“Heydər Əliyev bütün dövrlərdə xalqın ümidlərini doğruldub”
10 May 2018 15:41 SiyasətOqtay Əsədov: "Azərbaycanın müstəqilliyini qorumaq Heydər Əliyevin sayəsində mümkün olub"
Milli Məclisin mayın 10-da keçirilən xüsusi iclası Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilib. İclasda Milli Məclisin spikeri Oqtay Əsədov məruzə ilə çıxış edib. Spiker bildirib ki, Azərbaycan dövlətinin müstəqilliyi Heydər Əliyevin sayəsində qorunub, saxlanıb. Heydər Əliyev bütün dövrlərdə xalqın ümidlərini doğruldub, əsl lider olduğunu nümayiş etdirib: "SSRİ-də ən geridə qalmış ölkə olan Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə inkişaf edib. Heydər Əliyevin sayəsində Azərbaycan dili dövlət dili kimi Konstitusiyada əksini tapıb. SSRİ-nin müxtəlif şəhərlərinə gənclərimiz ali təhsil almağa göndərilib. Heydər Əliyev SSRİ Nazirlər Kabinetində çalışarkən də Azərbaycan üçün çox iş görüb. 1987-ci ilin oktyabrında Heydər Əliyev SSRİ-də hakimiyyətdən uzaqlaşdırılandan sonra isə Azərbaycanın faciələri başladı". O. Əsədov 1990-cı illərin əvvəlində o vaxtkı rəhbərliyin təcrübəsizliyi, naşılığı səbəbindən Azərbaycanın müstəqilliyinin təhlükə altına düşdüyünü qeyd edib : "Xalq Cümhuriyyətinin müstəqilliyini qorumaq mümkün olmasa da, Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq məhz Heydər Əliyevin sayəsində mümkün olub. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi, ölkənin ictimai-siyasi həyatı üçün çox mühüm qərarlar qəbul edildi. Heydər Əliyevin xilaskarlıq missiyasında ilk addım ölkəni parçalanmaqdan qorumaq olub. Milli Ordumuz gücləndirildi, Azərbaycanla silah dilində danışmağın mümkün olmadığı ortaya qoyuldu və atəşkəs müqaviləsi imzalandı". MM sədri əlavə edib ki, Heydər Əliyevin uzagörən siyasəti nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması və neft kəmərlərinin çəkilişi ilə iqtisadi tənəzzülə son qoyuldu: "Ümumilli liderin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyanın qəbul edildi. Şərq aləmində ilk dəfə ölüm cəzası ləğv olundu. Eyni zamanda siyasi partiyaların fəaliyyəti üçün şərait yaradıldı, azərbaycançılıq milli ideologiyaya çevrildi. Dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları yaradıldı". Spiker qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə hüquqi demokratik dövlət quruculuğu üçün bütün əsaslar yaradılıb: "Bu siyasi kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ". O. Əsədov bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməz və unudulmazdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün bölgədə və dünyada söz sahibidir. Dövlət başçısının dediyi kimi, Azərbaycan bu gün tam mənada müstəqil siyasət aparır, öz siyasətində yalnız Azərbaycan xalına arxalanır". Milli Məclisin sədri qeyd edib ki, parlament müasir Azərbaycanda xalqın suveren hüquqlarını müdafiə edən orqandır: "Heydər Əliyevdən güc almış inkişaf strategiyası prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da gözəl günlərə yaşamasında əsas rol oynayacaq".
Milli Məclisin birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, Ümummilli liderin rəhbərliyi dövründə islahatların hüququ bazası yaradılıb, insanların hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilib, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məqsədilə xeyli tədbirlər həyata keçirilib: "Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində əldə edilən uğurların miqyasını daha da genişləndirir: "İqtisadi inkişaf üçün hüquqi baza və islahatlar əlverişli biznes mühitini yarada bilər. Demokratik sistemin aliliyini təmin edən ölkələr daha sürətli inkiaşfa nail olur. İqtisadi inkişafı hüquqi islahatlarla birlikdə həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyduqda həmin ölkələrdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur". O, qeyd edib ki, dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra əldə edilən iqtisadi uğurlar beynəlxalq qiymətləndirmələrlə təsdiq edilib: "Yoxsulluq səviyyəsinin azaldılması, təhsil və səhiyyə islahatları əhəmiyyətli dərəcədə yaxşılaşdırılır. Bu inkişafı şərtləndirən amillər Prezident İlham Əliyevin islahatlar konsepsiyasının tərkib hissəsi olub. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək məhkəmə inzibati idarəçilik və kadr islahatları həyata keçirilir. Prezident İlham Əliyevin hakimiyyəti illərində illərində məhkəmə sistemi daha da təkmilləşdirildi.İqtisadi fəaliyyətin subyektləri ilə cəmiyyətin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də onu qorumaq heç də asan deyil". Z.Əsgərovun sözlərinə görə, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev tərəfindən ordu quruculuğunda həyata keçirdiyi tədbirlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan ordusu regionun ən güclü ordusu olmaqla xalqımıza güvən hissi verir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf edən, demokratikləşən və yeniləşən ölkəsinə çevrilib, beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Bir sıra siyasi dairələr və onların maraqlarına xidmət edən təşkilatlar, antimilli ünsürlər tərəfindən aparılan qara piyara baxmayaraq Azərbaycan tam müstəqil siyasət yeridən ölkə olduğunu nümayiş etdirir".
Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, Ulu Öndər Heydər Əliyev 15 ildir cismən bizi tərk edib. Amma elə bir gün yoxdur ki, dahi şəxsiyyət xatırlanmasın: "Ulu Öndərin daim var olması üçün bu irsə yaradıcı yanaşmalı, irəliyə aparmalıyıq. Necə ki, bu gün prezident İlham Əliyev bu işi irəliyə aparır. Biz də öz növbəmizdə prezident İlham Əliyevə dəstək olmalıyıq. Ümummilli Lider Heydər Əliyev sağlığında yalnız öyünmür, o həm də tənqid olunurdu. Ulu Öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Bu gün bu salonda əyləşən həmkarlarımızdan bəziləri də vaxtilə Ümummilli Lideri tənqid ediblər. Lakin illər keçdikcə onlar Ulu Öndər irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir. Biz Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi haqqında danışanda, Azərbaycanın 95 illiyi haqqında danışırıq. Ümummilli lier hər zaman bizə kəskin olduğumuz halda düzgün yol göstərib, məsələni bir-birini anlamaqla yola qoymağı tövsiyə edib". B. Muradova qeyd edib ki, zamanında Ulu Öndər Heydər Əliyevi özünə qarşı görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər: "Onun liderliyi, tam şəxsiyyət olması da bundadır. Amma nədənsə bu gün həmin insanlar burada çıxış etmirlər. Nədən çəkindiniz sosial şəbəkələrdənmi? Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Ulu Öndər Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ulu Öndəri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevələrin ürəyində yaşayacaq. Bir sözlə Onun dövlətə xalq, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər Ulu Öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli Lideri sevməyənlərin isə gözünü qamaşdıracaq".
Deputat Siyavuş Novruzov qeyd edib ki, Ulu Öndər Azərbaycanın bütün qayğılarını əzbər bilən insan idi: "Biz Ümummilli Lider Heydər Əliyevin nə qədər dövlətçi insan olduğunu və dövlət maraqlarını hər şeydən üstün tutduğunun şahidiyik. Ulu Öndər Heydər Əliyevin ədalətli insan olduğunu xüsusi vurğulayan deputat söyləyib ki, O, sosial ədalət prinsipi ilə yaşayırdı. Hərçənd ki, vaxtilə Ulu Öndərə qarşı Moskvada, Azərbaycanda bəzi insanlar tərəfindən ədalətsizlik edildi, amma bütün bunlara baxmayaraq, hər kəsə ədalətlə yanaşır, olanları bağışlayırdı. Ümummilli Lider Heydər Əliyev ədalətsizliyə qarşı mübarizə aparırdı. Dahi şəxsiyyət mübariz idi. Amma Ümummilli lider Heydər Əliyevi ağırıdan məsələ Onun çörək verdiyi insanların sonradan xəyanət etməsi oldu". S.Novruzov qeyd edib ki, Ulu Öndər ümumbəşəri şəxisyyətdir: "O, bütün bəşəriyyət üçün çalışıb. Ümummilli lider partiya yaratmaq istəmirdi. Lakin sonradan əhalinin vəziyyətini gördükdən sonra YAP-ı yaratdı. Yeni Azərbaycan Partiyası Ulu Öndərin əsasını qoyduğu siyasətin davam etidiriməsi istiqamətində əsaslı işlər aparır. Çünki bu siyasət Ulu Öndərin siyasi xəttidir. Bizim borcumuz müstəqil Azərbaycanın daimi olması üçün çalışmaqdır".
Alim