Azərbaycandan dünyaya demokratik və şəffaf seçki nümunəsi
Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirilir. Müstəqil Azərbaycanın tarixində 8-ci dəfə keçirilən prezident seçkilərində elə 8 nəfər prezidentliyə namizəd mübarizə aparır. Ölkənin bir nömrəli postu uğrunda gedən mübarizəyə hakimiyyət namizədi ilə yanaşı müxalifət partiyalarının namizədləri də qoşulub.
11 Aprel 2018 18:14 SiyasətSeçkiləri izləyən beynəlxalq müşahidəçilərin mövqeyi bundan ibarətdir
Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirilir. Müstəqil Azərbaycanın tarixində 8-ci dəfə keçirilən prezident seçkilərində elə 8 nəfər prezidentliyə namizəd mübarizə aparır. Ölkənin bir nömrəli postu uğrunda gedən mübarizəyə hakimiyyət namizədi ilə yanaşı müxalifət partiyalarının namizədləri də qoşulub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, millət vəkili Zahid Oruc, ASDP-nin həmsədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və AXCP sədri Razi Nurullayev mübarizə aparır..Səhər saatlarından başlayaraq vahid seçici siyahısında adı olan 5 milyon 192 min 42 səsvermə hüquqlu vətəndaşa ölkədəki 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində öz vətəndaşlıq hüququndan istifadə etmək imkanı yaradılıb.
Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq təşkilat və qurumlar, dünya dövlətləri, yaxın və uzaq qonşularımız tərəfindən də maraqla izlənilir. Elə bu marağın göstəricisidir ki, aprelin 11-də keçirilən prezident seçkilərini izləmək üçün ölkədə yüzlələr beynəlxalq müşahidəçi təşrif buyurub. Öz növbəsində Mərkəzi Seçki Komissiyası da həmin beynəlxalq müşahidəçiılərin müraciətlərini zamanında dəyərləndirərərk onların prezident seçkilərini müşahidə etməsinə lazımı şətrait yaradıb. Nəticə etibarilə Azərbaycan dövləti və Mərkəzi Seçki Komissiyasının beynəlxalq təşkilat və qurumlarla səmərəli əməkdaşlığının nəticəsi olaraq aprelin 11-də keçirilən prezident seçkilərini 59 ölkə və 61 beynəlxalq təşkilatdan olmaqla 894 beynəlxalq müşahidəçi izləyib.
İstər seçkiöncəsi, istərsə də səsvermə günü seçkilərin azad və ədalətli, demokratik şəraitdə baş tutması üçün Azərbaycan dövlətinin ortaya qoyduğu siyasi iradə prezident seçkilərini izləyən beynəlxalq təşkilatların müşahidəçiləri tərəfindən təqdir edilib. Elə səsvermə günü seçkinin gedişi ilə bağlı beynəlxalq təşkilatların nümayəndələrinin verdiyi açıqlamalar da onu deməyə əsas verir ki, Azərbaycan hər zamankı kimi bu dəfə də demokratik dəyərlərə sadiqlik nümayiş etdirərək azad və ədalətli seçki keçirdi. Seçkiləri müşahidə edən əksəriyyət beynəlxalq təşkilat nümayəndələrinin mövqeyi, açıqlamaları buna əsaslanır.
GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın baş katibi, qurumun müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev deyib ki, Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlər yaradılıb. Səsvermə prosesi zamanı iki seçki məntəqəsində olduğunu xatırladan GUAM təmsilçisi seçicilərlə söhbət etdiklərini və vətəndaşların seçkilərə hazırlıq prosesindən razılıq ifadə etdiklkərini söyləyib. Bildirib ki, seçkilər azad və sakit mühitdə davam edib: "Bir sözlə, Azərbaycanda seçki prosesi və səsvermə mühiti barəsində müsbət rəy formalaşıb. Hər şey çox dəqiq təşkil olunub və seçki məntəqələrində hər hansı bir pozuntu qeydə alınmayıb.
Onun sözlərinə görə, GUAM nümayəndə heyətinin zəngin proqramı var: "Biz Bakıda və Sumqayıtda 15-dək məntəqədə olmalıyıq.
MDB Parlamentlərarası Assambleyasının Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov isə deyib ki, Azərbaycandakı seçkilər açıq, ədalətli, demokratik seçkilərin nümunəsidir. O, seçkilərin təşkilatçılığını yüksək qiymətləndirib: "Bu, seçki prosesinin dəqiq təşkilatçılığıdır, bu, yaxşı təchiz olunmuş məntəqələrdir, bu maneə olmadan, açıq və şəffaf səs vermək imkanıdır. Nəhayət bu, beynəlxalq müşahidəçilərin işi üçün yaxşı şəraitin yaradılmasıdır".
