Qənirə Paşayeva: “Dərman vasitələrinin keyfiyyətsizliyi həkimləri də çətin vəziyyətə salır"

Dərman vasitələrinin keyfiyyətsizliyi bəzən həkimləri də çətin vəziyyət qarşısında qoyur.

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) Səhiyyə komitəsinin mayın 3-də keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı deyib. O, deyib ki, dərmanların keyfiyyətsizliyindən, zərərindən ilk növbədə insanlar, xəstəliyi olan şəxslər əziyyət çəkir: "Ancaq burada ikinci əziyyət çəkən tərəf məhz həkimlərdir. Onlar xəstələrə, pasiyentlərə resept yazırlar və bəzən onların yazdığı dərmanlar onlardan asılı olmayan səbəblərdən keyfiyyətsiz, zərərli olur. Bu da həkimləri nəticə etibarı ilə çətin vəziyyət qarşısında qoyur. Ona görə təklif olunan dəyişikliklər çox mühüm dəyişikliklərdir və onların cəmiyyətdə geniş təbliğatı, izahatı aparılmalıdır. Buna ciddi ehtiyac var. Onu da açıq şəkildə qeyd edim ki, biz xaricə gedərkən insanların, yaxınların, tanış-bilişlərin ən çox xahiş etdikləri məsələ dərmanlarla bağlı xahiş olur. Onlar bizdən xahiş edir ki, gələrkən filan-filan dərmanları alıb-gətirin. Çünki cəmiyyətimizdə artıq dərmanların keyfiyyətinə böyük inamsızlıq var. Onlar dərmanların keyfiyyətsizliyindən şikayətçidirlər. Ona görə də bu məsələyə ciddi diqqət yetirmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31