“Exit-poll”un ilkin nəticələri açıqlanıb - İlham Əliyev böyük səs çoxluğu ilə öndədir
Azərbaycanda keçirilən prezident seçkisini izləyən yerli və beynəlxalq təşkilatlar seçkilərin şəffaf və ədalətli keçirilməsi qənaətindədirlər. Müşahidəçilərin qənaətinə görə, seçki prosesində təşviqat kampaniyasından tutmuş səsvermə anına qədər bütün proseslər beynəlxalq standartlara uyğun olub.
11 Aprel 2018 21:24 SiyasətAzərbaycanda keçirilən prezident seçkisini izləyən yerli və beynəlxalq təşkilatlar seçkilərin şəffaf və ədalətli keçirilməsi qənaətindədirlər. Müşahidəçilərin qənaətinə görə, seçki prosesində təşviqat kampaniyasından tutmuş səsvermə anına qədər bütün proseslər beynəlxalq standartlara uyğun olub. Hətta Azərbaycanda tətbiq edilən bir sıra yeniliklər dünya ölkələri üçün nümunə ola bilər. Belə ki, elektron müşahidədən tutmuş, şəxsiyyət vəsiqələrinin yoxlanılmasına qədər tətbiq edilən yeniliklər seçkilərin demokratik şəraitdə keçirilməsinə təminat verir. Seçkilərin şəffaf və demokratik keçirilməsinə zəmanət verən proseslərdən biri də "exit-poll"un keçirilməsidir ki, artıq bununla bağlı ölkəmiz kifayət qədər təcrübəyə malikdir. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasında 4 təşkilat prezident seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınıb. Onların monitorinq aparacağı dairələr əvvəlcədən müəyyən edilib. Belə ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya" şirkəti ilə birlikdə 40, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Vey" təşkilatı ilə birlikdə 118, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 118, "RƏY" Monitorinq Mərkəzi isə 48 seçki dairəsində monitorinq keçirib.
Artıq "ELS" Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı "exit-poll"un ilkin nəticələrini açıqlayıb. Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb: "80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. "Exit-poll" uğurla başa çatdı."ELS" Müstəqil Araşdırmalar Mərkəzinin apardığı "exit-poll"un nəticələri aşağıdakı kimidir: İlham Əliyev 82,71 faiz, Zahid Oruc 3,37 faiz, Araz Əlizadə 1,87 faiz, Qüdrət Həsənquliyev 4,23 faiz, Fərəc Quliyev 1,33 faiz, Hafiz Hacıyev 2,1 faiz, Razı Nurullayev 0,92 faiz, Sərdar Cəlaloğlu 3,56 faiz səs toplayıb.
Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi də Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb. "Exit-poll"un nəticələrinə görə, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev seçicilərin 86,53% səsini toplayıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 3,10%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc 2,92%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 2,81%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1, 73%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 1,21 %, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 1, 03%, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev 0, 67% səs toplayıb. "Exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.
ABŞ-ın "Artur J.Finkelstein and Associates" (AJF) təşkilatı da Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticəsini açıqlayıb. Təşkilatın rəhbəri Corc Birnbaum deyib ki, nəticələrə əsasən İlham Əliyev 85,57 faiz, Araz Əlizadə 1.42, Hafiz Hacıyev 1.76, Qüdrət Həsənquliyev 2.96, Fərəc Quliyev 1.52, Sərdar Məmmədov 2.48, Razi Nurullayev 1.37, Zahid Oruc 2.92 faiz səs qazanıb.
"Rəy" Monitorinq Mərkəzi də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı "exit-poll"un nəticələrini açıqlayıb. Mərkəzin direktoru Rizvan Abbasov deyib ki, seçici fəallığı 72,3 faiz təşkil edib.Nəticələrə əsasən İlham Əliyev 84.49 faiz, Qüdrət Həsənquliyev 3.72 faiz, Zahid Oruc 3.21 faiz, Sərdar Cəlaloğlu 3.04 faiz, Araz Əlizadə 1.65 faiz, Hafiz Hacıyev 1.57 faiz, Fərəc Quliyev 1.46 faiz, Razi Nurullayev 0.86 faiz səs qazanıb. Sorğu 48 seçki dairəsində, 350 seçki məntəqəsində aparılıb.
Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub. ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib. Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİA) Azərbaycanda bu gün keçirilən prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb. AVCİA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat tərəfindən 4 min müşahidəçi ilə seçki prosesinin monitorinqi təşkil edilib. Müşahidə 3 mərhələdə aparılıb və heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb:"Bəzi seçki məntəqələrində cüzi texniki çatışmazlıq olub ki, bu, seçkinin nəticələrinə təsir etməyib. AVCİA seçkilərin demokratik, şəffaf, ədalətli keçdiyini, ölkədə ictimai-siyasi vəziyyətin daha sabit və təhlükəsiz olduğunu bildirir". M. Zülfüqarlı qeyd edib ki, seçici fəallığı təxminən 65-66 faiz arasında olub.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, 11 aprel Azərbaycan Respublikasının Prezidentinin seçkiləri ölkə qanunvericiliyi və beynəlxalq normalara uyğun keçirilib: "BMAM-ın Müşahidə Missiyası seçki günü Bakı şəhəri və regionlar da daxil olmaqla 50-dən artıq seçki dairəsi və 200-ə yaxın seçki məntəqəsində müşahidələr aparıb. Müşahidə missiyamız olduqları seçki məntəqələrində səsvermənin yekunlarını, habelə səslərin sayılması prosesini yaxından izləyib və heç bir qanun pozuntusu faktı qeydə almayıb. Məntəqələrdə prezidentliyə namizədlərin vəkillərinə, müşahidəçilərinə və məşvərətçi səs hüquqlu məntəqə seçki komissiyalarının üzvlərinə normal və maneəsiz şərait yaradılıb. Eləcə də mətbuatın səsvermə prosesini izləməsi zamanı hər hansı problem qeydə alınmayıb. Həmçinin, müşahidə aparılan məntəqələrin əksəriyyətində "exit-poll"un keçirilməsi qeydə alınıb. Məntəqələr üzrə gün ərzində yüksək seçici fəallığı müşahidə edilib, həmçinin xarici müşahidəçilər geniş heyətdə seçkiləri izləyiblər. Müşhidəçilərimizin olduğu ən ucqar seçki məntəqələrində belə yüksək seçici fəallığı qeydə alınıb. Dairə və məntəqələrdə yerli və beynəlxalq müşahidəçilər fəaliyyətlərini sərbəst qurub, gün ərzində seçki prosesini yaxından izləyiblər. Həmçinin, müstəqil müşahidəçilərin gün ərzində apardıqları monitorinqlər kifayət sayda çox olub. Müşahidələrə əsasən deyə bilərik ki, prezident seçkiləri zamanı heç bir qanun pozuntusu baş verməyib. Seçkinin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və beynəlxalq normalara uyğunluğu yüksək səviyyədə təmin edilib. İntensiv olaraq apardığımız müşahidələr bu seçkilərin demokratik cəmiyyət quruculuğu yolunda növbəti mühüm addım olduğunu göstərir. Bu seçkilərdə seçki texnologiyalarının tətbiqi imkanları daha da genişləndirilib, seçici hüquqlarını məhdudlaşdıra biləcək bütün digər hallar aradan qaldırılıb. Beləliklə də, apardığımız müşahidələr göstərdi ki, 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkisi azad,demokratik və şəffaf, eyni zamanda beynəlxalq seçki prosedurlarına uyğun şəraitdə keçirilib".
Alim