Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı yeni mərhələdə

Gözləndiyi kimi Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra ilk səfərini məhz qardaş ölkə olan Türkiyəyə etdi. Əslində prezident İlham Əliyevin belə bir addım atacağı gözlənilən və məntiqli idi. Çünki, tarixi ənənələrə malik olan bu ölkələrdə belə bir adət formalaşıb ki, hər iki ölkənin yeni seçilən dövlət başçısı ilk səfərini qardaş ölkəyə edir.

İlham Əliyevin Türkiyəyə səfəri dövlətlərarası münasibətləri daha da inkişaf etdirəcək

Gözləndiyi kimi Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra ilk səfərini məhz qardaş ölkə olan Türkiyəyə etdi. Əslində prezident İlham Əliyevin belə bir addım atacağı gözlənilən və məntiqli idi. Çünki, tarixi ənənələrə malik olan bu ölkələrdə belə bir adət formalaşıb ki, hər iki ölkənin yeni seçilən dövlət başçısı ilk səfərini qardaş ölkəyə edir.
Hələ Ulu Öndər Heydər Əliyev vaxtilə demişdi ki, "Azərbaycanla Türkiyə bir millət iki dövlətdir". Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın da prezident kimi ilk səfəri Azərbaycana olmuşdu. Prezident İlham Əliyevin yenidən seçiləndən sonra xaricə birinci səfəri məhz qardaş ölkəyə etməsi Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrin davamlı olmasının göstəricisidir. Heç şübhəsiz ki, prezident İlham Əliyevin Türkiyəyə səfəri bu ənənəni daha da möhkəmləndirəcək, dövlətlərarası münasibətləri daha da inkişaf etdirəcək.
  Qeyd edək ki, Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin uzun tarixə və dərin köklərə malikdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin Türkiyənin olması bu münasibətlərin daha da inkişaf etdirilməsinə şərait yaratmış oldu. Yeri gəlmişkən xatırladaq ki, 18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan Respublikasını Türkiyə bir ay keçmədən, yəni noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı. Ardınca, ikitərəfli əlaqələrin artırılması və gücləndirilməsi məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi yaradıldı. Sonra Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçlü görüşləri keçirildi, regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər işlənildi. Hazırda Azərbaycan və Türkiyə regionda cərəyan edən siyasi proseslərdə əhəmiyyətli rola malikdir.
   Məhz dövlət başçılarının siyasi iradəsi nəticəsində müxtəlif beynəlxalq və regional layihələrin icrası təmin edilib. Belə ki, Xəzər dənizi enerji qaynaqlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrinin reallaşdırılması Azərbaycan və Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım hesab olunur. Təsadüfi deyil ki, bu gün iki ölkə arasında ticarət həcmi təxminən 5 milyard dollardır. Hər iki ölkənin hədəfi 2023-cü ilə qədər ticarət həcmini 15 milyard dollara çatdırmaqdır.

  Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Türkiyə həmişə beynəlxalq arenalarda Azərbaycanı dəstəkləyir və eyni ilə Azərbaycan da Türkiyə olmayan yerdə Türkiyənin sözünü deyir, Türkiyənin yanındadır. Son 15 ildə bu qarşılıqlı etimad ən yüksək səviyyəyə çatdırlıb. Belə ki, prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdəki çıxışlarında Azərbaycanın Türkiyənin yanında olduğunu sübut edib.

Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Sazişi mövcuddur. Sazişin şərtlərinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hərbi hücum gözləndiyi halda
digər ölkə bütün imkanlarını istifadə edərək hücuma uğrayan ölkəni dəstəkləyir. Bu razılaşma o dərəcədə dərin kök atıb ki, hazırda iki dövlət siyasi, iqtisadi, humanitar, hərbi, təhlükəsizlik məsələlərində ən yüksək səviyyədə əməkdalıq edirlər. Məhz belə əməkdaşlığın nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin maraqlarından çıxış edir, Azərbaycan da beynəlxalq təşkilatlarda Türkiyənin mövqeyini dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, sülh yolu ilə həllini dəstəkləyir. Bu çərçivədə ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq cəhdlərini əsirgəmir. Türkiyə bu gün də Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməkdə davam edir. Türkiyə Çumhuriyyətinin Ermənistanla sərhədlirini qapaması məhz bu dəstəyin bariz nümunəsi kmi dəyərləndirilə bilər.
  Bundan başqa, enerji mövzusu da iki ölkə arasında əhəmiyyət daşıyan məsələlərdən biri hesab olunur. Qlobal bir layihə olan TANAP, yəni Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin icrası fikrimizi bir daha təsdiqləyir. TANAP-ın reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi digər layihələrlə Azərbaycan və Türkiyənin mövqeyi və bölgədəki strateji əhəmiyyəti daha da artmış olur. Bu istiqamətdə hər iki ölkənin qətiyyəti və siyasi iradəsi ortadadır.
  Qətiyyətlə demək olar ki, son illərdə Türkiyə - Azərbaycan əlaqələri strateji ortaqlıq anlayışını tam mənası ilə daşıyır. Bu əməkdaşlıq isə iki ölkə arasında əldə edilmiş uğurlar, sarsılmaz birlik, dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Məhz Prezident İlham Əliyevin yenidən seçiləndən sonra xaricə birinci səfərini məhz qardaş ölkəyə etməsi Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrin davamlı olmasının göstəricisidir. Soy kökü bir olan iki qardaş ölkənin ən yaxın tərəfdaş olması təbii ki, güclərin cəmləşməsinə dəlalət edir. Bu isə beynəlxalq güclərin Azərbaycan və Türkiyə ilə hesablaşması anlamına gəlir.

Nurlan
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31