Milli Şuranın 6 nəfərin həbsinə dair iddiasına DİN-dən açıqlama

Ehsan Zahidov: "Onların bu iddiası əsassız və yalandır"

Milli Şuraya daxil olan partiya və birliklərin funksionerləri iddia edirlər ki, son günlər onların 6 üzvü və tərəfdarı qəsdən inzibati qaydada həbs olunub. Bununla bağlı Musavat.com-un müvafiq sorğusunu cavablandıran DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, onların bu iddiası əsassızdır və yalandır.

Mətbuat xidmətinin rəhbəri deyib: "Son 3 gündə müxtəlif növ inzibati xəta törətdiyinə görə respublika üzrə 6 nəfər deyil, 62 nəfər məhkəmələrin çıxardığı qərarlarla inzibati qaydada həbs olunub. Onların arasında iqtidar partiyasının da, müxalifət partiyasının da üzvü və ya tərəfdarları, eləcə də fəhləsindən tutmuş ziyalısına qədər ola bilər. Bəs nəyə görə müxalifət partiyalarının funksionerləri inzibati qaydada həbs olunan 62 nəfərin deyil, yalnız onlardan 6 nəfərin müdafiəsinə qalxır? 
Deməli, bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər. Amma bilməlidirlər ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qayda-qanuna əməl etmək hamının borcudur. Burada istisnalar yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31