Televiziyalarda hətta ara həkimlər reklam edilir
4 May 2018 15:57 SiyasətMillət vəkilləri keyfiyyətsiz dərman və həkimlərin reklamına etiraz ediblər
Milli Məclisin mayın 4-də keçirilən plenar iclasında Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov hesabat verib. Hesabatın müzakirəsi zamanı millət vəkili Zahid Oruc qeyd edib ki, Fransada Azərbaycana qarşı söyüş kampaniyası aparan Vidadi İsgəndərli ilə bağlı həmin dövlətlərə xəbərdarlıq edilməlidir. Deputat bildirib ki, Vidadi İsgəndərli Azərbaycanın dövlət adamları və övladlarına qarşı siyasi terror təşkil edəcəkləri ilə hədələyir: "Hesab edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu insanların insanlar alveri təşkilatçıları olduğunu bildirməlidir. Eyni zamanda Azərbaycan tərəfi bu adamlara sığınacaq verən ölkələrə bildirməlidir ki, siz, bu şəxslərdən Azərbaycana qarşı siyasi istismar kimi istifadə edirsiniz". Deputat həmkarına dəstək verən millət vəkili Siyavuş Novruzov əlavə edib ki, hər hansı ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada insan alveri, narkotik dövriyyəsi, uşaqların əməyə cəlb olunması baş alıb gedəcək, qanunvericiliyin pozulması nəticəsində bu məsələlər daha da genişlənəcək. Azərbaycan bu məsələlərə görə nümunəvi ölkələrdəndir. Deputat bildirib ki, bu gün Avropa ölkələrində insan alveri ilə bağlı rəqəmlər Azərbaycanla müqyisədə qat-qat üstədir: "Avropa ölkələrində insan alverinin qurbanları müxtəlif işlərə cəlb edilir, miqrantlar konslagerlərdə saxlanılırlar. Amma buna baxmayaraq, həmin ölkələr başqalarına demokratiya haqqında dərs verməyə çalışırlar. Həmin ölkələrdə vəziyyəti gördükdə deyə bilərik ki, Azərbaycanda insan alveri ilə bağlı iş çox yaxşı qurulub". S. Novruzov qeyd edib ki, Prezident tərəfindən imzalanan sərəncamlar, eləcə də Milli Məclis tərəfindən qəbul olunan qanunlar ölkəmizdə insan alverinin qarşısını alır:"Ölkəmizə son illər turist axını artıb. Onlar üçün ölkəmizdə hərtərəfli şərait yaradılır. Bu şərait insan alveri predmetini ortaya çıxır. Lakin bu istiqamətdə görülən işlər bu məsələlərin aşağı düşməsinə səbəb olur. Bəşəriyyətdə ən ağır cinayətlərdən biri insan alveridir və terrorla birgə tutulmalıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycana gələn turistlər insan alveri ilə bağlı addımlara əl atdıqda, ölkəmizin qanunları qarşısında cavab verməlidirlər". S.Novruzov Avropada Azərbaycan hakimiyyəti əleyhinə çıxışlar edən mühacirlər məsələsinə də toxunub: "Avropada Azərbaycanın əleyhinə bir qrup insan çıxış edir. Dəfələrlə demişəm ki, bunun qarşısı alınmalıdır. Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər".
Millət vəkilləri hesabatı qəbul etdikdən sonra "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsini aparıblar. Qanun layihəsi barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib ki, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunlar qəbul edərkən onların maliyyə təminatı barədə də bizə məlumat verilməlidir. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında göstərilib ki, ölkədə 620 min əlil var,onların 72 mini 18 yaşa qədər olan uşaqlardır: "2014-2018-ci illərdə əlillələrin mənzil təminatı ilə bağlı Prezident sərəncam imzalayıb. 2018-ci ilin sonuna qədər 5731 əlilin mənzil təminatı həll olunmalı idi.Dövlətin bu əlilləri ən azı ağlabatan müddətdə evlə təmin etmək imkanı yoxdursa, o zaman biz bu qanunu niyə qəbul edirik? 5731 nəfərdən neçəsinin evlə təmin edilib? Nazir müavini xahiş edirəm bu barədə məlumat versin. Nazirliyin saytında bu rayonlar üzrə qeyd edilib. Mən Zərdab rayonu üzrə rəqəmlərə baxdım. Məlum oldu ki, ötən il 67 nəfər ev növbəsinə durub, cəmi 7 nəfər evlə təmin edilib. Bu hüququ onlara verib evlə təmin etməyəcəyiksə, həmin şəxsləri dövlət orqanlarının qapısında qoymağa ixtiyarımız yoxdur.Bu tipli qanunlar müzakirəyə çıxarılarkən əlillərin sayı, onların mənzillə təminatı üçün hansı işlər görüləcəyi barədə məlumat verilsin". Deputat Əli Məsimli qeyd edib ki, əlilliyin müəyyənləşdirilməsində istiqamətində xeyli işlər görülür, amma yenə də idarələr arasında süründürməçiliklər var. O, əlillərə verilən müavinətlərin artırılmasını təklif edib: "Bu gün I qrup Qarabağ əlilinə 182, II qrup 154, III qrup 121 manat pul verilir. I qrup mülki əlillərə isə 124, II qrupa 61 , III qrup əlillərə i52 manat vəsait verilir. 