“Hesabat ATƏT DTİHB müşahidəçilərinin Davranış Kodeksinə tamamilə ziddir”
Aprelin 12-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilər missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə prosesinin gedişi ilə bağlı mətbuat konfransı keçiriblər.
13 Aprel 2018 17:30 SiyasətAprelin 12-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilər missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə prosesinin gedişi ilə bağlı mətbuat konfransı keçiriblər.
Prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin əksəriyyətindən fərqli olaraq, ATƏT-in qısa müddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri Nilza del Sena, AŞPA-nın müşahidəçilər missiyasının rəhbəri, rumıniyalı deputat Viorel Rikard Badea və DTİHB-nin rəhbəri Korin Yonker mətbuat konfransında heç bir fakta əsaslanmayan qərəzli bəyanat və açıqlamalarla çıxış edərək anti-Azərbaycan mövqelərini sərgiləyiblər. ATƏT-in qərəzli seçki hesabatı Azərbaycan ictimaiyyətinin nümayəndələrinin və media mənsublarının ciddi etirazları ilə qarşılanıb.
Məsələ ilə bağlı açıqlama verən internet-media eksperti Səbuhi Abbasov hesabatın öncədən hazırlandığını, qərəzli elementləri özündə birləşdiyini deyib: "Heç bir fakta əsaslanmayan, seçkidən əvvəl hazırlandığı şübhə doğurmayan bəyanatda yer alan qərəzli və əsassız məlumatlar bir daha göstərdi ki, bu cür təşkilatlar insan hüquq və azadlıqlarından bir vasitə kimi istifadə edərək müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq göstərməyə, öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Sadəcə olaraq hesabatda yer alan bir neçə fakta diqqət yetirməklə ATƏT-in hansı mövqedə dayandığı açıq görmək olur. İlk öncə onu qeyd edim ki, hesabatda yer alan əsas məqamlar ATƏT DTİHB müşahidəçilərinin Davranış Kodeksinə tamamilə ziddir. Elementar bir məqamı deyim: Kodeksdə qeyd olunur ki, ATƏT müşühidəçiləri namizədlər, partiyalar barədə şəxsi mülahisələrini və mövqelərini ifadə edə bilməzlər. Ancaq bu hesabat başdan-ayağa müşahidəçilik missiyasını həyata keçirən bir qrup şəxslərin şəxsi, öncədən hazırlanmış mövqelərinin təzahürü idi. Bu mənada hesab edirəm ki, biz gələcəkdə bu təşkilatla əməkdaşlıq məsələlərinə yenidən baxmalıyıq. İlk öncə ATƏT və bu kimi təşkilatlarda intellektual, dünya çağırışlarına cavab verə biləcək səviyyədə bir neçə mobil komanda yetişdirməliyik. Hesab edirəm Vətəndaş Cəmiyyəti bu hesabata öz təpkisini göstərməli və beynəlxalq ictimaiyyətə müraciət ünvanlamalıdır". Sia.az