Latviya parlamentinin iqtisadiyyat komitəsinin sədri Roman Naudinş isə seçki məntəqələrində çox yaxşı infrastruktur yaradıldığını təqdir edib. O bildirib ki, məntəqələr müasir avadanlıqlarla təchiz olunub: "Məni daha çox hər məntəqədə veb-kameraların sayı heyrətləndirib. Bu, dünyanın istənilən yerindən seçki prosesinə nəzarət etməyə imkan verir". Onun sözlərinə görə, müsbət amil məhdud imkanları olan şəxslərə səsvermə üçün bütün imkanların yaradılmasıdır: "Məntəqəyə gəlmək imkanı olmayan şəxslərə evdən səs vermək imkanının təmin olunması çox vacibdir. Bu, ilk növbədə qocalara və əlillərə aiddir". R.Naudinş qeyd edib ki, prezident seçkiləri barədə təəssürat müsbətdir: "Biz Nizami rayonunda bir sıra seçki məntəqələrində olmuşuq. Heç bir pozuntu müşahidə olunmayıb".
Avropa Parlamentinin müşahidə missiyasının sədri Devid Kempbell Bannerman isə Azərbaycanda keçirilən seçkiləri Böyük Britaniya seçkiləri ilə eyniləşdirib və demokratik ənənələrə sadiqliyi yüksək qiymətləndirib: "Azərbaycandakı seçki məntəqələri Böyük Britaniyadakılara oxşayır. Seçki mənətəqələrində müasir texnologiyalar tətbiq olunur, seçicilərin ciddi qeydiyyatı aparılır. Hər şey Böyük Britaniyada olduğu kimi baş verir". Deputat əlavə edib ki, Mərkəzi Seçki Komissiyasında görüşdən sonra daha bir neçə məntəqəyə baş çəkib və müsbət məqamlarla rastlaşıb.
İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyası da Azərbaycanda keçirilənm prezident seçkilərindən razılıq ifadə edib və seçkilərin demokratik şəkildə baş tutduğunu açıqlayıb. Təşkilatın Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç bildirib ki. Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir. O qeyd edib: "Hazırda dünyada bəlli bir seçki sistemi var ki, Azərbaycanda da bu sistem tətbiq olunur". M.E.Kılıç deyib ki, iştirak etdikləri bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinin şahidi olublar:
"Seçkilərin Azərbaycan xalqına sevinc və ümid gətirəcəyinə inanırıq. Heç şübhəsiz ki, Azərbaycan xalqı ən doğru və ən düzgün seçimi edəcək".
Prezident seçkilərini müşahidə edən İsrail Knessetinin deputatı Konstantin Yoel Razvozov isə deyib ki, Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəlib. Onun sözlərinə görə, missiya iki saat yarım ərzində bir neçə seçki məntəqəsində olub: "Deyə bilərəm ki, səsvermə prosesi hər hansı bir qüsur və ya pozuntu olmadan keçir. Fəallıq yüksək səviyyədədir və çoxlu müşahidəçilər var. Bütün bunlar onu bildirir ki, şəffaf seçkilərin keçirilməsi üçün düzgün təşkilatçılıq nəzərdə tutulub". Deputat hesab edir ki, bir çox ölkələr Azərbaycanın prezident seçkilərini təşkil etmək təcrübəsindən yararlana bilər: "Fikrimcə, mən də zəruri təcrübə əldə edəcəm və İsrailə qayıdanda seçki prosesinin təşkil olunması barədə təkliflər irəli sürə bilərəm".
Avropa Parlamentindən olan müşahidəçi, Avropa İttifaqı-Azərbaycan parlamentlərarası komissiyasının üzvü Kosma Zlotovskinin qənaətincə, Azərbaycan öz vətəndaşlarının sərbəst şəkildə səs verməsinə şərait yaradıb: "Gördüklərimiz artıq yaxşı təsir bağışlayır. Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün şərait yaradılıb". K.Zlotovski Azərbaycanda seçkilərin yaxşı keçəcəyinə ümid etdiyini bildirib:
Özbəkistan parlamentinin vitse-spikeri Sərvər Otamuratov da prezident seçkilərinin gedişindən razılığını ifadə edib. O, qeyd edib ki, Azərbaycanda prezident seçkiləri şəffaf
şəraitdə keçib. Sərvər Otamuratovun sözlərinə görə, proses çox demokratik şəkildə, şəffaf şəkildə davam edib: "Müşahidələrimizə əsasən görürük ki, vətəndaşlar lazım bildikləri namizədə səs verib". Sərvər Otamuratov Azərbaycanı uğurlu seçkilərlə bağlı təbrik edib: "Azərbaycan bizim üçün qardaş ölkədir. Biz sizin bütün islahatları dəstəkləyirik. Əsas odur ki, insanları əhval-ruhiyyəsi yaxşıdır və vətəndaşlar fəaldır".
