Azərbaycan-Türkiyə əməkdaşlığı inkişaf mərhələsini yaşayır
Türkiyə ilə Azərbaycan arasında əsirlərdən bəri mövcud olmuş dostluq, qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilməkdədir. Qətiyyətlə demək olar ki, hazırda eyni soy kökə malik iki dövlət arasındakı münasibətlər həm də strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
26 Aprel 2018 13:52 Siyasətİlham Əliyev: ""Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var"
Türkiyə ilə Azərbaycan arasında əsirlərdən bəri mövcud olmuş dostluq, qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilməkdədir. Qətiyyətlə demək olar ki, hazırda eyni soy kökə malik iki dövlət arasındakı münasibətlər həm də strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Onu da qeyd edək ki, bu dostluq münasibətlərinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər təksə Türkiyə ilə deyil, eləcə də bütün türk dünyası ilə əməkdaşlığın siyasi-ideoloji əsaslarını müəyyən etmişdi. O, öz fəaliyyətində Türkiyə, türk və müsəlman dünyası ilə münasibətlərə daha geniş bucaqdan baxaraq onları vəhdətdə görürdü. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirdi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri əbədi və dönməz xarakter aldı. Bu gün də eyni siyasət prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Təsadüfi deyil ki, İlham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etdi. Xatırladaq ki, eyni addımı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da atmışdı. Qarşılıqlı şəkildə atılmış bu addımlar təkcə Azərbaycanın Türkiyə ilə strateji müttəfiq olduğunun göstəricisi kimi yox, həm də iki türk dövlətinin bir-birinə hörmətlə yanaşması kimi qəbil edilməlidir. Başqa sözlə, bununla Azərbaycan və Türkiyə beynəlxaq aləmə daim bir-birlərinin yanında olması mesajını vermiş oldu. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, prezident seçkilərindən sonra ilk səfərini qardaş ölkəyə edib: "Bu təbiidir. Bir ənənədir və onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünyada bir birinə ən yaxın olan ölkələrdir". İlham Əliyev bildirib ki, prezident seçkiləri qazandığı qələbəyə görə onu ilk olaraq məhz Türkiyə prezidenti Ərdoğan təbrik edib: "Məni ilk təbrik edən əziz qardaşım olub. Bir həftə əvvəl andiçmə mərasimi keçirildi. İki gün əvvəl hökumətin formalaşması başa çatdı və dünən mən Ankarada idim". Dövlət başçısı Türkiyə və Azərbaycan qardaşlığının və dostluğunun möhkəm olduğunu bildirib, bu birliyin çox böyük gələcəyi olduğunu qeyd edib: "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı və dostluğu möhkəmdir və çox böyük gələcəyi var". Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan və Türkiyə arasında dostluq, strateji müttəfiqlik əlaqələrinin möhkəmlənməsində Türkiyə də maraqlıdır və bu ölkənin prezidenti dəfələrlə bunu sübut edib. Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türkiyəyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, "Azərbaycan prezidenti İham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfəri Türkiyəyə edib. Buna görə ona təşəkkür edirəm". R. T. Ərdoğan deyib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə inkişafa davam edəcək: "Azərbaycanla bütün sahələrdə birgə əməkdaşlığa davam edəcəyik. Mən də prezident seçildikdən sonra ilk dəfə Azərbaycana səfər etmişdim. İnşallah, 24 iyunda keçiriləcək seçkilərdən sonra prezident kimi ilk xarici səfərimi Azərbaycana edəcəyəm".
Qeyd edək ki, hazırda Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik əlaqələri beynəlxalq müstəvidə də müşahidə olunmaqdadır. İstənilən beynəlxalq tədbirdə Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın maraqlarından çıxış edir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Türkiyə daim ölkəmizə dəstək olub. Bütün beynəlxalq ictimaiyyətin təzyiq və təhdidlərinə baxmayaraq Ermənistanla sərhədlərin açılmasına imkan verməyib. Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində də Azərbaycanı dəstəkləyib: "Bu dəstək, həmrəylik bizə əlavə güc verir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə və BMTTŞ-nin qətnamələrinə əsasən həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa ediməlidir". Azərbaycan da öz növbəsində daim Türkiyənin maraqlırını müdafiə edib. Hətta Türkiyənin olmadığı beynəlxalq tədbirlərdə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin müdafiəsinə qalxıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan terrorla mübarizəsində hər zaman Türkiyə ilə həmrəylik nümayiş etdirib, Türkiyənin yanında olub: ""Zeytun budağı" əməliyyatında uğurlara görə qardaş xalqı təbrik edirəm. Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub".
Məlumat üçün qeyd edək ki, Azərbaycanla Türkiyə həm də siyasi, iqtidsadi və hərbi sahədə əməkdalıq edir. Xüsusən, iqtisadi sahədə əməkdaşlıq dünya ölkələri ilə yanaşı, region dövlətlərə də töhvə verməkdədir. Nəzərə almaq lazımdır ki, hər iki ölkənin qətiyyətli siyasi iradəsi nəticəsində beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilməkdədir. Prezident İlham Əliyev bildirib ki, iki ölkə birgə səylərlə böyük layihələr həyata keçirilir."BTQ, TAP, TANAP böyük layihələrdir. Bu layihələr bizim birgə səylərimiz nəticəsində icra edilir. Biz Avropanın enerji və nəqliyyat xəritəsini yenidən qururuq, bu bizim gücümüzü artırır, regional əməkdaşlığı gücləndirir, regionun təhlükəsizliyinə töhfə verir. Bu layihələrin tək iqtisadi deyil, böyük siyasi əhəmiyyəti də var. Bunlar sülh və təhlükəsizliyi təmin edən layihələrdir. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu da artır. Azərbaycan Türkiyəyə 14 milyard dollar, Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollar yatırım qoyub. Yalnız qardaş ölkələr bu qədər böyük məbləğdə yatırım edər. Yaxın gələcəkdə TANAP və "Star" zavodunun açılışı imkanlarımızı daha da artıracaq. Ticarət dövriyyəsi də daha da artacaq". Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində imzalanan sənədlər də əməkdaşlığın daha da möhkəmlənməsini təmin edəcək.
Qətiyyətlə demək olar ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi digər müstəqil türk dövlətləri ilə də əlaqələrin daha da möhkəmlənməsini təmin edəcək. Hazırda türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, bu birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi xalqların gözləntilərindən hesab olunur. Mövcud qüvvələrinin birləşdirilməsi ilə türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsi təbii ki, Azərbaycan və Türkiyə ilə yanaşı, bütün türk dövlətlərinin siyasi, iqtisadi, ictimai problemlərinin həllində əhəmiyyətli rol oynaya bilər.
Nurlan