Azərbaycanda prezident seçkiləri azad və ədalətli keçirilib
Aprelin 11-də Azərbaycan xalqı növbəti müddətə öz prezidentini seçdi. Yüksək seçici fəallığı ilə baş tutan seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev seçicilərin 86,09 faiz səsini toplayaraq yenidən prezident seçildi.
12 Aprel 2018 15:35 SiyasətBeynəlxalq müşahidəçilərin mövqeyi bundan ibarətdir
Aprelin 11-də Azərbaycan xalqı növbəti müddətə öz prezidentini seçdi. Yüksək seçici fəallığı ilə baş tutan seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev seçicilərin 86,09 faiz səsini toplayaraq yenidən prezident seçildi.
Hər seçkidə olduğu kimi bu dəfə də Azərbaycan vətəndaşları öz iradələrini müstəqil şəkildə ortaya qoyaraq daha bir demokratik, azad və ədalətli seçki keçirdi. 11 aprel seçkilərinin demokratik şəraitdə baş tutduğu seçki prosesini izləyən beynəlxalq müşahidəçilər tərəfindən də açıq şəkildə ofadə olundu. İstər səsvermə müddətində, istərsə də seçki başa çatdıqdan dərhal sonra müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin ortaya qoyduğu mövqe ondan ibarət idi ki, 11 aprel seçkiləri kifayət qədər demokratik, şəffaq, azad və ədalətli şəkildə baş tutub. Bu mövqe seçkiləri izləyən beynəlxalq müşahidəçilərin keçirdikləri mətbuat konfranslarında da öz təsdiqini tapıb.
Bolqarıstanın Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü (GİSDİ) QHT-sinin seçki müşahidə missiyasinin rəhbəri Mixail Mirçev Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkiləri ilə keçirilən brifinqdə deyib ki, seçkiqabağı kampaniya və seçki günü apardıqları müşahidələr martın 29-da təqdim etdikləri Aralıq Hesabatda qeyd edilən əsas nəticə və faktları təsdiqləməyə imkan verir. M.Mirçev əlavə edib ki, seçki günü seçki prosesi normal təşkil edilib: "Secicilərə heç bir təzyiq göstərilməsi müşahidə edilməyib. Secki idarəetmə orqanları və ya daha aşağı instansiya komissiyalarına - Dairə Seçki Komissiyalarına qarşı ictimai nümayiş halları baş verməyib: "İlkin faktlar və nəticələrə əsasən belə qənaətə gəlirik ki, GİDSİ-nin müşahidəçiləri heç bir problem olmadan məntəqələrə daxil olublar. Seçki qutularının möhürlənməsi ilə bağlı heç bir pozuntu qeydə alınmayıb". M.Mirçevin sözlərinə görə, səsvermə prosesi şəffaf keçib, səsvermə kabinəsindən kənarda səsvermə halları müşahidə edilməyib: "Qutulara topa bülletenlərin atılması və ya bir seçicinin bir neçə nəfərin yerinə səs verməsi cəhdləri müşahidə edilməyib. Səsvermə məntəqəsinin heyət üzvləri və digər rəsmilər tərəfindən seçicilərə hansısa namizədə səs vermələri ilə bağlı təzyiqin göstərilməsi halları qeydə alınmayıb, hansısa namizədin xeyrinə təbliğatın aparılması müşahidə edilməyib. Səsvermə prosesinə kənar müdaxilələr olmayıb". Müşahidə missiyasının rəhbəri qeyd edib ki, səslərin hesablanması prosesi də şəffaf aparılıb: "Bu proses zamanı heç bir ciddi qanun pozuntuları qeydə alınmayıb. Ümumilikdə seçki prosesi şəffaf aparılıb və seçki nəticələrinə mümkün təsir edə biləcək ciddi qanun pozuntuları müşahidə edilməyib. Beləliklə, GİDSİ belə qənaətə gəlir ki, 11 aprel prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib və Azərbaycan xalqının iradəsini ifadə edir".
Litva parlamentinin insan haqları üzrə komitəsinin sədri Valerius Simulik isə keçirdiyi mətbuat konfransında deyib ki. Azərbaycanda keçirilmiş prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə yadda qaldı. O bildirib ki, nümayəndə heyəti 30 məntəqəyə baş çəkib, vətəndaşlarla, komissiya üzvləri ilə söhbət edib: "Azərbaycanda seçkilərə çox ciddi yanaşıblar və peşəkarlıqla hazırlaşıblar. Vətəndaşlar bizimlə səmimi söhbət edir, öz fikirlərini bölüşürdü. Seçkilərdəki fəallıqdan məmnunuq. Bu, vətəndaş cəmiyyətinin ölkənin siyasi həyatında fəal iştirak etdiyinin göstəricisidir".
Portuqaliya müşahidə missiyasının rəhbəri Mario Deyvid isə hesab edir ki, Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri xalqın seçimidir.
M.Deyvid əlavə edib ki, Azərbaycanda prezident seçkiləri pozuntusuz və qanunvericiliyə uyğun, demokratiya və ədalətli seçki prinsiplərinə əməl olunmaqla keçirilib. O bildirib ki, bütün namizədlərə öz fikirlərinin seçicilərə çatdırılması üçün zəruri şərtlər yaradılıb: "Seçki prosesi açıq və şəffaf keçdi. Seçicilərin fəallığı 74,51 faiz təşkil etdi. Bu isə xalqın öz fikrini bildirmək və seçim etmək arzusunu əks etdirir". Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq olunmuş müsbət praktikadan danışan M.Deyvid seçki günü ərzində keçirilən rəy sorğularını qeyd edib.
"Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiya isə bəyan edib ki, 11 apreldə keçirilən prezident seçkiləri bəzi çatışmazlıqların qeydə alınması ilə müşahidə olunsa da, onlar səsvermənin son nəticələrinə təsir göstərməyib. Sözügedən missiyanın üzvü, Polşadan olan müşahidəçi Beata Sobkeviç qeyd edib ki, ümumilikdə bu seçkilər peşəkar və hüquqi qaydada və dinc, azad, şəffaf mühitdə həyata keçirilib: "Bir sıra seçki məntəqələrində səslərin sayılması prosesini müşahidə etdik. İştirak edən bütün müşahidəçilərin fikrincə, səslərin sayılması peşəkarcasına, düzgün və şəffaf şəkildə aparılıb. ECR nümayəndə heyəti seçki prosesi, heyətin hazırlığı, seçicilərin maarifləndirilməsi və ümumi prosedurlar baxımından əldə olunan təkmilləşdirmələri təqdir edir. Missiyamıza çoxsaylı digər beynəlxalq və yerli seçki müşahidə qrupları da qoşulub. Azərbaycanda olduğumuz müddətdə onlarla ünsiyyət qurduğumuz zaman, onların fəaliyyətinə hər hansı manelərin yaradıldığını görmədi".
Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev də 11 aprel seçkilərinin demokratik şəraitdə baş tutduğunu açıqlayıb. O, bildirib ki, Azərbaycandakı prezident seçkilərində normal səsvermə üçün lazım olan hər şey edilmişdi. Onun sözlərinə görə, seçki zamanı heç bir qanun pozuntusunun şahidi olmayıblar: "İlk növbədə cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Həqiqətən, seçki ilə bağlı böyük təşkilati işlər görülüb. Hər yerdə yaxşı atmosfer vardı. Normal səsvermə üçün lazım olan hər şey edilmişdi. Olduğumuz məntəqələrin heç birində pozuntu şahidi olmadıq, hər şey qanuna uyğun təşkil olunmuşdu". Qazaxıstan Məclisinin üzvü Maqerram Maqerramov isə deyib ki, onlar hansısa qanun pozuntusu ilə rastlaşmayiblar: "Biz Bakı və Sumqayıtda 10 məntəqədə olduq. Hər yerdə normal səsvermə gördük. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bizə məntəqələrdə kimsə narazılıq bildirmədi".
