İlham Əliyevin andiçmə mərasimi keçirilir
18 Aprel 2018 09:56 SiyasətAprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi başlayıb. Tədbir Milli Məclisdə keçirilir.Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək və Kabinetin yeni tərkibi elan olunacaq.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir. Andın mətni belədir: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm".