Azərbaycanın ilk baş naziri - Fətəli Xan Xoyski
7 May 2018 13:36 Siyasət"Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm"
Azərbaycanın şəhid olmuş ilk baş naziri, AXC-nin qurucularından biri Fətəli Xan Xoyski Şəki şəhərində anadan olub. Əsli Xoy şəhərindən, Şəki xanı Cəfərqulu xanın nəslindəndir.
Olaylar.az "Belə belə işlər"-ə istinadən xəbər verir ki, 1907-ci ildə Yelizavetpol (Gəncə) quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilir. Dumanın iclaslarında türklərin hüquqlarını müdafiə edir. Duma buraxıldıqdan sonra Xoyski bir müddət Gəncədə, 1913-cü ildən etibarən isə Bakıda andlı iclasçı kimi işləməyə başlayır. Çar Rusiyasının süqutundan sonra Zaqafqaziya seyminin müsəlman-türk fraksiyasının üzvlərindən biri də Fətəli xan idi.
Mayın 27-də Azərbaycanın Milli Şurası yaradılır. Məmməd Əmin Rəsulzadə milli şuranın sədri, Fətəli Xan Xoyski isə icraiyyə komitəsinin rəhbəri seçilir.
Mayın 28-də Milli Şura Azərbaycan Cümhuriyyətinin müstəqilliyini bəyan edir və ilk baş nazir Fətəli Xan Xoyski seçilir.
Milli Şura İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edir. Hökümət bu addımı atmağa məcbur qalır. Çünki hələ cümhuriyyət ordusu qurulmamışdı. ermənilər bundan sonra Azərbaycana olan ərazi iddialarından əl çəkəcəkdi.
Xoyskinin Hacınskiyə göndərdiyi məktubdan: "Onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar"
Xoyski 1918-ci il mayın 30-da dünya ölkələrinə teleqram göndərir. Şərqdə ilk demokratik dövlətin yarandığını elan edir.
Xoyski höküməti Azərbaycanı erməni-bolşevik qırğınlarından xilas etmək üçün iyunun 19-da hərbi vəziyyət elan edir. Dövlət dili və bayraq haqqında qərarlar qəbul edir. İyunun 26-da yaradılan Azərbaycan ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Gəncə və Bakını xilas edir.
Bakı Dövlər Universitetinin yaranma təşəbbüsü də Xoyskiyə məxsusdur.
AXC-nin 23 aylıq fəaliyyəti dövründə Xoyski müxtəlif zamanlarda xarici və daxili işlər, hərb, Ədliyyə naziri vəzifələrini tutub. 1920-ci ildə AXC-nin süqutundan sonra Xoyski Tiflisə gedir. O, Azərbaycanın müstəqilliyi üçün yenidən çalışacaqlarına ümid edirdi. Amma bolşeviklər tərəfindən təqib edilən Fətəli Xan Xoyski 1920-ci ildə Tiflisdə erməni daşnakları tərəfindən güllələnərək qətlə yetirilir. O, Tiflisdə Mirzə Fətəli Axundovun məzarı yanında dəfn edilib.