ATƏT çərçivəsində ciddi islahatlar aparılmalıdır
ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı rəyləri ölkə ictimaiyyətinin ciddi etirazına səbəb olub. Hesab olunur ki, sözügedən qurumların birgə hazırladıqları hesabat qərəzli olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinə ziddir.
13 Aprel 2018 14:39 SiyasətTəşkilat dövlətlərə təzyiq göstərilməsi üçün böyük güclərin əlində alətə çevrilib
ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı rəyləri ölkə ictimaiyyətinin ciddi etirazına səbəb olub. Hesab olunur ki, sözügedən qurumların birgə hazırladıqları hesabat qərəzli olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinə ziddir. Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, ATƏT-in Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı mövqeyi qərəzlidir: "Hər kəsə bəllidir ki, Azərbaycan şəffaf və demokratik seçki keçirmək üçün kifayət qədər təcrübəyə malikdir. Demokratik, azad, şəffaf seçki keçirmək məsələsində Azərbaycan çox böyük uğurlar qazanıb. Bunu əksər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in özü ötən seçkilərdə etiraf edib. Bu təşkilat dəfələrlə bəyan edib ki, Azərbaycan seçki məsələlərində post-Sovet məkanında çox ciddi irəliləyişlər əldə etmiş ölkədir. Belə olan halda nə oldu ki, ATƏT birdən-birə mövqeyini kəskin şəkildə dəyişdi? Radikal müzalifətin mövqeyi ilə üst-üstə düşən, ermənilərin yanaşma tərzinə uyğun mövqe sərgilədi? Biz elə hesab edirik ki, birdən-birə belə bir rəyin meydana çıxması qərəzlidir. Azərbaycanda seçkilər demokratik, azad, ədalətli və şəffaf keçib. Hətta bir sıra məsələlərdə ötən seçkilərdən xeyli irəli getmişik. Əldə etdiyimiz təcrübə yeni seçkinin yüksək səviyyədə keçirilməsini təmin elədi". M. Səfərli xatırladıb ki, bu seçkidə müxalifətin də namizədi təmsil olunub. Namizədlərin özləri prezident seçkisinin nəticələrini qəbul ediblər. Onların hamısı yenidən qələbə qazandığına görə, prezident İlham Əliyevi təbrik ediblər. Belə halda ATƏT-in sərgilədiyi mövqe qərəzli hesab olunmalıdır: "Təbii ki, bunlar hamısı ondan qaynaqlanır ki, Azərbaycan prezidenti İlham Əliyevə qarşı Qərb ölkələrində bəzi siyasi dairələr qısqanclıq hissi ilə yanaşır. İlham Əliyev heç kimə boyun əymir, ölkəni Azərbaycan xalqının maraqlarına uyğun şəkildə idarə edir. Onlar isə çalışırlar ki, Azərbaycan da bir sıra dövlətlər kimi onların diqtəsilə oturub-dursun. Lakin məlum olduğu kimi İlham Əliyev qətiyyətli siyasətçidir, onun əlində əsas rəbər tutduğu Azərbaycan xalqının maraqlarıdır. Əslində hər şey bundan qaynaqlanır. Ona görə də hesab edirəm ki, ATƏT-in Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı mövqeyi yanlışdır. Açıqlanan rəydəki müddəaların hamısı qərəzlidir. Düşünürəm ki, ATƏT öz mövqeyinə yenidən baxaraq obyektiv mövqe sərgiləməlidir".Onun sözlərinə görə, ATƏT getdikcə nüfuzunu itirən bir orqana çevrilib: "İstər seçki, istərsə də Avropadakı münaqişələrin çözülməsi məsələlərində ATƏT-in mövqeyi heç kimi qane etmir. Ona görə də ATƏT çərçivəsində ciddi islahatlar aparılmalıdır ki, o, yenilənmiş bir quruma çevrilə bilsin. Bu və ya digər dövlətlərə təzyiq göstərilməsi üçün böyük güclərin əlində alətə çevrilməsin". Millət vəkili Sədaqət Vəliyeva qeyd edib ki, aprelin 11-də Azərbaycan xalqı bir daha siyasi iradəsini nümayiş etdirdi, keçirilmiş şəffaf və demokratik seçkilərlə cənab İlham Əliyevi Prezident seçdi. Lakin görünür seçkilərin yüksək səviyyədə təşkil olunması, seçicilərin yüksək fəallıq nümayiş etdirməsi və səsvermə günü qanun pozuntularının müşahidə edilməməsi bəzi anti-Azərbaycan qüvvələrini çox narahat edib: "Bu mənada ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyaları ənənələrinə sadiq qalaraq 11 aprel prezident seçkiləri ilə bağlı qərəz və iftira ilə dolu seçki hesabatı açıqladılar". Deputat qeyd edib ki, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının qərəzli hesabatı ilk olaraq Azərbaycan seçicilərinə yönəlmiş açıq hörmətsizlikdir: "Çünki adları çəkilən müşahidə missiyalarının çoxsaylı üzvləri mart ayının 16-dan etibarən Azərbaycanda Prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin həyata keçirildiyinin əyani şahidi olublar. Seçkilərə hazırlıq prosesi dövründə seçici siyahılarının tam dəqiqləşdirilməsi, dairə seçki komissiyalarının, eləcə də məntəqələrin bütün lazımi texniki vasitələrlə tam təmin olunması, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şəraitin yaradılması göz önündə olan reallıqlar idi. 1000 məntəqədə veb-kameralar quraşdırılmışdı, ölkə üzrə seçkiləri on minlərlə müşahidəçi və Exit-poll izləyirdi. Hətta, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri seçki öncəsi ayrı-ayrı siyasi partiyaların qərargahlarında görüşlər keçiriblər, namizədlərin təşviqatı ilə əlaqədar görüşlərdə, mitinqlərdə olublar. Hətta, seçki günü respublika üzrə səhər saatlarından etibarən yüksək seçici fəallığını müşahidə edən ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri vətəndaşların axın-axın məntəqəyə gələrək səsvermə hüququndan necə istifadə etdiklərini də görüblər. Lakin görünən odur ki, bütün bu reallıqları inkar edən ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri ənənəvi ampluasında qaldılar və anti-Azərbaycan dairələrinin siyasi sifarişini yerinə yetirmək üçün hazır, təxribat xarakterli seçki hesabatını təqdim etdilər. ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının qərəzli hesabatı Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə, insanların cənab İlham Əliyevə olan sevgisinə, inamına və etimadına qarşı atılmış çirkin addım idi. Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə bu cür kölgə salmaq cəhdləri iflasa məhkumdur". Sədaqət Vəliyeva ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının seçki hesabatlarına yenidən baxacaqlarına və ədalətli, obyektiv yekun hesabat təqdim edəcəklərinə ümid etdiyini də diqqətə çatdırıb: "Çünki, ilk növbədə ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyası təbliğ etdikləri demokratik dəyərlərə özləri hörmət etməli və demokratikləşmə yolunda ciddi uğurlar əldə edən Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirməlidirlər".
Nurlan