Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
25 Aprel 2018 13:45 SiyasətAprelin 25-də Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi. Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı.
Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi.
Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdirdilər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi. Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.
Sonra xatirə şəkilləri çəkdirildi.
Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı. AZƏRTAC