları sahəsində baş vermiş son prosesləri diqqətə çatdırmaları gözlənilir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın nümayəndə heyətinə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini cənab Xələf Xələfov rəhbərlik edəcək.

Azərbaycan üzrə baxışla bağlı məruzəçi qismində Birləşmiş Ərəb Əmirlikləri, Ekvador və Sloveniya nümayəndələri çıxış edir.

UDİ üzrə İşçi Qrupunun Azərbaycanla bağlı tövsiyələri 17 may 2018-ci il tarixində, saat 17:30-da qəbul etməsi planlaşdırılır. Baxış keçirilən Dövlət müvafiq baxış zamanı ona verilən tövsiyələrlə bağlı mövqeyini bildirə bilər. Tövsiyələr həmin gün əvvəlcədən mediaya təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31