Qeyd edək ki, TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası da Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edib və missiya seçkinin təşkilindən razılıq ifadə edib. Missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir. Səsvermə prosesi zamanə TÜRKPA müşahidəçiləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 1, 2, 12, 13 və 5 saylı məntəqələrini və 42 saylı Sumqayıt seçki dairəsinin 9, 10, 22 saylı seçki məntəqələrini ziyarət ediblər və həmin dairə və məntəqələrdə səsvermə prosesi ilə yaxından tanış olublar. Sumqayıtdan sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Xırdalan şəhərində seçkiləri müşahidə edib.
MDB Parlament Assambleyası müşahidə missiyası Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun başçılığı ilə də bir qrup müşahidəçi Azərbaycanda prezident seçkilərini izləyib. İlyas Umaxanov 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edib. Beynəlxalq müşahidəçi deyib ki, bu gün Azərbaycand keçirilən prezident seçkilərində seçki komissiyasının çox dəqiq və sistemli işi görünür: "Artıq dördüncü dəfədir prezident seçkilərini müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhvali-ruhiyyə yüksək səviyyədir. Hiss olunur ki, insanlar səsverməyə xoş əhvali-ruhiyyə, gələcəyə inamla, ölkələrini çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək". İ.Umaxanovuin sözlərinə görə, tam əminliklə deyə bilərik ki, Qərb ekspertləri Azərbaycanda nəinki seçkiləri müşahidə edə, eyni zamanda, seçkilərin təşkili ilə bağlı təcrübəni öyrənə bilərlər.
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sədi Güven deyib ki, Azərbaycanda seçkilər çox şəffaf keçirilir: "Azərbaycan bizim üçün qardaş ölkədir. Və biz bu seçkilərə Azərbaycan tərəfinin dəvəti ilə gəlmişik. Azərbaycanlı həmkarlarımız seçicilər üçün bütün lazımi şəraiti yaradıb. Seçici fəallığı yüksəkdir". Türkiyə MSK-nın sədri qeyd edib ki, seçkilər zamanı bütün demokratik prinsiplərə əməl edilib. Onun sözlərinə görə, Türkiyədə Azərbaycan xalqı üçün seşkilərin müsbət nəticələr verəcəyinə inanırlar.
Prezident seçkilərini müşahidə edən ukraynalı müşahdiəçilər də seçki prossinin gedişi və yaradılan şəraitdən razılıq ifadə ediblər. Ukrayna parlamentinin deputatı, GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Parlament Assambleyasının müşahidə missiyasının üzvü Oleq Medunitsa deyib ki, Azərbaycanda prezident seçkiləri demokratiya şəraitində və ölkə qanunvericiliyinə uyğun olaraq keçir.
O.Medunitsa bildirib ki, seçki məntəqələrində səsvermə prosesi aktiv davam edib: "Yerlərdə heç bir pozuntu müşahidə olunmayıb. Səsvermə tam sabitlik mühitində davam edib". Ukraynalı deputat onu da qeyd edib ki, Azərbaycan Ukrayna üçün dost ölkədir və ölkələr arasında ikitərəfli münasibətlər daim inkişaf edir. Azərbaycanda keçirilən Prezident seçkilərinin müşahidəsi zamanı GUAM-ın nümayəndə heyəti qanunvericiliyin pozulmasına dair hallar qeydə almayıb. Nümayəndə heyətimiz sükut günündə gəldi. Heç bir təşviqat forması görmədik, bütün təşviqat plakatları və afişaları yığışdırılmışdı. Sükut günü sakit keçdi". Onun sözlərinə görə, bu gün missiya həm Bakıda, həm də paytaxtdan kənarda bir sıra seçki məntəqələrinə baş çəkib: "Müşahidə zamanı qanunvericiliyin pozulmasına dair heç bir hal qeydə alınmayıb".
