AHİK sədri Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin nümayəndələri ilə görüşüb
10 May 2018 11:50 SiyasətAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev Bakıda "Təhsildə gender bərabərliyinin gücləndirilməsi" mövzusunda keçirilmiş plenar iclasın təşkilatçısı olan Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin direktoru Susan Flokeni və qurumun bürosunun üzvü Mike Jenningsi qəbul edib.
AHİK-dən "Olaylar"a verilən məlumata görə, Səttar Möhbalıyev əvvəlcə qonaqlara iclası yüksək səviyyədə keçirdiklərinə görə təşəkkürünü bildirib. Deyib ki, Azərbaycanda belə tədbirlərin davamı olacaq: "Ola bilsin ki, növbəti tədbir ekspertlər səviyyəsində keçirilsin. Biz həmişə sizə dəstək verməyə hazırıq". S.Floken dedi ki, bu iclas da, əvvəlkilər kimi, uğurlu keçdi. Gözlədiyimiz nəticəyə nail olduq. Şəxsən Sizin dəstəyiniz tədbirin sanbalını qat-qat artırdı. AHİK sədri kimi ölkə ictimaiyyəti arasında qazandığınız hörmətin nəticəsidir ki, iclasda həmkarlar ittifaqı liderləri, fəalları ilə yanaşı hökumət nümayəndələri də iştirak edirdilər:"Biz iclasda sizinlə günümüzün çox mühüm, aktual problemlərini gündəmə gətirdik və birlikdə çıxış yolu axtardıq. Təhsildə hər iki cinsin nümayəndələri üçün eyni şəraitin yaradılması, müəllimlərin daimi iş yerləri ilə təminatı, şagirdlərin təhsili və sair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Hörmətli Səttar Möhbalıyev, mən də güman edirəm ki, bu tədbir gələcək müştərək layihələrimizin başlanğıcıdır".
Görüşdə qitə ölkələri həmkarlar ittifaqlarında gedən proseslərə də toxunulub. Susan Floken bəzi MDB ölkələrində həmkarlar ittifaqı mərkəzlərinin beynəlxalq normalara əməl etmədiyini, demokratiya prinsiplərini pozduğunu söyləyib. Həmin təşkilatların fəaliyyətlərini demokratik əsaslar üzərində qurmasında, regionun ən nüfuzlu təşkilatı kimi, AHİK-in köməyinə böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb: "Hörmətli sədr, Siz böyük təcrübəyə maliksiniz, dünya, Avropa həmkarlar ittifaqı hərəkatının aparıcı simalarındansınız. Rəhbərlik etdiyiniz AHİK bütün beynəlxalq qurumlar tərəfindən demokratiyanın bayraqdarlarından biri kimi tanınır. Güman edirik ki, region həmkarlar ittifaqları mərkəzləri üçün Sizin məsələhətləriniz həlledici rol oynayar. Siz onları öz təşkilatınızın nümunəsi əsasında demokratiyanın faydasına inandıra bilərsiniz". S.Möhbalıyev böyük məmnuniyyətlə bölgə həmkarlar ittifaqlarında demokratiyanın həlledici amilə çevrilməsi işində öz qüvvəsini sərf etməyə hazır olduğunu bildirərək deyib ki, istər Qazaxıstanda, istərsə də digər ölkələrdə həmkarlar ittifaqı liderləri ilə ikitərəfli danışıqlar aparacaq:"Amma beynəlxalq qurumlar, o cümlədən Sizin təşkilat milli həmkarlar ittifaqı mərkəzlərinə yanaşmada dəyişikliklər etməlidir. Üzvlüyə qəbul məsələsinə yenidən baxılmalıdır. Bildiyiniz kimi, MDB ölkələri həmkarlar ittifaqı keçmiş SSRİ-nin şinelindən çıxıb. Onların birdən-birə Avropa demokratiyasına yiyələnməsi reallıq baxımından qeyri-mümkündür. Beynəlxalq təşkilatlar bu amili nəzərə almalıdırlar. Milli mərkəzləri sıralarına cəlb etməlidirlər ki, onları beynəlxalq hüquq əsasında fəaliyyət göstərməyə yönəltmək imkanı əldə etsinlər".