Uğurlu kadr islahatları iqtisadiyyatın inkişafına töhfə verəcək

Aprelin 11-də keçirilən prezident seçkilərindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq istefaya göndərilən hökumət kabineti yeni dönəmə uyğun olaraq demək olar ki, tam formalaşıb. Hər halda mühüm strateji sahələrə məsul olan nazir və komitə sədrlərinin təyinatı belə deməyə əsas verir.

"Yeni formalaşan hökumət kabineti daha səmərəli və çevik fəaliyyət göstərərək ölkədə həyata keçirilən iqtisadi islahatların lokomotivinə çevriləcək"

Aprelin 11-də keçirilən prezident seçkilərindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq istefaya göndərilən hökumət kabineti yeni dönəmə uyğun olaraq demək olar ki, tam formalaşıb. Hər halda mühüm strateji sahələrə məsul olan nazir və komitə sədrlərinin təyinatı belə deməyə əsas verir.

Yeni formalaşmış hökumət kabineti bir sıra özəllikləri ilə diqqət çəkir. Ən əsası isə hökumətin tərkibində bir gəncləşmə gedib və bu daha səmərəli, çevik fəaliyyət üçün zəmin yaradır.

Digər mühüm özəllik isə ondan ibarətdir ki, fəaliyyətlərində müəyyən nöqsanlar olan, onlara göstərilən etimadı doğrultmayan bəzi nazirlik və komitə rəhbərləri yeni hökumət kabinetində yer almadı ki, bu da cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və idarəetmə sahəsində mühüm islahat kimi dəyərləndirilir. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, yeni hökumət kabinetinin formalaşması və kabinetdə yeni simaların yer alması zaman-zaman ölkədə idarəetmə sahəsində həyata keçirilən uğurlu islahatların məntiqi nəticəsidir. Elə Yeni Azərbaycan Partiyasının üzvü Aygün Osmanova da bu qənaətdədir. O, bildirib ki, əslində Azərbaycanda struktur və kadr islahatlarına 2016-cı ildə ölkə konstitusiyasına ümümxalq səsverməsi yolu ilə edilən əlavə və dəyişikliklərdən sonra start verilmişdi. Onun sözlərinə görə, referendum yolu ilə konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra birinci vites-prezident və vitse-prezidentlik istitutlarının yaradılması bunun əyani sübutu idi və daha çevik idarəçiliyə hesablanmışdı: "Referendumdan sonrakı keçən müddətdə də ölkə rəhbərliyi tərəfindən bir sıra mühüm struktur islahatları həyata keçirildi, bir-birini əvəzləyən qurumlar birləşdirilərək idarəetmədə təkmilləşdirmə həyata keçirildi. Ötən müddət ərzində hər birimiz bunun müsbət nəticələrinin şahidinə çevrildik". Aygün Osmanova deyib ki, prezident seçkilərindən sonra yeni hökumət kabinetinin formalaşması də məhz uğurlu kadr və struktur islahatlarının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamlar əsasında bir sıra nazirlik və komitələrə yeni təyinatlar oldu ki, bu da cəmiyyət tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilir. Əgər hökumətin yeni tərkibinə nəzər yetirsək görərik ki, kifayət qədər gəncləşmə gedib. Dövlət Miqrasiya Xidməti,

Diasporla İş üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə kifayət qədər perspektivli, çevik və səriştəli kadrlar təyinat alıb ki, bu da həmin qurumların bundan sonra daha səmərəli fəaliyyət göstərəcəyini söyləməyə əsas verir. Üümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu illər ərzində idarəetmə sahəsində həyata keçirdiyi islahatlara nəzər yetirdikdə bir mənzərə aydın şəkildə ortaya çıxır ki, dövlət başçısı gənc kadrlara xüsusi önəm verir, onların dövlət idarəetməsi sahəsində öz potensiallarını ortaya qoymasına şərait yaradır. Dövlət başçısının həyata keçirdiyi bu siyasət əsası ümummilli ldier Heydər Əliyev tərəfindən qoyulan uğurlu dövlət gənclər siyasətinin məntiqi davamıdır. Və Cənab Prezident bu siyasətə sadiq qalaraq gənclərin dövlət idarəetməsində irəli çəkilməsinə şərait yaradır, onlara etimad göstərərək yüksək vəzifələrə təyin edir. Elə yeni hökumət kabinetinin formalaşması zamanı da bu məqama xüsusi diqqət yetirilib". Hakim partiyanın təmsilçisi onu da qeyd edib ki, bəzi şəxslərin yeni hökumət kabinetindən kənarda qalması dövlət başçısının zaman-zaman məmurlara ünvanladığı xəbərdarlıq mesajlarının məntiqi nəticəsidir: "Cənab Prezident hökumət üzvləri ilə hər zaman keçirilən konfranslarda, toplantılarda bir məqama xüsusi diqqət çəkirdi ki, məmurlar vətəndaşların xidmətçisi olmalıdır. Rüşvət almamalı, vəzifələrindən sui-istifadə etməməli, vətəndaşları incitməməlidirlər. Görünürü, bəziləri Cənab Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmadı ki, öz vəzifələrini itirməli oldular. Elə yeni nazir və komitə sədrlərinin kollektivə təqdimatı zamanı da Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dolayısıyla bu məqamı vurğuladı və istefaya göndərilən bəzi məmurların onlara göstərilən etimadı doğrultmadıqlarını qeyd etdi". Aygün Osmanova əminliklə bildirib ki, yeni formalaşan hökumət kabineti daha səmərəli və çevik fəaliyyət göstərərək ölkədə həyata keçirilən iqtisadi islahatların lokomotivinə çevriləcək və Azərbaycanın daha sürətli inkişafına öz töhfəsini verəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31