O, GUAM-ın nümayəndə heyətinin seçki məntəqələrində olan müşahidəçilərlə, o cümlədən müxalifətdən olan bir sıra müşahidəçilərlə ünsiyyət qurduqlarını bildirib: "Onlardan heç biri Azərbaycan xalqının iradəsini saxtalaşdırmaq üçün müəyyən proseslərin olduğuna dair şikayət etməyiblər. "Seçki prosesini yüksək qiymətləndiririk", - deyə Ukrayna Radasının deputatı vurğulayıb.
Özbəkistan parlamentinin deputatı Nilufər Səidəhmədova Azərbaycanda prezident seçkilərində seçicilərin böyük fəallığının müşahidə olunduğunu alqışlayıb. O, deyib ki, bu da əhalinin seçkilərə olan marağının göstəricisidir. Özbəkistan parlamentinin deputatı bildirib ki, ölkədə seçkilər açıq və demokratik keçir. Deputat həmçinin şəhər haqqında təəssüratlarını bölüşüb:"Biz artıq üçüncü gündür ki, Bakıdayıq. Sizin şəhəriniz və ölkəniz çox gözəldir".
Moldova parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Violeta İvanov da Azərbaycanda keçirilən prezident seçkilərində heç bir pozuntu qeydə alınmadığını söyləyib. O, bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Baş çəkdiyimiz bütün seçki məntəqələrində yüksək səviyyəli təşkilatçılığı qeyd etmək istərdim. Biz hər hansı pozuntu ilə rastlaşmamışıq. Hər şey çox sakit keçir. Burada həm yaşlı insanlar, həm də gənclər üçün şərait yaradılıb". Deputat yüksək seçici fəallığına da toxunub: "Səhər saat 10-a bir çox seçki məntəqələrində seçici iştirakının 20 faizi ötməsi ondan xəbər verir ki, xalq həqiqətən də səs verərək öz gələcəyini seçmək istəyir". V.İvanovun sözlərinə görə, bu, gənclərin dövlətin inkişafı məsələsinə maraq göstərdiyini və Azərbaycanın inkişafının gələcəkdə də yüksək səviyyədə davam etməsi üçün mümkün olan hər şeyi etdiyini göstərir.
Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının nümayəndəsi Sergey Smetannikov da Azərbaycanda prezident seçkilərinin demokratik və şəffaf şəkildə keçdiyi qənaətindədir.
Onun sözlərinə görə, seçki mühiti və səsvermə demokratik tələblərə cavab verir: "Səsvermə prosesində şəffaflıq təmin edilib. Hər hansı qanun pozuntusu müşahidə edilməyib. Seçkilər demokratik və şəffaf şəkildə keçib".
Beynəlxalq münasibətlər üzrə israilli ekspert, İsraildən olan müşahidə missiyasının üzvü Arye Qut da Azərbaycanda prezident seçkilərinin açıq və şəffaf keçirildiyini söyləyib. O, deyib ki, İsrailin 9 nəfərdən ibarət nümayəndə heyəti bu gün seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlib: "Nümayəndə heyətinin tərkibində Knessetin deputatları, sabiq nazirlər, eləcə də İsrailin Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri yer alıb. Gördüyünüz kimi, nümayəndə heyətinin ranqı olduqca yüksəkdir". Onun sözlərinə görə, nümayəndə heyəti Azərbaycanın bu gün necə olduğunu görmək üçün gəlib: "Bu gün dünyada Azərbaycana qarşı mənfi təbliğat aparılır. ELə buna görə də bütün Cənubi Qafqazda geosiyasi vəziyyəti və İsrail-Azərbaycan əməkdaşlığının mahiyyətini yaxşı bilən insanları ölkənizə gətirmişik". Nümayəndə heyətinin üzvü qeyd edib ki, bu gün Azərbaycanda Prezident seçkiləri açıq və şəffaf keçirilir, seçicilərə heç bir təzyiq yoxdur: "Məncə, bu, yaxın gələcəkdə Azərbaycanın demokratikləşməsi istiqamətində daha bir addımdır". Onun sözlərinə görə, İsraildə seçki prosesi bu gün Azərbaycanda izlədikləri kimidir: "Hətta Azərbaycanın bəzi üstünlükləri var. İsrailin yüksək texnologiyalar ölkəsi olmasına baxmayaraq, bizdə seçkilərdə ultrabənövşəyi işıqlı cihazdan istifadə olunmur".
