Spiker: “Heydər Əliyevin rəhbərliyi dövründə hüquqi demokratik dövlət quruculuğunun əsasları yaradılıb”
10 May 2018 13:00 Siyasət"Heydər Əliyevin uzagörən siyasəti nəticəsində "Əsrin müqaviləsi"nin imzalanması və neft kəmərlərinin çəkilişi ilə iqtisadi tənəzzülə son qoyuldu".
Bunu Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında spiker Oqtay Əsədov deyib. Spiker Ümumilli liderin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyanın qəbul edildiyini bildirib: "Şərq aləmində ilk dəfə ölüm cəzası ləğv edildi. Eyni zamanda siyasi partiyaların fəaliyyəti üçün şərait yaradıldı, azərbaycançılıq milli ideologiyaya çevrildi. Dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları yaradıldı". Spiker qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə hüquqi demokratik dövlət quruculuğu üçün bütün əsaslar yaradılıb: "Bu siyasi kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ". O. Əsədov bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməz və unudulmazdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün bölgədə və dünyada söz sahibidir. Dövlət başçısının dediyi kimi, Azərbaycan bu gün tam mənada müstəqil siyasət aparır, öz siyasətində yalnız Azərbaycan xalına arxalanır".
Milli Məclisin sədri qeyd edib ki, parlament müasir Azərbaycanda xalqın suveren hüquqlarını müdafiə edən orqandır: "Heydər Əliyevdən güc almış inkişaf strategiyası prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da gözəl günlərə yaşamasında əsas rol oynayacaq".