Yasin Aktay: "AŞPA-nın hesabatında Azərbaycana qarşı qərəz müşahidə olunurdu, bu isə qəbuledilməzdir"
27 Aprel 2018 13:56 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞPA) korrupsiya ilə bağlı hesabatında Azərbaycana qarşı açıq-aşkar qərəz müşahidə olunurdu, bu isə qəbuledilməzdir.
Bunu Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Yasin Aktay deyib.
Deputat AŞ PA tərəfindən PYD-nin keçmiş həmsədri Saleh Müslümün dəvət olunmasını xatırladıb:
"Əgər korrupsiyadan danışırıqsa, o zaman 29 nəfərin həlak olduğu terror aktının təşkilində şübhəli bilinən terror təşkilatının üzvlərinin hansı qeyri-etik yollarla AŞPA-da çıxış etmək imkanı qazanmasından başlaya bilərik".
O bildirib ki, hesabatda AŞPA-nın yalnız bir üzvünə aid edilən məqamlara diqqət ayrılır: "Bu da elə təəssürat yaradır ki, təşkilatın məqsədi konkret ölkəni qaralamaqdır. Ümumilikdə, hesabatı qiymətləndirərkən elə təəssürat yaranır ki, bu sənəd Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərdə problemlərin yaradılması üçün hazırlanıb".
Trend.az