“İlham Əliyev sözü bu gün sabitlik və inkişaf sözlərinin sinonimi kimi işlənməkdədir”

“11 aprel tarixində respublikamızda keçirilən prezident seçkiləri ölkəmizin demokratik inkişafı yolunda növbəti bir mərhələnin əsasını qoydu”.

"11 aprel tarixində respublikamızda keçirilən prezident seçkiləri ölkəmizin demokratik inkişafı yolunda növbəti bir mərhələnin əsasını qoydu". Bu fikri millət vəkili Elman Nəsirov deyib.

O qeyd edib ki, seçki prosesini 59 ölkədən və 61 təşkilatdan 894 beynəlxalq müşahidəçi izləyirdi: "Qaradağ rayonunda 11-12 saylı seçki dairələrində seçkiləri müşahidə edirdim. Orada həm MDB-dən, həm də ATƏT-dən gələn nümayəndələr ilk növbədə seçicilərin göstərdiyi fəallığa görə öz təəccüb və heyrətlərini gizlədə bilmirdilər. Onlar qeyd edirdi ki, Avropa ölkələrində bu mümkün deyil, bir növ seçki prosesinə biganəlik var. Eyni zamanda, bildirirdilər ki, Avropada absentizm cərəyanı adlanan bir cərəyan formalaşmaqdadır. Yəni seçkilərdən yayınmaqla bağlı cərəyan daha çox gözlənilməkdədir. Sözün həqiqi mənasında seçkilərdə xalqımızın bu cür ruh yüksəkliyi ilə iştirakı onu göstərdi ki, xalq seçki prosesinə özünün bundan sonrakı 7 illik taleyini həll edə biləcək şəkildə yanaşıb. Azərbaycan xalqının mütləq əksəriyyəti - 86,09 faiz seçici birmənalı şəkildə cənab İlham Əliyevə səs verdilər. Seçicilər bununla prezident İlham Əliyevin 15 illik fəaliyyətinə, onun həyata keçirdiyi iqtisadi-siyasi islahatlar siyasətinə və hər bir Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi mənafeyinə, onun təhlükəsizliyinin təmin edilməsi siyasətinə səs verdilər".

Millət vəkili bildirib ki, 2003-cü ildə cənab İlham Əliyev prezident seçilərkən 15 ildən sonra Azərbaycanın inkişafda bu səviyyəyə gələcəyinə inanmaq çətin olardı: "Amma bu gün bu artıq reallıqdır. Biz 7 il sonra, yəni 2025-ci ildə yüksək səviyyəmizə baxıb, həmin dövr ərzində nə qədər böyük yol qət etdiyimizi dəyəcəyik. Hətta, 2018-ci ilə qədər olan nailiyyətlərimiz bizə kiçik görünə bilər. Seçkilərin nəticəsi ilk növbədə ölkəmizdə sabitliyi, təhlükəsizliyi, inkişafı, tərəqqini təmin edib".

E. Nəsirov əlavə edib ki, prezidentlə xalqın birliyi və vəhdəti bu qələbələri təmin edir: "Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, bütün bu nailiyyətlərin əsasında xalqın cənab prezidentə olan dəstəyi dayanır. Azərbaycanın həm iqtisadi, siyasi, həm sabitlik, təhlükəsizlik, həm də hər bir ölkə vətəndaşının mənafeyi ilə bağlı istənilən sahədə daha böyük nailiyyətlərə imza atması üçün artıq unikal imkanlar yarandı. Buna da yeganə səbəb odur ki, yenidən prezidentimiz cənab İlham Əliyevdir. İlham Əliyev sözünün özü bu gün sabitlik, təhlükəsizlik və inkişaf sözlərinin sinonimi kimi işlənməkdədir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31