"Britaniya ilə Azərbaycan arasında münasibətlər Avropa ölkələri üçün örnək ola bilər"

"Azərbaycan Prezidentinin hər seçkidən sonra ilk rəsmi səfəri Türkiyəyə olur ki, bu da təbii prosesdir. Çünki, dövlət başçısının da söylədiyi kimi Türkiyə Azərbaycan üçün yeganə qardaş, müttəfiq dövlətdir". Bunu  politoloq Fikrət Sadıqov deyib.

Azərbaycanla qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin ənənəvi xarakter daşıdığını deyən politoloq söyləyib ki, hər iki ölkə bütün sahələrdə vahid mövqedən çıxış edir: "Azərbaycan və Türkiyə bir sıra layihələrdə iştirak edir, ikitərəfli münasibətlər inkişafdadır. Ümumiyyətlə, Azərbaycan və Türkiyəni birləşdirən tarixi köklər bu gün də özünü göstərməkdə və möhkəmlənməkdədir".

Azərbaycanın dünya siyasətində kifayət qədər mühüm rola malik olduğunu dilə gətirən F. Sadıqov vurğulayıb: " Azərbaycan tərəfindən həyata keçirilən bir sıra layihələr Avropa, aparıcı dövlətlərlə olan münasibətlər və onların nəticələri bir daha sübut edir ki, ölkəmiz Avropa üçün əhəmiyyətli bir ölkədir. Dövlət başçısının Böyük Britaniyaya dəvət olunması da buna bariz nümunədir".

Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri zamanı iki ölkə arasında imzalanan sənədlərə diqqəti yönəldən politoloq qeyd edib ki, bütün bunlar Azərbaycanın Böyük Britaniya və ümumiyyətlə Avropa ölkələri ilə münasibətlərin daha yüksək səviyyəyə gətirib çıxaracaq.

"Azərbaycanla İngiltərə arasında normal münasibətlər var. Böyük Britaniyanın baş nazirinin Azərbaycana olan müsbət münasibəti hiss olunmaqdadır. Azərbaycanın mövcudluğu, sərvətləri, regionda strateji rol oynaması İngiltərə üçün böyük amildir. Bu baxımdan düşünürəm ki, iki ölkə arasında əlaqələr təkcə neft, qaz, təbii sərvətlər sahəsində deyil, digər sahələrdə də möhkəmlənib, inkişaf edəcək", - deyə F. Sadıqov bildirib.

Böyük Britaniyanın Avropa ölkələri arasında aparıcı dövlətlərdən biri olduğunu xatırladan politoloq əlavə edib ki, Britaniya ilə Azərbaycan arasında münasibətlər bir sıra Avropa ölkələri üçün örnək ola bilər: "Britaniyanın ölkəmizlə olan münasibətləri bir daha göstərdi ki, Azərbaycan Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir və xarici siyasət prioritetlərimiz Avropa üçün önəmli xarakter daşıyır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31