Prezidentin sosial siyasət kursu tədqir olunur
Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividentlərinin vətəndaşın rifah halının yüksəlməsinə yönəldilib. Nəticədə cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına xidmət edir. Xüsusən, Preziden İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər ildən-ilə yüksələn xətlə davam edir.
19 Aprel 2018 16:36 SiyasətSon fərman gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsində əhəmiyyətli rol oynayacaq
Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividentlərinin vətəndaşın rifah halının yüksəlməsinə yönəldilib. Nəticədə cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına xidmət edir. Xüsusən, Preziden İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər ildən-ilə yüksələn xətlə davam edir. Təkcə son bir ildə bu təbəqədən olan 315 nəfər mənzil və fərdi yaşayış evi ilə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Ümumilikdə isə 2003-cü ildən hazıradək 5.703 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bölgələrdə fərdi yaşayış evlərinin, Bakının Nizami rayonunda, habelə İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir. Eyni zamanda, bu vaxta qədər 5,9 min nəfər imtiyazlı şəxs pulsuz avtomobillə təmin olunub. Məhz yürüdülən siyasətin davamı olaraq Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Sənəddə bildirilir ki, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir. Fərmana əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Xatırladaq ki, sözügedən fərman dövlət başçısının andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Bu isə onun göstəricisidir ki, dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk andan elan etdiyi sosial siyasəti uğurla davam etdirir. Xüsusən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Hətta bu məqsədlə qanunvericilik bazası da yaradılıb. Xatırladaq ki, 1997-ci ildə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb. Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb.
Birinci Qarabağ Müharibəsi veteranı Mehrəli Kazımov bildirib ki, dövlət başçısının imzaladığı fərman Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir: "Dövlət başçısının bu addımı təkcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən hərbçilərə verilən dəyər yox, həm də müasir gənclərə bir çağırış kimi dəyərləndirilməlidir. Bu kimi addımlar heç şübhəsiz ki, gənclər arasında vətənpərvərlik hissinn yüksəlməsində əhəmiyyətli rol oynayır. Gənclər dərk edirlər ki, Vətən uğrunda canlarını fəda etsələr belə, onların ailələri dövlətin qayğısı ilə əhatə olunur. Bu baxımdan sözügedən fərman mənfur düşmənlə döyüşdə həlak olmuş hərbçilərin ailələrinə və vərəsələrinə dövlət qayğısının təzahürüdür".
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bundan başqa, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da tədqitəlayiq haldır. Birmənalı şəkildə qeyd etmək olar ki, hər bir Qarabağ qazisi, hər bir şəhid ailəsi dövlət başçısının yüksək diqqət və qayğısını həmişə hiss edib və etməkdədir. Bu istiqamətdə görülən işlər isə deməyə əsas verir ki, bundan sonra da dövlət tərəfindən həyata keçirilən sosial siyasət kursu daha da möhkəmləndiriləcək.
Zəka