Ermənistandakı mitinqlər Dağlıq Qarabağ münaqişəsinə tam laqeydlik nümayiş etdirdi
7 May 2018 13:20 SiyasətMübariz Əhmədoğlu: "Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanın dirçəlməsi, erməni xalqının öz dövlətçiliyini müdafiə etməsi mümkün deyil"
Ermənistanda daxili siyasi gərginlik davam edir. Serj Sərkisyanın baş nazir postundan uzaqlaşdırılmasından sonra bu posta inqilabçı lider Nikol Paşinyanın əyləşə bilməməsi, daha doğrusu Ermənistan parlamentində keçirilən səsvermə zamanı Paşinyana etimad göstərilməməsi yeni İrəvan küçələrində etiraz aksiyalarının kütləviliyini artırıb. Artıq bir həftəyə yaxındır ki, işğalçı ölkənin paytaxtı idarəolunmaz vəziyyətə düşüb. Aksiyalara əsas aparıcı qüvvəsə sayılan tələbələrin də qoşulması mərkəzi hakimiyyəti ciddi addımıar atmaq məcburiyyətində qoyub. Belə ki, Ermənistanın bütün bölgələrində olan, hətta işğal altındakı Azərbaycan ərazilərindəki erməni hərbi birləşmələri paytaxt İrəvana gətirilərək şəhərə yaxın ərazilərdə hazır vəziyyətdə saxlanılıb. İndi Ermənistanda xalqla hərbiçilər, eləcə də digər hüquq-mühafizə orqanları arasında ciddi bir qarşıdurmanın, vətəndaş mühairbəsinin başlama ehtimalı ən yüksək səviyyədədir. Xırda bir qığılcım kifayət edir ki, İrəvan küçələrində bir neçə il əvvəl mart ayında baş verənlərdən daha şiddətli bir ssenari yaşansın və qarşıdurma baş versin.
İrəvanda kütləvi aksiyaların davam etdiyi və hərbi birləşmələrin, ordunun xalqa qarşı hazır vəziyyətə gətirildiyi bir vaxtda ermənilərin işğal altında saxladıqları Qarabağda demək olar ki, müdafiəsiz bir vəziyyət mövcuddur. Qarabağdakı hərbi birləşmələrin paytaxt İrəvana çağrılması Azərbaycan üçün erməni işğalı altında olan ərazilərini geri qaytarmaq üçün əlverişli şərait yaradıb desək yanılmarıq. Mövcud vəziyyət həm də onu deməyə əsas verir ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə Qarabağ məsələsini arxa plana keçirib. Elə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da bu qənaətdədir. Mərkəz rəhbəri bildirib ki, Ermənistanda baş verən son proseslər Dağlıq Qarabağ prizmasından diqqət çəkir: "Yerevanda keçirilən mitinqlərdə Dağlıq Qarabağ məsələsi ümumiyyətlə hallanmadı. Həmçinin bu müddət ərzində Dağlıq Qarabağın bayrağı görünmədi. Dağlıq Qarabağ məsələsində tənzimlənmənin son gedişi ermənilər üçün ürək açan olmadığına görə heç bir məlumat verilmədi". Mübariz Əhmədoğlu deyib ki, Nikol Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi bəllidir: "Deputat Arman Saqatelyanın söylədikləri faktdır. Bako Saakyan Nikol Paşinyanla görüşsə də, mitinq iştirakçılarına birbaşa müraciət edə bilmədi. Bunu hansı səbəbdən edə bilməməsi əhəmiyyətli deyil. Bako Saakyan vaxtını çoxunu Yerevanda keçirir. Dağlıq Qarabağda yaşamaqdan artıq qorxur". Mərkəz rəhbərinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanın dirçəlməsi, erməni xalqının öz dövlətçiliyini müdafiə etməsi mümkün deyil: "Dağlıq Qarabağda baş verənlər Ermənistandakı mitinqlərin alt layı hesab oluna bilər. Dağlıq Qarabağın daxilində kifayət qədər ciddi proseslər gedir. Ermənistan rəhbərliyinin ən böyük uğuru bəlkə də bu mitinqləri Amerikayönümlü elan etməsi oldu. Məhz bu səbəbə görə Dağlıq Qarabağ erməniləri hələ ki, tərəddüd edir. Amma bir azdan Dağlıq Qarabağ erməniləri tam inanacaqlar ki, Ermənistandakı mitinqlərin motivasiyasının nə olmasından asılı olmayaraq səbəbi Ermənistan rəhbərliyinin apardığı siyasətdir". Politoloq qeyd edib ki, prezident Serj Sərkisyanın dövründə Ermənistan kilsəsi mənəviyyatsızlıq yuvasına çevrildi, diasporla Ermənistan arasında uçurum yarandı. Demoqrafik problem meydana gəldi. Miqrasiyanın rəqəmləri hədsiz çox böyük idi. Bu rəqəmlər demoqrafik problemə tam şərait yaratdı. Ermənistanın xarici borcu ən azı 7 dəfə artaraq 7 milyard dollar oldu. Serj Sərkisyanın dövründə Ermənistanın yeganə "uğuru" var. O da Dağlıq Qarabağ məsələsində münaqişənin tənzimlənməsinə imkan verməməkdir. Bu uğuru əldə etmək üçün Serj Sərkisyan Birləşmiş Ştatların adından Rusiyaya, Rusiyanın adından ABŞ-a yalanlar danışıb. Nəticədə, özü müdafiəsiz qaldı. Amma bu o demək deyil ki, Dağlıq Qarabağ tənzimlənməsində Serj Sərkisyan istədiyinə nail oldu. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini 10 il yubatmaq Ermənistanın iqtisadiyyatının dirçəlməsini 20 il geri atmaq anlamındadır".
Füzuli