“Prezident seçkisində bütün məqamlar ən yüksək beynəlxalq standartlara uyğun idi”

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri bəlli oldu. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, hazırki prezident, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük səs çoxluğu ilə rəqiblərini üstələdi. Beləliklə İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazandı.

Beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkisini tarixi hadisə adlandırıblar

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri bəlli oldu. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, hazırki prezident, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev böyük səs çoxluğu ilə rəqiblərini üstələdi. Beləliklə İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazandı. Məsələ orasındadır ki, bu dəfəki prezident seçkisi ölkənin demokratik inkişaf yolunda mütərəqqi addım kimi dəyərləndirilə bilər. O baxımdan ki, bu seçki prosesində şəffaflığın təmin olunması məqsədilə lazım olan bütün texniki imkanlar yaradılaraq seçicilərin azad və sərbəst şəkildə səs vermələri üçün normal şərait təmin edilmişdi. Məhz bu səbəbdən də seçki prosesində heç bir qanunazidd hərəkət qeydə alınmadı. Ölkənin Ədliyyə Nazirliyiin rəsmi açıqlamasında bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 11.04.2018-ci il tarixdə keçirilən seçkiləri zamanı seçki qanunvericiliyinin tələblərinin pozulmasına dair bu işlərə baxmaq səlahiyyəti olan apellyasiya instansiyası məhkəmələrinə heç bir şikayət daxil olmayıb. Eyni zamanda, seçki prosesinin gedişatında hər hansı insidentlə bağlı rayon (şəhər) məhkəmələrinə də müraciət edilməyib. Elə Azərbaycanda keçirilən prezident seçkisini izləyən xarici müşahidəçilər də bu qənaətdədirlər.
Respublikanın bir sıra seçki məntəqəsində müşahidə aparan Avropa Mühafizəkarlar və Reformistlər Qrupu (ECR) 11 aprel prezident seçkilərində apardıqları müşahidənin nəticəsi ilə bağlı bəyanatı açıqlayıb. Qrupun üzvləri Beata Sobkeviç və Rişard Çarnekski bildiriblər ki, seçki milli qanunvericiliyə uyğun keçirilib və hüquqi çərçivəyə, Seçki Məcəlləsinə riayət olunub: "Siyasi cəhətdən çoxşaxəli və rəqabətli mühit təmin olunub. Ümumi atmosfer sakit, bütün məqamlar ən yüksək beynəlxalq standartlara uyğun idi. Təəssüf ki, 4 siyasi qurum - Demokratik Qüvvələrin Milli Şurası, REAL, Ümid və Müsavat partiyaları seçkiləri boykot etmişdi. ECR nümayəndə heyəti bunun prosesin inklüzivliyinə təsir göstərəcəyini hesab edir, çünki bu seçiciləri iştirak etməkdən çəkinməyə sövq edir. Seçicilərin azadlığı və səsvermənin gizliliyi tam təmin olunub. Müşahidəçilər tərəfindən heç bir insident qeydə alınmayıb. Səsvermə prosesi adekvat və beynəlxalq standart, təcrübəyə müvafiq idi. Səsvermə günü Seçki Məcəlləsinin pozulma hallarını müşahidə etməmişik. Kənar müdaxilələr və seçicilərə hər hansı təzyiq hallarının şahidi olmamışıq. Təhlükəsiz atmosfer yaradılmışdı". Bəyənatda həmçinin bildirilib ki, bunlara baxmayaraq, bəzi seçki məntəqələrində möhürləmə, bülletenlərdən müvafiq qaydada istifadə, düzgün seçici identifikasiyası hallarında pozuntular aşkarlanıb. Ancaq bunun mənbəyini müşahidəçilər müəyyənləşdirə bilməyib: "Bu halların yekun nəticələrə təsir göstərə bilməyəcək qədər az olmasına baxmayaraq, missiya belə təcrübələri pisləyir və MSK-nı belə çatışmazlıqların gələcəkdə qarşısının alınması məqsədilə bu pozuntuları müvafiq qaydada araşdırıb, məlumat verməyə çağırır". Bəyanat müəllifləri gələcəkdə beynəlxalq, o cümlədən DTİHB ilə əməkdaşlıq və iştirakçıların artırılmasının mümkün olacağına və mümkün pozuntular barədə məlumatların müvafiq qaydada araşdırılacağına ümidvar olduqlarını ifadə ediblər.