Azərbaycanda keçirlən prezident seçkilərində səsvermə prosesini izləyən Belçikanın Lyej Universiteti və Brüssel Universitetinin professoru Simon Pitermen bildirib ki, 12 seçki məntəqəsində müşahidə aparıb və heç bir qanun pozuntusu qeydə almayıb.
Qeyd edək ki, beynəlxalq müşahidəçilər təkcə paytaxtda deyil, bölgələrdə də seçki prosesini izləyiblər. Məsələn, MDB müşahidə missiyasının üzvləri Lerik rayonunda da seçki prosesini izləyib və apardıqları müşahidələrdən missiya razılıq ifadə edib. Bildirilib ki bölgələrdə də seçki prosesi yaxşı təşkil olunub. Missiyanın üzvü Natalya Jukova APA-nın cənub bürosuna açıqlamasında seçici fəallığı müşahidə olunduğunu deyib: "Mən birinci dəfə deyil ki, MDB-nin müşahidə heyətinin tərkibində yer alıram. Müşahidələrimə görə, bugünkü prezident seçkiləri çox aktiv keçir. Hər şey kifayət qədər yaxşı təşkil edilib, hər şey açıqdır. Sakinlərin böyük marağı var".
Yunanıstan Parlamentinin vitse-prezidenti Dimirtris Kamenos 12 dən artıq mənətəqədə apardığı müşahidələr zamanı heç bir qanun pozuntusu aşkarlanmadığını söyləyib: "Biz səsvermə günü 20-dən çox seçki məntəqəsində olmuşuq. Günün erkən saatlarında seçici sayı çox deyildi. Seçicilər saat 9-dan sonra seçki məntəqəsinə gəlməyə başladılar və saat 10-dan sonra məntəqələrdə xeyli insan var idi".
Vitse-prezident qeyd edib ki, onlar rəsmi müşahidəçilər olaraq neytral mövqedən prosesi izləyir: "Hər şey həddindən artıq təmizdir. Bu təmizlikdən çox təsirləndik. Seçki məntəqələrinin çox hissəsi məktəblərdədir. Biz seçki prosesini izləyən veb-kameralar gördük. Bu, demokratik və açıq proseslər üçün çox əhəmiyyətlidir. İnsanlar çox sakit, işçilər yaxşı təhsilli idi. Onlar öz işlərini tam ciddiyyətlə icra edirdilər. Hər kəs nə etməli olduğunu bilirdi. Məntəqələrdə heç bir dava və ya anlaşılmazlıq baş verməyib. Avropa ilə müqayisədə proseslər daha sürətlə gedir. Avropada bu proseslər seçiciləri bir qədər yorur. Qeyd etməliyəm ki, seçki məntəqələrində polis yox idi"
Prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Avropa Parlamentinin üzvü Deyvid Kembl isə deyib ki, səsvermə ədalətli və səmərəli keçib. Prosedurlər düzgün şəkildə yerinə yetirilib. D. Kemblın
Səsvermə prosesi zamanı bir neçə seçki məntəqəsində müşahidə apardığını vurğulayıb: "Seçicilərin yoxlanış prosedurlarından çox təsirləndim. Bu cür təhlükəsizliyə xidmət edən prosedurlar iki dəfə səs verməyin qarşısını alır. Birləşmiş Krallıqda keçirilən bəzi seçkilərdə seçicilər şəxsiyyət vəsiqələrini göstərmirlər. Təhlükəsizlik baxımından burada vəziyyət daha yaxşıdır. Düşünürəm ki, təhlükəsizlik məsələlərinə Azərbaycanda daha ciddi əhəmiyyət verilir. Bizim getdiyimiz sonuncu seçki məntəqəsi çox qaynar idi. Həmin məntəqədə 1300 nəfər səs vermişdi. Bu göstərici bir seçki məntəqəsi üçün kifayət qədər qənaətbəxşdir. Seçki məntəqəsində seçicilər uzun sıralar yaratmışdılar ki, bu da çox təsirlidir".
Göründüyü kimi, Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərinin təşkili, səsvermə prosesində ortaya qoyulan şəffaflıq, yaradılan şərait beynəlxalq müşahidəçilər tərəfindən də təqdir olunur, yüksək qiymətləndirilir. Seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin birmənalı olaraq mövqeyi ondan ibarətdir ki, Azərbaycanda 11 aprel prezident azad və ədalətli, demokratik qaydada baş tutub. Ölkəmiz 11 aprel seçkiləri ilə bir daha demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib və dünyaya demokratiya nümunəsi göstərib.
S.İsmayılbəyli