Təbrik edirik, cənab Prezident! -"Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin kollekti
“Möhtərəm cənab Prezident! Sizi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində mütləq səsçoxluğu ilə inamlı qələbəniz münasibətilə bütün Azərbaycan xalqının yaşadığı böyük qürur, iftixar, sevinc hissinə və əsl bayram coşqusuna qoşularaq ürəkdən təbrik edir, Azərbaycanın müstəqilliyi, tərəqqisi və yüksəlişi naminə daha möhtəşəm uğurlar və zəfərlər diləyirik!
19 Aprel 2018 13:35 Siyasət"Möhtərəm cənab Prezident! Sizi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində mütləq səsçoxluğu ilə inamlı qələbəniz münasibətilə bütün Azərbaycan xalqının yaşadığı böyük qürur, iftixar, sevinc hissinə və əsl bayram coşqusuna qoşularaq ürəkdən təbrik edir, Azərbaycanın müstəqilliyi, tərəqqisi və yüksəlişi naminə daha möhtəşəm uğurlar və zəfərlər diləyirik!
Dövlət quruculuğunun dünyəvi, hüquqi və demokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılır. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması Azərbaycan dövləti və onun başçsı üçün prioritet məsələdir.
Sizin həyata keçirdiyiniz düşünülmüş siyasət nəticəsində ölkədə söz və mətbuat azadlığı təmin olunub. Məhz yürüdülən siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə azad və demokratik şəkildə çoxsaylı yazılı və elektron media fəaliyyət gəstərir. Məlum olduğu kimi azad mətbuat dövlətin idarəetmə prinsiplərində ölkə başçısına və hökumətə ən yaxşı dəstək amilidir. Məhz bu amilə yüksək dəyər verməyiniz mətbuatın azad və sərbəst fəaliyyətinə imkan yaradıb. Sizin azad sözə, fikir azadlığı və plüralizmə verdiyiniz dəyər təkcə media camisi tərəfindən deyil, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Siz prezidentlik fəaliyyətiniz dövründə ölkə jurnalistlərinə maddi və mənəvi dəstəyinizi heç vaxt əsirgəməmisiniz.
Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün dövlət tərəfindən təmənnasız olaraq yaşayış binaları inşa edilir və onlara verilir. Bu, bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın fəaliyyətinin təmin edilməsi ilə yanaşı, dövlət jurnalistlərin mənzil-məişət məsələlərinin həllinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.
Cənab Prezident! Siz "Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır" vədinə sadiq qalmaqla heç bir dövlət başçısının həyata keçirə bilmədiyi ən modern sosial-humanitar siyasətin müəllifisiniz. Sizin "Jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir" fikriniz dördüncü hakimiyyət hesab olunan mətbuatın Azərbaycanın dövlət və milli maraqlarından çıxış etməsinə ruhlandırıb.
Bu gün ölkəmizdə söz, fikir və məlumat azadlığı sahəsindəki mövcud vəziyyət yalnız ən inkişaf etmiş demokratik ölkələrlə müqayisə edilə bilər. Çünki, Siz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında daim maraqlı olmusunuz.
Sizi əmin edirik ki, biz jurnalistlər Azərbaycan dövlətinin və xalqının milli maraqlarının qorunması ilə bağlı dövlətin yürütdüyü siyasətə dəstək verəcək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumatların yayılması, erməni işğalı və terrorunun ifşa edilməsi istiqamətində üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik.
Möhtərəm Prezident! Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət, Vətənimizin işıqlı sabahları naminə bütün zirvələri fəth etməyi diləyirik!
"Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin kollektivi