Elman Məmmədov: "Azərbaycanın inkişafı bir sıra dairələri narahat edir"
“Azərbaycanda mühüm hadisələr ərəfəsində bəzi xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyaların arxasında erməni lobbisinin pulu dayanır”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
30 Aprel 2018 14:54 Siyasət"Azərbaycanda mühüm hadisələr ərəfəsində bəzi xarici dairələrin ölkəmizə qarşı apardıqları kampaniyaların arxasında erməni lobbisinin pulu dayanır". Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Onun sözlərinə görə, ölkəmizdə mövcud olan daxili sabitlik və stabillik bir sıra dairələri narahat etməkdədir: "Azərbaycanın inkişafı, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, çox mühüm yarışların, ümumilikdə bütün sahələrlə bağlı beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsi bir sıra dairələri narahat edir. Onlar Azərbaycanı indiki kimi deyil, Suriya, Liviya, İraq kimi görmək istəyirlər. Buna cəhd etməyə çalışsalar da, ancaq bacarmırlar. Çünki, Dövlət başçısı İlham Əliyevin çox düzgün və uğurlu daxili və xarici siyasət həyata keçirir".
AŞPA-nın ölkəmizə qarşı qərəzli hesabatına toxunan E.Məmmədov bunun ilk olmadığını dilə gətirib: "AŞPA tərəfindən Azərbaycana qarşı atılan bu cür addımlar ilk deyil. Bildiyiniz kimi ölkəmiz Avropa Şurasına qəbul olduğu ilk gündən bu qurumun işi-peşəsi orada müxtəlif qruplar yaradıb, ölkəmizə qarşı şər, böhtan kampaniyası yaratmaqdır".
Deputat söyləyib ki, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları əslində Azərbaycanın xeyrinə işləyir: "Belə ki, ölkəmizə qarşı atılan pis əməllər Azərbaycanın dost və düşməni daha yaxından tanımasına, atılacaq zərbələri daha düzgün aydınlaşdıraraq onlarla mübarizədə daha düzgün siyasət qurmağa kömək edir. Onsuzda onlar ölkəmizə qarşı istədiklərinə nail ola bilməyəcəklər. Bəzi dairələrin məqsədi Azərbaycanda çaxnaşma, münaqişələr, vətəndaş qarşıdurmaları yaradaraq, dövlətçiliyimizi zəiflətməkdir. Ancaq Azərbaycanda mövcud olan birlik, daxili sabitlik asayişin, təhlükəsizliyin qorunması onların arzularını ürəyində qoyacaq".
2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olarkən söylədikləri fikirləri xatırladan E.Məmmədov söyləyib ki, Avropa Şurası və Avropa İttifaqı xristian klublarıdır: "Onlar xristian dövlətləri üçün inkişaf və müdafiə sistemləri, Türkiyə və Azərbaycan üçün isə təzyiq vasitələridirlər. Neçə illərdir ki, Türkiyəyə qarşı atılan addımları Azərbaycan üçün başlayıblar. Onlar islam ölkələri deyəndə inkişaf etməmiş, geridə qalan, onların sözləri ilə oturub duran ölkə başa düşürlər. Onlar inkişaf etmiş, Avropaya mədəniyyət, hüquq öyrədən Azərbaycan dövləti və millətini qəbul edə bilmirlər". Sia.az