İlham Əliyevin siyasətə gətirdiyi yeni təşəkkür ənənəsi

 

Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsertdə çıxış edən prezident ona etimad göstərən xalqa minnətdarlıq etdi

Dünyanın bir çox ölkələrində belə bir ənənə var ki, seçkidən sonra qalib gələn siyasi partiyanın lideri, partiyanın qərargahı qarşısında toplanan seçiciləri qarşısına çıxaraq çıxış edir. Buna qardaş Türkiyədə "balkon çıxışı" da deyirlər. Azərbaycan isə bu kimi ənənələrdən uzaq olub. İndiyə kimi nə müxalifət, nə də iqtidar nümayəndələri seçkidən sonra xalqın qarşısında deyilən formada çıxış etməyiblər.

11 aprel seçkisindən bir gün sonra 7 illik müddətinə yenidən prezident seçilən İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsert proqramında çıxış edib minnətdarlığını bildirdi.  O, ölkənin siyasi həyatına yeni bir ənənə gətirdi. İ.Əliyev öncə tədbir iştirakçılarını salamlayaraq, seçkidə dəstək göstərən xalqa təşəkkürünü bildirdi: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir".

Dövlət başçısı qeyd etdi ki, keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, ölkə demokratiya yolu ilə uğurla gedir. Prezident həmçinin qeyd etdi ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir: "Seçkilərdə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız görülən real işlərə eyni zamanda görüləcək işlərimizə, xoşbəxt gələcəyimizə səs verib. Əminım ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycan bundan sonra da sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq".

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

"Yeni Müsavat"a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, İlham Əliyev məhz indi ehtiyac olduğu üçün bu cür metodu seçdi: "Əslində prezident, Nazirlər Kabinetinin müşavirəsi zamanı öz fikirlərini çatdırıb, mesajlarını verirdi. Bu, bizim prezidentin orijinal metodudur. Mesajları, bəyanatları da adətən bu üsulla çatdırıb. Ümumiyyətlə, belə demək olar ki, prezidentin hər zaman öz bəyanatlarını, mesajlarını çatdırması üçün variantları olub. Ancaq bu dəfə Azərbaycanın siyasi həyatına tamamilə yeni bir ənənə gətirdi. Sizə deyim ki, əslində bu həm ölkənin daxilində baş verən proseslərə, həm də xaricdə olan bəzi qüvvələrə mesaj idi. Hansı ki xaricdə bəzi qüvvələr var onlar düşünürlər ki, Azərbaycan siyasətində məhdudiyyətlər var və guya ölkə prezidenti müəyyən hədləri aşmır. Ölkə prezidenti həmin qüvvələrə də mesaj verdi ki, o, xalq üçün açıq siyasi fiqurdur. Düşünürəm ki, o, çox düzgün etdi. Sevinirik ki, xalq düzgün edib, İlham Əliyevi seçdi. Amma sevindiyimiz qədər gərək məsuliyyətimiz barədə də düşünək. Çünki biz çox riskli dövrə qədəm qoyuruq. Azərbaycan artıq dünya çapında olan bir dövlətdir və dünya miqyasında olan problemlərin həlli ilə məşğuldur. Onu da deyim ki, ərazisi və əhalisi Azərbaycanın parametrində olan dünya çapında ikinci bir ölkə yoxdur ki, bizim kimi işlər görsün. Azərbaycan bu sahədə ilk dövlətdir. Ona görə də fikirləşməyək ki, qarşımıza cənnət açılır. Yox, bizim dünya çapında dövlət olmağımız bir tərəfdən müsbətdirsə, digər tərəfdən də təhdidləri də nəzərə almalıyıq. İlham Əliyev də ona görə də məhz indi belə ənənəni qoydu. Ona görə ölkə başçısı bu addımı atdı ki, Azərbaycan dünya çapında olan bir dövlətdir və dünyada gedən proseslərdə iştirak edir. Bu onu göstərir ki, Azərbaycan dünyadan gələn təhdidləri neytrallaşdırmaq gücü var, bu işdə də şəxsən prezident özü öndə olacaq. İlham Əliyev açıq siyasi mübarizəyə hazır olduğunu daxili və beynəlxalq siyasi qüvvələrə nümayiş etdirdi".

Heydər Əliyev Mərkəzinin qarşısında İlham Əliyev ile ilgili görsel sonucu

Politoloq bildirib ki, eyni şeyi zamanında müxalifət qüvvələri də edə bilərdi: "Müxalifət də çıxsın, xalqla təmasda olsun. İlham Əliyev nə qədər ki, bu metodu seçməmişdi, müxalifətin ağlı olardı, həmin zaman xalqın içərisinə girərdi. İlham Əliyev kabinetdə işləyə-işləyə bütün siyasi prosesləri udmuşdu. İndi isə açıq siyasi mübarizəyə keçir. Belə olanda isə heç ağlınıza da gətirməyin ki, kimsə ona qalib gələ bilsin. Bu metod onu daha da gücləndirir. Onsuz da İlham Əliyevi tanıyanlar onun belə bir bacarığının olduğunu çoxdan bilirdilər. Sadəcə olaraq İlham Əliyev özü heç zaman bunu etmirdi. Yəni öz gücünün tətbiqinə ehtiyac görmürdü. İndi isə 7 illik prezident seçilib və Azərbaycan da dünya çapında dövlət olduğu üçün bilir ki, yeni risklər, təhdidlər ola bilər. Ona görə də açıq siyasi mübarizəyə keçdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31