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yaydığı açıqlamasında seçkinin azad və demokratik şəraitdə keçdiyini bəyan edib: "Seçkilər çox azad keçirilib, heç bir təzyiq, qanun pozuntusu olmayıb və hər şey qanunvericilik çərçivəsində olub". Qurumun açıqlamasında qeyd olunub ki, seçki məntəqələrinin 66 faizini gəzən nümayəndələr nəticələrin ölkədə bayram ab-havasında qeyd olunduğunun şahidi olublar: "Əhali aktiv şəkildə gəlib öz namizədinə səs verdi. Hər şey yüksək səviyyədə təşkil edilmişdi. Əhali ədalətli və azad keçirilən seçkilərdə maraqla iştirak edirdi. Xalqın müstəqil şəkildə öz rəhbərini seçə bilməsi imkanı çox vacibdir. Seçkilər məhz xalq üçündür. Xalq öz namizədinə səs verərək öz müqəddəratını həll edir. Azərbaycan xalqının gələcəyinin parlaq olduğunu deyə bilərik".
Azərbaycan xalqına azad siyasi seçim etmək və sakit mühitdə səs vermək imkanının yaradıldığını qeyd edən GİSDİ - Azad və Demokratik Seçkilər Uğurunda Vətəndaş Təşəbbüsü Təşkilatının (Bolqarıstan) müşahidə missiyası da prezident seçkisi ilə bağlı bəyanatını açıqlayıb. GİSDİ missiyasının rəhbəri Mihail Mirçev seçki günü səsvermə prosesinin çox yaxşı təşkil edildiyini və heç bir təzyiq, hədə-qorxu halları müşahidə edilmədiyini deyib: "Belə qənaətə gəlirik ki, seçki qutularının möhürlənməsi ilə bağlı heç bir pozuntu qeydə alınmayıb. Səsvermə kabinələri bütün standartlara cavab verirdi və gizli səsvermə üçün şərait yaradılmışdı. Ümumilikdə, səsvermə prosesi normal və şəffaf keçib. Bundan başqa, səslərin sayılması, protokolların hazırlanmasında kiçik çatışmazlıqlar müşahidə edilmişdi ki, bu, seçki nəticələrinə ciddi təsir göstərməyib. GİSDİ 450 seçki məntəqəsində keçirdiyi müşahidələrin nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, seçkinin nəticələrinə təsir göstərəcək heç bir mənfi hal yaşanmayıb. Azərbaycan xalqına azad siyasi seçim etmək və sakit mühitdə səs vermək imkanı yaradılmışdı". Missiya rəhbəri bildirib ki, GİSDİ bütün müşahidəçilərin rəylərini nəzərə alaraq seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini, nəticələrin Azərbaycan xalqının iradəsini ifadə etdiyini bəyan edir.
Seçkilərin Azərbaycan xalqına xeyirli olmasını arzu edən prezident seçkilərində müşahidə aparan Türk Şurasının müşahidə missiyasının rəhbəri Ömər Kocaman deyib ki, əsasən respublikanın bölgələrində müşahidə aparıb: "Qubada, Bakıda və Şəkidə müşahidə apardıq. Bütün təşkilati işlər yüksək səviyyədə təşkil olunmuşdu". Missiya rəhbəri bildirib ki, müşahidə heyətində Türkiyə, Qazaxıstan və Qırğızıstandan müşahidəçilər olub: "Rahatlıqla və böyük məmnuniyyətlə deyə bilərəm ki, seçkilər beynəlxalq standartlara uyğun şəkildə keçirildi. Hər hansı problemlə qarşılaşmadıq. Seçicilər çox fəal idi. 55 məntəqədə olduq. Hər bir məntəqədə şərait seçki qanunauyğunluğuna cavab verirdi. Dost Azərbaycan xalqını ürəkdən təbrik edirəm". Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamaiusupov 2010-cu ildən etibarən təşkilat üzvlərinin müşahidə keçirdiyini, Azərbaycandakı prezident seçkilərinin azad və şəffaf təşkil olunduğunu deyib. Missiyanın üzvü, Qazaxıstan parlamentinin deputatı Naziya Telmukhamedova Azərbaycanda keçirilən prezident seçkilərini tarixi hadisə adlandırıb: "Bu seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Aprelin 11-də keçirilən seçkilər tarixi hadisədir. Müşahidələrimə əsasən deyə bilərəm ki, təşkilatçılıq beynəlxalq standartlara tam uyğun idi".
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (Belçika) müşahidə missiyasının üzvü Klod Monike deyib ki, seçkilər zamanı qayda pozuntusu olmayıb, səsvermə ədalətli, şəffaf keçib və seçicilərə heç bir təzyiq olmayıb: "Seçki günü 20 məntəqədə olduq. Müşahidələrimizə əsaslanaraq bildiririk ki, seçkilər səmərəli, yaxşı mühitdə təşkil edilməyib. Heç bir əsaslı pozuntular qeydə alınmayıb". K. Monike əlavə edib ki, seçki məntəqələrində səslərin sayılması prosesi açıq və şəffaf olub: "Quraşdırılan veb-kameralar seçki prosesinin şəffaflığını artırır. Biz "exit-poll"un nəticələrini MSK-nın elan etdiyi ilkin faizlərə uyğunluğunu yoxladıq və bunu demokratik seçkilərin ifadəsi kimi müsbət qiymətləndiririk". Missiyanın digər üzvü Simon Peterman isə gənclərin seçki prosesində aktiv iştirakını xüsusi vurğulayıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31