Zakir Həsənov: "Ermənistandan nüvə komponentlərinin qaçaqmalçılığı həyata keçirilir"

"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmalıdır". Məlumata görə, bunu müdafiə naziri səlahiyyətlərini icra edən, general-polkovnikZakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə Bakıda keçirdiyi görüşdə deyib.

Zakir Həsənov bildirib ki, Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin müxtəlif xarici dövlətlərə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərləri və həmin ölkələrdə onların qəbul edilməsi münaqişənin nizamlanmasında ikili standartların tətbiq edilməsinə gətirib çıxarır ki, bu da yolverilməzdir.

NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən Zakir Həsənov Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

O, Ermənistandan nüvə komponentləri qaçaqmalçılığının həyata keçirildiyini qeyd edərək bunun təkcə regionun deyil, eyni zamanda daha geniş miqyasda təhlükəsizliyə ciddi təhdid təşkil etdiyini vurğulayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31