52 manat nə deməkdir? Bu kifayət qədər az məbləğdir. Hesab edirəm ki, əlillərin aldığı müəavinəti 2 dəfə artırmaq lazımdır. Həmin müavinətlər 300 manat olmalıdır ki, həmin şxəslərin heç olmasa dərmanına çatsın". Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov qeyd edib ki, əlil və şəhid ailələrinin evlə təmin edilməsi məqsədilə iş aparılır: "Bu gün Azərbaycan Respublikası müharibə şəraitində yaşayan ölkədir. Bu gün əlillərin evlə təmin olunması ilə 2014-2018-ci illərdə Dövlət proqramı əsasında həyata keçirilir. Azərbaycan ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərə evlərin verilməsi zamanı üstünlük verilir. Ancaq biz bu kateqoriyadan olan insanların evlə təmin olunmasını tam əhatə etməmişik. Şəhid ailələrinin ailələri, Qarabağ əlillərinə fərdi yaşayış evləri ilə təminatı məsələsi barədə məlumatlar nazirliyin saytında var. Bu hər il 350- 400 nəfəri əhatə edir. Ümid edirəm ki, 2014-2018-ci illərdə Dövlət proqramı yenidən hazırlanacaq və biz bu insanları evlə təmin edəcəyik. Digər əlillərin isə müvafiq icra hakimiyyəti tərəfindən evlə təmin edilməsi istiqamətində iş aparılır". Ardınca deputatlar telekanallarda sosial reklamlar əvəzinə, həkimlərin və keyfiyyətsiz dərmanların reklamına etiraz ediblər. Millət vəkili Elmira Axundova deyib ki, sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir. Hətta bu bənd televiziyalar qarşısında bir vacib vəzifə kimi qoyukub: "Lakin görürük ki, bizim bu qanunumuza telekanallar elədə əməl etmir. Sosial reklam məsələsi bir mühüm problem kimi, efir məkanında qalmaqdadır. Eləcədə mobil telefon istifadəçilərinin razılığı olmadan onlara bezdirici reklamların göndərilməsi problemi qalmaqdadır. Halbuki, biz bunu da həmin qanunla qadağan etmişik. Ona görə mən yenə də qanunlarımızın icrasına görə nəzarət mexanizmlərinə diqqət yetirmək istəyirəm. Biz çox gözəl qanunlar işləyib hazırlayırıq, lakin onların icrası çox zəifdir. Və bu da Milli Məclisin imicinə xələl gətirir. Ona görə müvafiq orqanlardan tələb etmək lazımdır ki, müvafiq qanunlarımızın icrasına nəzarəti gücləndirsinlər. İkinci mənim təklifim 14.1-maddəyə aiddir. Burada yazılır ki, yayımlanan reklam "vizual (görüntülü) və (və ya) akustik (səsli)" şəkildə fərqlənməlidir. Hesab edirəm ki, bu səsli məsələsinə biz birdə qayıtmalıyıq. Çünki bilirik ki, reklamlar yayımlananda səs birdən birə qalxır və daha da bezdirici formada evlərimizə daxil olur. Mənim yadımdadır ki, Rusiya Dumasında hətta bu məsələyə baxaraq, reklamların yüksək səslə verilməsini qadağan etmişdilər. Ona görə hesab edirəm ki, akustik yəni səsli şəkildə fərqlənməsi məsələsi qanundan çıxarılmalıdır. Çünki bu reklamçılar tərəfindən sui istifadələrə gətirib çıxaracaq". Deputat Aqil Abbas bildirib ki, televiziyanı açan kimi görürsən reklam edirlər ki, İrandan, Türkiyədən-filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, tez gəlin. Öz məşhur həkimlərimiz kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir: "Telekanalların bunu gəlir əldə etmək məqsədilə etdiyi hər kəsə məlumdur. Dediklərimiz burda qalmamalıdır. Bu gün biz burada danışırıq, axşam evdə ara həkimi reklam ediləcək. Nə qədər ara həkimləri efirdə reklam edilməlidir. Özümüz özümüzə hirslənməklə heç bir nəticə olmayacaq". Deputat xatırladıb ki, bir zamanlar televiziyada bir qadın ara həkimi reklam edilirdi: "Özü də hər dəfə 3 kiloqramlıq balonla efirə çıxırdı. Özü də dərmana "darman"deyirdi". Deputat qeyd edib ki, müzakirələr aparılır, etiraz edilir, amma nəticə olmur. "Axşam televizyada yenə də ara həkimlər reklam olunacaq, yenə "darman" reklam olunacaq Telekanallarda bu gün əsasən həkimlərin, dərmanların və klinikaların, bir də son zamanlar mərasim evlərinin reklamı aparılır. Bu cür reklamların qarşısı alınmalıdır. Milli Məclisdə deyilənlər həyata keçirilməlidir. Onlara dövlət tərəfindən ciddi təpki göstərilməlidir".
Alim