Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir
1 May 2018 15:01 SiyasətAzərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş "Milli - mənəvi dəyərlər : ənənə və müasirlik" adlı beynəlxalq elmi konfrans keçirib.
Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransa ölkəmizin ali təhsil müəssisələrindən, AMEA-nın Tarix və Fəlsəfə İnstitutundan nümayəndələr, eyni zamanda Türkiyə, Çin və Rusiyadan gələn qonaqlar qatılıb.
Konfransı giriş sözü ilə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova açaraq tədbir iştirakçılarını, qonaqları salamlayıb. Geniş və əhatəli çıxışında rektor ulu öndərin həyat yoluna nəzər salıb onun uğurlu siyasətindən, dövlətçiliyimizin, ölkəmizin inkişafında göstərdiyi xidmətlərdən danışıb.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə də çıxışında ümummilli liderin gördüyü işlərdən, həm sovet dönəmində, həm də müstəqillik illərində həyata keçirdiyi layihələrdən danışıb.
Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru professor Y.Qraçovanın "Heydər Əliyev şəxsiyyəti: xatirələr" məruzəsi də maraqla qarşılanıb. Təmsil etdiyi təhsil ocağının rəhbərliyinin ulu öndərlə dostluq münasibətlərindən danışan qonaq müəyyən bir dönəmdə universitetin bağlanma təhlükəsi yarananda Heydər Əliyevin onlara dəstək olduğunu böyük minnətdarlıq hissi ilə yada salıb. Y.Qraçova Heydər Əliyevin Moskva Dövlət Hüquq Universitetinin fəxri professoru olduğunu vurğulayıb və ulu öndərin də fotolarının yer aldığı xatirə kitabını AzMİU-nun rektoruna təqdim edib.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti" adlı məruzə ilə çıxış edib. C.Bəhrəmov çıxışının yekununda Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş 2 cildlik monoqrafiyanı universitetin kitabxanasına hədiyyə edib.
Plenar iclasın sonunda AzMİU-nun İctimai fənlər kafedrasının müdiri dosent Könül Əliyeva və Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev çıxış edib.
Sonra konfrans ayrı-ayrı bölmələrdə davam etdirilib. Onu da qeyd edək ki, konfrans 2 gün davam edəcək.