Nazir: “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni və dini abidələr məhv edilib”
7 May 2018 15:46 SiyasətAzərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxış edib.
XİN-dən "Olaylar"a verilən məlumata görə, nazir qeyd edib ki, İslam dünyasının ağrılı məsələlərindən biri dünyada ən böyük qaçqın böhranı olan Rohinqya Müsəlmanlarının vəziyyətidir. 2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinqya müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və biz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcəyik. Azərbaycan bir sıra İƏT üzv dövlətlərində daha böyük təhlükəsizlik problemlərinə, bəzi regionlarda siyasi qeyri-sabitliyə, geniş miqyaslı deportasiya və misli görünməmiş humanitar böhrana səbəb olan müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirir.Azərbaycan, xüsusilə Fələstin, Cəmmu və Kəşmir və Avropada müsəlman azlıqları üzrə İƏT Kontakt qrupları olmaqla, digər İƏT üzv ölkələri ilə birlikdə üzv olduğu Kontakt qruplarının fəaliyyətini intensivləşdirmək üçün səylərini davam etdirəcəkdir. İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar bizim dərin narahatlığımıza səbəb olur. Biz, üzv dövlətlər və İƏT, bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik. Əvvəllər olduğu kimi, Azərbaycan bu məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edir və biz Fələstin məsələsinin ədalətli və davamlı həlli üçün həmrəyliyimizi və davamlı dəstəyimizi təsdiqləyirik. Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: "Biz həmçinin, 2018-ci ilin sonunda Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, Fələstin xalqı və dövlətinin mövcud problemlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaq".
Nazir əlavə edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20% -i, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğu, həmçinin təxminən bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır: "Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilmiş və təhqirə məruz qalmışdır. Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır, çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur. İƏT-ə üzv ölkələrinin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edirəm".