Şanxay Əməkdaşlıq Təşkilatının missiya üzvü Rəşid Alimov Kutbidinoviç bildirib ki. Azərbaycanda seçkilər yüksək rəqabət şəraitində demokratik, şəffaf keçirilib. Azərbaycan xalqı öz gələcəyini müəyyənləşdirib və bu gələcək parlaqdır. O, Azərbaycana seçki prosesini izləmək üçün Xarici İşlər nazirliyinin dəvəti ilə aprelin 5-də gəldiklərini söyləyib: "16 təcrübəli missiya üzvü Bakı, Gəncə, Sumqayıt şəhəri və Abşeron rayonunda müşahidələr aparıb. Missiya müşahidələrin nəticələrini bu gün MSK-ya təqdim edəcək, daha sonra isə təşkilatın saytında yerləşdiriləcək: Azərbaycanda seçkinin keçirilməsi üçün bütün lazimi şərait yaradılıb, seçkidə əlillərin də iştirakı təmin edilib, məntəqələrdə videomüşahidələr aparılıb. Bu da istənilən vətəndaşa imkan verirdi ki, seçkini izləsin".
Ümumiyyətlə, 11 aprel seçkiləri ilə bağlı seçki prosesini izləyən bütün beynəlxalq müşahidəçilərin mövqeyi birmənalıdır. Bu mövqe də ondan ibarətdir ki, seçkilər demokratik şəkildə, ciddi qanun pozuntuları olmadan baş tutub. Elə Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Devid Tomas Morisin də mövqeyi bundan ibarətdir. O, bildirib ki, Azərbaycanda keçirilmiş prezident seçkisi yaxşı təşkil olunmuşdu. Onun sözlərinə görə, Britaniyadan gəlmiş nümayəndə heyəti ilə birgə 7 seçki məntəqəsində olublar: "Müşahidələrimiz göstərdi ki, hər şey çox gözəl təşkil olunmuşdu. Seçicilərin gəlməsindən başlamış səsverməyə qədər". Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Evans isə qeyd edib ki, seçki məntəqələrində olarkən komissiya üzvləri onları çox yaxşı qarşılayıb: "Seçki prosesi açıq və şəffaf keçirilib". Britaniyanın "London Post" qəzetinin baş redaktoru Şahid Qureşi isə deyib ki, məntəqələrdə yerli müşahidəçilər və media nümayəndələri sərbəst şəkildə müşahidə apara bilib: " Vətəndaşlar da seçkilərdə fəal idilər. Bu göstərir ki, Azərbaycanda insanlar seçkiyə çox fəallıqla yanaşıblar".
Qırğızıstan Parlamentinin üzvü, Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Talaybek Masabirov səsvermə günü təxminən 10 məntəqədə seçkinin gedişatını izlədiyini və qanun pozuntuları aşkar etmədiyini söyləyib: "Seçicilər üçün tam bərabər şərait yaradılmışdı. Hər şey qanuna müvafiq keçdi". T.Masabirov əlavə edib ki, Azərbaycan və Qırğızıstan dost ölkələrdir: "Qoy, həmişə bizim aramızda dostluq olsun və ölkələrimiz inkişaf etsin".
Çexiya Deputatlar Palatasının üzvü, Avropa İşləri üzrə komitənin sədr müavini Yirji Valenta da 11 aprel seçkilərinin azad və ədalətli şəkildə baş tutduğunu deyib. O, qeyd edib ki, səsvermə zamanı hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar. Y.Valenta qeyd edib ki, o, həmkarı Yaroslav Holiklə birgə 14 məntəqədə olub və hər hansı qanun pozuntusu ilə rastlaşmayiblar.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5201 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayıb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Füzuli